AZ

Barış Manço yenə könülləri birləşdirdi Əbülfəz Süleymanlı Sosioloji baxış

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Bəzən cəmiyyət öz böyük həqiqətlərini uzun hesabatlarda, qalın nəzəri kitablarda və yorucu müzakirələrdə yox, bir uşağın təbəssümündə, bir səhnənin işığında, bir mahnının ritmində daha aydın görür. Elə anlar olur ki, sadə görünən bir görüntü bizə tərbiyənin, sənətin, müəllim əməyinin və uşaqlarla qurulan səmimi bağın nə qədər dərin ictimai məna daşıdığını xatırladır.

Keçən həftə Türkiyə sosial mediasında geniş yayılan görüntülər də belə anlardan biri oldu. Zonguldakın Kozlu ilçəsində Kozlu Ortaokulunun direktoru İbrahim Uğur Metinin şagirdlərlə birlikdə 90-cı illərin mahnılarına həsr olunmuş konsertdə əfsanəvi sənətkar Barış Mançonun “Müsaadenizle Çocuklar” mahnısını ifa etməsi ilk baxışda nostalji ovqat yaradan səmimi və əyləncəli bir səhnə təsiri bağışladı. Lakin bu görüntünün cəmiyyətdə bu qədər qarşılıq tapmasının səbəbi təkcə mahnının populyarlığı və ya direktorun səsinin Barış Mançonu xatırlatması ilə izah oluna bilməz. Əsas məsələ daha dərində idi: insanlar həmin anda müasir texnogen cəmiyyətin səs-küyü içində hələ də sönməyən saf insanlığı, uşaqlara yönələn səmimi sevgini, səssiz əməyin işığını və çoxdan həsrətini çəkdiyimiz yaxşılıq halını yenidən hiss etdilər.

Təhsil ocağı sadəcə bilik ötürən, imtahana hazırlayan və nizam-intizam tələb edən qurum kimi düşünülməməlidir. O, uşağın ilk ictimai təcrübə məkanlarından biridir. Uşaq burada oxumağı, yazmağı və hesablamağı öyrəndiyi qədər başqaları ilə bir yerdə dayanmağı, öz səsini eşitdirməyi, ritmə qoşulmağı və kollektiv sevincin nə olduğunu da mənimsəyir. Bu mənada səhnəyə çıxan uşaq təkcə mahnı oxumur; cəmiyyət içində var olmağın ilk məşqini edir.

Kozluda yaşanan hadisənin simvolik tərəfi də məhz buradadır. Bir məktəb rəhbərinin rəsmi mövqedən enərək uşaqlarla eyni ritmdə dayanması, onlarla birlikdə oxuması və sevinməsi təhsilin soyuq idarəçilik dili ilə yox, insan münasibəti ilə canlandığını göstərir. Uşaq üçün müəllim və rəhbər yalnız qayda qoyan, xəbərdarlıq edən, məsafə saxlayan fiqur kimi qalmamalıdır. Bəzən onun dünyasına daxil olan, sevincinə ortaq olan böyüklər yaddaşlarda daha dərin iz buraxır.

Burada incəsənətin tərbiyəvi gücünü ayrıca vurğulamaq lazımdır. İncəsənət məktəb həyatının kənarında qalan sadə bir əyləncə və ya asudə vaxt məşğuliyyəti kimi görülə bilməz; o, uşağın daxili dünyasını və estetik zövqünü formalaşdıran, dilinə, davranışına, özünüifadə imkanlarına və özünə baxışına təsir edən dərin sosial-tərbiyəvi vasitədir. Təsadüfi deyil ki, Yuval Noah Harari kimi çağdaş düşünürlər də süni intellekt dövründə uşağın yalnız texniki biliklərlə deyil, yaradıcılıq, incəsənət, emosional çeviklik və psixomotor bacarıqlarla birlikdə inkişaf etdirilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayırlar. Çünki gələcəyin insanı informasiya daşımaqla kifayətlənməyəcək; hiss edən, düşünən, yaradan və dəyişən dünyaya uyğunlaşa bilən insan olacaq.

Xüsusilə bayağılıqdan uzaq, sözündə məna, ritmində ölçü, ruhunda incəlik daşıyan musiqi uşağı həm əyləndirir, həm də tərbiyə edir. Yaxşı musiqi onun iç dünyasında nizam yaradır; gözəlliyi duymağı, ahəngi hiss etməyi və emosiyasını daha sağlam şəkildə ifadə etməyi öyrədir. Bu baxımdan musiqi bəzən bir dərs saatından daha güclü tərbiyəvi təsirə malik olur.

İdman da təhsilin tərbiyəvi dünyasının ayrılmaz hissəsidir. Uşaq idmanla intizamı, komanda ruhunu, məğlubiyyətlə barışmağı və yenidən başlamağı öyrənir. Sənət ona duyğu və estetik zövq qazandırırsa, idman da iradə və sosial məsuliyyət aşılayır. Bu baxımdan məktəbdə sənət və idman uşağın sosial xarakterini quran əsas sahələrdən biridir.

Müasir təhsil çox vaxt ölçülə bilən nəticələrə sıxışdırılır: bal, imtahan, reytinq, göstərici. Halbuki uşağın inkişafı yalnız rəqəmlərlə izah edilə bilməz. Özünəinam, sevinc, aidiyyət hissi, estetik zövq, məktəbə bağlılıq, müəllimə etibar və dostlarla paylaşılmış xatirə kimi dəyərləri cədvəllərdə göstərmək çətindir. Gələcək həyatında bəzən aldığı qiymətdən çox, səhnədə eşitdiyi alqış, müəlliminin ona inamla baxması və dostları ilə yaşadığı səmimi an qalır.

Son dövrlərdə təhsil mühiti ilə bağlı daha çox narahatedici xəbərlərlə qarşılaşırıq: şiddət, aqressiya, təhlükəsizlik problemi, müəllim-şagird münasibətlərində gərginlik, valideynlərin artan qayğıları. Belə bir atmosferdə uşaqların səsini, sevincini və müəllimlə qurulan sağlam münasibəti göstərən hər müsbət nümunə cəmiyyət üçün mənəvi nəfəs rolunu oynayır. İnsanlar belə görüntülərə sadəcə “gözəl video” kimi baxmır; həmin görüntüdə itirmək istəmədikləri bir təhsil idealını görürlər.

Bu gün həm Türkiyədə, həm Azərbaycanda, həm də Türk dünyasının müxtəlif bölgələrində uşaqları yalnız imtahana deyil, həyata hazırlamaq üçün böyük zəhmət çəkən çox sayda müəllim və məktəb rəhbəri var. Onların əməyi bəzən sinif otağında, bəzən tədbir zalında, bəzən idman meydançasında, bəzən də bir mahnının içində görünür. Təəssüf ki, bu cür müsbət nümunələr çox vaxt gündəmin səs-küyü içində kölgədə qalır. Halbuki cəmiyyətin sağlam gələcəyi yalnız böyük islahat sənədləri ilə deyil, bu cür kiçik və səmimi tərbiyə anları ilə də qurulur.

Burada bir məqama da diqqət etmək vacibdir. Məktəb tədbirləri sosial media vitrini üçün hazırlanmış görüntülərə çevrilməməlidir. Əsas məsələ videonun neçə dəfə izlənməsi, nə qədər bəyənilməsi və paylaşılması yox, uşağın həyatında hansı mənanı yaratmasıdır. Əgər belə fəaliyyətlər onun özünü ifadəsinə, məktəbə bağlılığına, estetik tərbiyəsinə və sosial inkişafına xidmət edirsə, ictimai görünürlük də faydalı olur. Lakin səhnə uşağın iç dünyasını açdığı məkan kimi qalmalı, sosial media üçün qurulmuş süni dekorasiyaya çevrilməməlidir.

Bu hadisə ailə-məktəb münasibəti baxımından da mənalıdır. Valideynlər məktəbdən təkcə dərs nəticəsi gözləmir. Onlar övladlarının təhlükəsiz, qayğıkeş, mədəni və inkişaf etdirici bir mühitdə böyüməsini istəyirlər. Uşağın burada sadəcə “şagird” kimi deyil, duyğusu, istedadı, sevinci və fərdiyyəti olan bir insan kimi qəbul edilməsi ailə ilə məktəb arasında etimadı gücləndirir. Çünki yaxşı məktəb ailəyə yalnız nəticə təqdim etmir; uşağın ruhuna toxunan mühit yaradır.

Barış Mançonun bu hadisədə ayrıca bir yeri var. O, yalnız Türkiyənin deyil, bütövlükdə Türk dünyasının mədəni yaddaşında özünəməxsus mövqe tutan sənətkarlardan biridir. Onun yaradıcılığı sadəcə musiqidən ibarət deyildi; xalq hikmətini, uşaq dünyasını, ailə dəyərlərini, dilin incəliyini və müxtəlif coğrafiyalarda yaşayan insanlar arasındakı mənəvi yaxınlığı öz səsində birləşdirə bilirdi. “7’den 77’ye” ifadəsi də onun sənətinin mahiyyətini göstərirdi: o, nəsilləri ayırmır, əksinə, onları eyni duyğuda görüşdürürdü.

İllər sonra Barış Manço yenə bir mahnı ilə uşaqları, müəllimləri, valideynləri və geniş cəmiyyəti ortaq bir hiss ətrafında birləşdirdi. Bu dəfə onun səsi bir səhnədə, uşaqların sevincində, müəllimlərin zəhmətində və cəmiyyətin təhsildən gözlədiyi mənəvi ümiddə yenidən eşidildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
525.az

1Mənbələr