Vətən müharibəsində Böyük Zəfərimiz şərəfli olduğu qədər, Şuşanın alınması bu epopeyanın ən parlaq səhifəsi sayılır. Xalqımıza məhz Şuşada Qələbə sevincini yaşadan qəhrəmanlardan biri də Yaşar Hüseynovdur. O 26 ildir ki, Azərbaycan Ordusunda xidmət edir. Sinəsində “Vətən Müharibəsi Qəhrəmanı” medalını qürurla gəzdirir.
Yaşar Hüseynov 1981-ci ildə Ağdam rayonunun Abdal kəndində dünyaya gəlib, ailənin sonbeşiyidir. Gözünü açandan evlərində döyüşçü görüb, elə döyüşçü kimi də böyüyüb. Üç qardaşı Birinci Qarabağ müharibəsində iştirak edib. Onlardan Füzuli Hüseynov 1994-cü il aprelin 16-da rayonun Yusifcanlı kəndində şəhid olub, qazi Fərman və Sadiq isə müharibə veteranlarıdır.
Yeni əsrin ilk ilində müddətli həqiqi hərbi xidmətə çağırılan Yaşar Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan “Gizir Hazırlığı Kursu”na qatılıb və 2001-ci ilin martından böyük cəsarət, hünər tələb edən həmin qurumun hərbi hissələrindən birində qulluq etməyə başlayıb. 2014-cü il Gülüstan əməliyyatı, 2016-cı il Aprel döyüşlərində igidliyi ilə seçilib. I, II və III dərəcəli “Qüsursuz xidmətə görə”, II və III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”, “Şücaətə görə” medallarına və bir sıra yubiley təltiflərinə layiq görülüb.
Vətən müharibəsinin ilk döyüşlərində Yaşar komandanlığın tapşırığını icra edərkən ağır yaralanıb. Füzuli və Mingəçevir xəstəxanalarında bir neçə gün müalicə alıb, amma yarı canı elə səngərlərdə olan baş gizir “Adım Yaşardırsa, mənə heç nə olmaz!” deyərək, tam sağalmamış cənub istiqamətindəki qaynar nöqtələrə qayıdıb və Şuşanın ən uca zirvəsinə qədər gedib.
Yaşar Hüseynov Şuşada son nöqtəsi qoyulan 44 günlük Zəfər dastanının kulminasiyasında qərar tutub. O, düşmənin Şuşa şəhərində Duma binasının üzərinə sancdığı bayrağı çıxararaq Azərbaycanın Dövlət Bayrağını ən uca yerdən asıb. Ardınca da düz 28 ildən sonra azan oxuyub. Azərbaycan Ordusunun yenilməzliyindən qəlbi ehtizaza gətirən o kadrları necə böyük sevinc və göz yaşları ilə izlədiyimizi ömrümüz boyu xatırlayacağıq.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında” 2020-ci il 9 dekabr tarixli sərəncamına əsasən baş gizir Yaşar Hüseynov da həmin şərəfə layiq görülüb. O, həmçinin, Cəbrayılın və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. 2021-ci ilin may, iyun və iyul aylarında Kəlbəcər rayonu ərazisində, Basarkeçər istiqamətində sərhədlərin delimitasiyasında, o cümlədən 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı çərçivəsində Xankəndi və ətraf kəndlərin azad olunmasında yaxından iştirak edib.
Yaşar Hüseynov öz döyüş yolu haqqında danışmağı elə də sevmir. Bu barədə verilən sualları qısaca cavablandırır. Məsələn, Bakı Xoreoqrafiya Akademiyasında keçirilən görüşdə yalnız bu sözlərlə kifayətlənib: “Şuşanın azad edilməsi uğrunda döyüşə qatıldığımız zaman, təbii ki, canlı itkilərimiz oldu. Amma əldə etdiyimiz qələbə ilə şəhidlərimizin qanını yerdə qoymadıq. Vətən bizə əcdadlarımızdan mirasdır. Onu göz bəbəyimiz kimi qorumağa, lazım gələrsə, yolunda canımızdan keçməyə hər zaman hazırıq”.
Bəli, Yaşar Hüseynov kimi mərd, igid oğullarımız ordumuzun qələbə əzmini dünyaya nümayiş etdirərək, adlarını tarixə qızıl hərflərlə yazıblar. Müzəffər Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti və Silahlı Qüvvələrimizin misilsiz şücaəti sayəsində 44 günlük Vətən savaşı Azərbaycan xalqının mübarizlik və əyilməzlik rəmzinə çevrilib.
Əli NƏCƏFXANLI
XQ