AZ

Natiq Məmmədli: Sülh siyasətində söz və əməl harmoniyası əsasdır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, Prezident İlham Əliyevin sülh çağırışlarının mediada və cəmiyyətdə geniş diqqət qazanmasının əsas səbəbi sözlə əməl arasında yaradılan aydın harmoniyadır.

Onun sözlərinə görə, Azərbaycan sülhü, sadəcə, siyasi şüar kimi deyil, real dövlət iradəsinə söykənən strateji xətt kimi təqdim edir və bu yanaşma onu başqa siyasi liderlərin ritorikasından prinsipial şəkildə fərqləndirir.

Natiq Məmmədli deyib ki, Azərbaycan mediası sülhün yalnız izləyicisi deyil, həm də onun fəal təbliğatçısı olmalıdır. Onun fikrincə, sülh prinsiplərinin cəmiyyətə çatdırılması media üçün həm peşəkar, həm də mənəvi bir missiyadır və bu istiqamətdə jurnalistlərin üzərinə ciddi məsuliyyət düşür.

O, həmçinin vurğulayıb ki, ölkənin yaxın tarixi səhifələrində yer alan ATƏT-in Minsk Qrupu kimi mexanizmlər sülhə xidmət edən deyil, əksinə prosesi imitasiya edən bir fəaliyyət modeli ilə yadda qalıb.

Politoloq Tofiq Zülfüqarov isə çıxışında ATƏT formatının münaqişə dövründə gözlənilən nəticəni vermədiyini bildirib. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində Azərbaycan beynəlxalq vasitəçilik institutlarına ümid etsə də, zaman göstərdi ki, bu mexanizmlər daha çox status-kvonun saxlanmasına xidmət edib.

Politoloq əlavə edib ki, 2020-ci ildə Azərbaycan beynəlxalq hüququn özünümüdafiə prinsipinə əsaslanaraq ərazilərini işğaldan azad etdi və separatçı qüvvələrə son qoydu.

Daha sonra Milli Məclisin deputatları Fariz İsmayılzadə və Rizvan Nəbiyev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda sülh prosesinin yeni mərhələsi, regionda formalaşan reallıqlar və Azərbaycanın təşəbbüskar rolu vurğulanıb.

Tarixçi Rizvan Hüseynov isə Fransanın region siyasətinə dair yanaşmalarını şərh edərək müxtəlif aspektlərə toxunub.

Tədbir jurnalistlərin sualları ilə davam etdirilib və müzakirələr açıq dialoq formatında yekunlaşıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
bizimyol.info

1Mənbələr