AZ

"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas

style='margin-bottom:10px;'>

“Mənim üçün burada olmaq böyük şərəfdir. Ardıcıl ikinci il kubokun finalında oynayacağıq. Hər ölkədə kubok finalı çox böyük hadisədir”.

QOL.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas sabah Azərbaycan kubokunun finalında “Zirə”yə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Litvalı mütəxəssis oyunu səbirsizliklə gözlədiklərini söyləyib: “Adətən mövsümün sonunda keçirilən finalda bəzi klublar titul qazanmaq üçün gözəl fürsət əldə edirlər. Bəzi ölkələrdə superkubok da var. Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibimiz "Zirə"ni də təbrik edirəm ki, finala çıxıblar. Düşünürəm ki, sabah meydanda hər iki komanda çox yaxşı oyun göstərəcək. Hər kəsi tribunalara çağırıram. İnanıram ki, azarkeşlər oyundan həzz alacaqlar. Ötən mövsüm kuboku qazanmışıq. Çalışacağıq ki, yenidən bu titulu əldə edək. Çox finallar görmüşəm. Bilirəm ki, finallar hər iki komanda üçün necə çətin olur. Düşünürəm ki, sabahkı oyunda dram, çoxlu qollar, həyəcanlı oyun görəcəyik. İstərdim ki, meydançadan ən yaxşı olan komanda qalib ayrılsın”

“Sabah”ın “Zirə" ilə son matçını 2:2 hesabı ilə nəticələnib. V. Dambrauskas sabah da belə olacağı halda penaltilərə hazır olduqlarını vurğulayıb: “Kubokun finalı Mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Bizim üçün tarixi fürsətdir. Hamımız əlimizdən gələni edəcəyik ki, titula yenidən yiyələnək. Buna nail olsaq, klubun adını tarixə yazdıracağıq. Hər cür nəticə ola bilər, oyun əlavə vaxta da gedə bilər. Bu matçda dram görə bilərik. Yorğunluq da ola bilər. Sonlarda oyunçuların necə olacağını deyə bilmərəm. Amma penaltiləri məşq etmişik. Futbolçularım hər məşqdən sonra bunu edirlər. Lazım olsa, bilirik ki, kimə güvənə bilərik”.

Azərbaycan kubokunun final matçı "Zirə" və "Neftçi"nin avrokubok taleyini həll edə bilər. Dambrauskas isə buna görə təzyiq hiss etmədiklərini deyib: “Öz üzərimizdə necə təzyiq hiss edə bilərik ki? Bu suallara bir az nifrət edirəm. Kubok finalıdır, hər iki komanda üçün tarixi oyundur. Başqa şeylər haqda düşünmürük, sadəcə öz oyunumuzu düşünürük. Üçüncü komanda necə olacaq, bizi maraqlandırmır. Əgər qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik. Uduzsaq, onları məyus edəcəyik. Başqa şeyi düşünmürük. Digər komanda da bu cür düşünür. Özümüz öz üzərimizdə təzyiq hiss edirik. Özümüz üçün oynayacağıq. Başqalarının taleyi bizi maraqlandırmır”.

Baş məşqçi “7 titul qazanmısız. "Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında iki dəfə final oynayıb. Bunlar sizə və Rəşad Sadıqova hansısa üstünlük verirmi” sualını belə cavablandırıb: “Əlbəttə ki, fərqli duyğulardır. Keçmişdə qazanılan uğur artıq keçmişdə qalıb. Çünki o uğuru fərqli komandalarla əldə etmişəm. Mənə görə finallar baş məşqçilərə o qədər təcrübə vermir. Təcrübəni hər gün məşqlərdə, yanaşma ilə əldə edirsən. Finallar səni yaxşı məşqçi etmir. Rəqib də, biz də əlimizdən gələni edəcəyik ki, sabah qalib olaq. İstəyərdim ki, sabah dramatik, həyəcanlı oyun olsun”.

O, “Zirə”nin beşli müdafiə ilə oynamasına hazırlaşıb-hazırlaşmadıqları barədə belə danışıb: “Hər şeyi sizə desəm, marağı qalmayacaq. Bu rəqibə qarşı hazırlaşmaq çətindir. "Zirə" ilə artıq üç dəfə oynamışıq. Dəfələrlə onların oyunlarına baxmışam, təhlil etmişəm. Bir-birimizi heç də böyük sürprizlər gözləmir. Çox yaxşı tanıyırıq bir-birimizi. Bu oyunun taleyini kiçik detallar həll edəcək. Əvvəlki oyunlara necə hazırlşamışıqsa, bu matça da elə hazırlaşacağıq. Bizim A, B, C planlarımız olur ki, sürətli reaksiya verək. Üzərimizdə çox təzyiq yoxdur. Sabah təzyiqsiz oynayacağıq. İstəyərdim ki, çox yaxşı oyun nümayiş etdirək. İstədiyimiz oyunu göstərsək, sabah ən yaxşı komanda olacağıq”.

Dambrauskas kubokun final oyununun əvvəlki llərdən fərqli olaraq çempionat bitməmiş keçirilməsinə də münasibət bildirib: “Səmimi desəm, bu barədə fikrim yoxdur. Çünki ölkədə qaydalar necədirsə, ona hörmət edirik. Təşkilatçılara hörmət edirik. Önəmi yoxdur mənim üçün. Bu ölkənin böyük futbol tarixi var, biz kimik ki, gələk nələrisə dəyişməyə çalışaq. Oyunları tərbit edərkən təqvim önəmlidir. Hansı gün lazımdırsa, o gün də oynayacağıq. Bu barədə nəsə deməyim düzgün olmazdı”.

Baş məşqçi "Omoniya"nı çalışdırarkən "Zirə"ni 6:0 məğlub etmələri, bu mövsüm isə onlara 3:0 və 3:1 qalib gəlmələrinin sabahkı matçda rəqibi daha aqressiv etmə ehtimalı ilə bağlı da sualı cavablandırıb: "Bu, finaldır. Bu cür staitstikanın heç bir mənası yoxdur. Final hər iki komanda üçün çox önəmlidir. "Omoniya"da olarkən Bakıda 1:0 məğlub olmuşduq. Keçmiş oyunların sabahkı finala heç bir təsiri yoxdur. Biz bir-birimizi tanıyırıq. Final elə oyundur ki, hər şey baş verə bilər. Düşünürəm ki, hər iki komanda çox aqressiv olacaq, qalib gəlmək istəyəcək. İstəyərdim ki, azarkeşlər bu oyundan həzz alsınlar. Səbirsizliklə sabahkı matçı gözləyirik”.

Litvalı mütəxəssis “Zirə”nin avrokuboklara vəsiqə qazanmaq istəyinin daha çox olmasının onlara problem yaratmaq ehtimalından da danışıb: “Onlar bizə, biz də onlara problem yaratmağa çalışacağıq. Bu, meydançaya çıxarkən hər iki komandanın düşündüyü tapşırıqdır ki, bir-birinə problem yaratsınlar. Sabah az səhv edən komanda qalib olacaq. İnşallah sabah ən yaxşı komanda meydandan qalib ayrılar”.

Seçilən
33
6
teleqraf.com

8Mənbələr