Çinin süni intellektlə əlaqəli ixracatı saatda orta hesabla 500 milyon dollar gəlir gətirir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Goldman Sachs” və “Nomura Holdings” şirkətlərinin hesablamalarına istinadən məlumat yayıb.
Çinin aprel ayında ixracı rekord həddə çataraq, əvvəlki ilə nisbətən 14% artaraq 359 milyard dollar olub. Analitiklərin fikrincə, bu ixrac artımının təxminən yarısı yarımkeçiricilər, kompüterlər və komponentlər də daxil olmaqla süni intellektlə əlaqəli məhsullardan əldə edilib.
Müəyyən kateqoriyalarda da kəskin artım qeydə alınıb. Mikroçip ixracı təxminən 100% artıb, noutbuk və planşetlər də daxil olmaqla, məlumat emalı avadanlıqlarının tədarükü isə 47% artıb.
Eyni zamanda, yüksək texnologiyalı məhsulların idxalında da artım var. Xaricdən bu cür malların alışı 42% artmışdır ki, bu da istehsal zəncirlərinin xarici təchizatdan asılılığını əks etdirir.