AZ

Nigeriyada qızdırmadan ölənlərin sayı 190 nəfərə çatıb

Nigeriyada heyvandan insana keçən və ölümcül olan Lassa qızdırması səbəbindən ölüm halları artıb. 

Anadolu Agentliyi xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin son hesabatına görə, ilin əvvəlindən bəri bu xəstəlikdən həyatını itirənlərin sayı 190 nəfərə yüksəlib. Keçən ilin eyni dövründə yoluxanların 19,1 faizi həyatını itirirdisə, bu il bu göstərici 25,2 faizə yüksəlib. Yeni yoluxma sayında azalma müşahidə olunsa da, xəstələrin xəstəxanalara gec müraciət etməsi ölüm sayını artıran əsas səbəblərdən biri kimi göstərilir. Küçən il ərzində də ölkədə ümumilikdə 190 nəfər bu virusdan dünyasını dəyişmişdi.

Qeyd edək ki, Lassa qızdırması ilk dəfə 1969-cu ildə Nigeriyada aşkarlanıb və o vaxtdan bəri bir çox Afrika ölkəsində (Mali, Toqo, Qana, Liberiya və s.) yayılmaqdadır. Xəstəlik əsasən, siçovul və digər gəmiricilərin ifrazatları ilə təmas vasitəsilə keçir. Həmçinin insandan insana da yoluxma mümkündür. Ölümcül qanamalı qızdırmaya səbəb olur. Səhiyyə mütəxəssisləri əhalini gəmiricilərdən uzaq durmağa və gigiyena qaydalarına ciddi əməl etməyə çağırır.

Nigeriya hökuməti hələ 2019-cu ildə bu xəstəliklə bağlı ölkədə fövqəladə vəziyyət elan etmişdi.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
111
azerbaijan-news.az

1Mənbələr