AZ

Dünya aviasiyası böyük zərərdə: Yanacağın bahalaşması hava nəqliyyatında qiymətləri artırır

İran münaqişəsi, xüsusilə Hörmüz boğazının fəaliyyətində yaranan ciddi problemlər bütün dünya boyu aviaşirkətlərə zərər vurur. Bu şirkətlər həm müharibəyə görə Yaxın Şərqin tələbatlı yerlərinə uçuşları məhdudlaşdırırlar, həm də artan yanacaq xərclərinin yaratdığı problemlərlə üzləşirlər.

Hələ mart ayında dünya aviasiya şirkətlərinin İran münaqişəsinə görə Yaxın Şərq səmasının bağlanması nəticəsində icra olunmayan reyslərə görə 53 milyard dollar itirdiyinə dair hesabat açıqlanmışdı.

Reuters-in məlumatına görə, yaranmış vəziyyətdə dünya üzrə daşıyıcılar yanacaq xərclərindəki artımı kompensasiya etmək üçün bilet qiymətlərini qaldırır və marşrutları ixtisar edirlər.

Bu günlərdə “Financial Times” qəzeti Goldman Sachs analitiklərinin hesablamalarına istinadən təxminən 45 günlük qlobal neft məhsullarının – benzin, dizel və reaktiv yanacaq ehtiyatlarının qaldığına dair məlumat yayıb. Qeyd edilir ki, Asiya və Afrikada ehtiyatlar xüsusilə sürətlə tükənir. Bu fonda neftin qiyməti artmaqda davam edir və analitiklər ehtiyatlar kritik səviyyələrə çatdıqdan sonra xam neftin qiymətlərində kəskin artımın mümkünlüyü barədə xəbərdarlıq edirlər.

Nəşrə görə, qlobal neft ehtiyatları təkcə aprel ayında təxminən 200 milyon barel azalıb. Yəni gündə təxminən 6,6 milyon barel. Bu da normaldan xeyli yüksəkdir.

“Bu, normal diapazondan xeyli yüksək olan çox böyük bir rəqəmdir. Qaçılmaz bazar hesablaşması gəlir”, - S&P şirkətinin xam neft tədqiqatlarının rəhbəri Cim Burkhard bildirib.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri xam neftdən istehsal olunan təyyarə yanacağının qiyməti 80 faizdən çox artıb. Bu da öz növbəsində dünyanın hər yerindəki aviaşirkətləri bilet qiymətlərini qaldırmağa, uçuş mövcudluğunu azaltmağa və ya hər ikisini etməyə məcbur edir.

Ən bariz nümunə Amerikanın aşağı büdcəli daşıyıcısı Spirit Airlines-dir. 2 mayda şirkət fəaliyyətini tamamilə dayandırdığını elan edib. Bunun əsas səbəbi yanacaq qiymətlərinin "göy üzünə çıxması"dır.

Aviasiya təhlil mərkəzi Cirium-a görə, ABŞ və Çindən Yaponiyaya, Avstraliyaya və Avropanın böyük bir hissəsinə qədər dünya üzrə aviaşirkətlər 1 iyundan 30 sentyabra qədər cədvəllərindən 9,3 milyon yeri siliblər. Yaxın Şərq xüsusilə ağır zərbə alıb. Daşıyıcılar hələ də İranın Dubay və Doha kimi regional mərkəzlərə hücumlarına cavab olaraq hava məkanının bağlanmasından əziyyət çəkirlər. Təkcə Qatar Airways iyundan oktyabr ayına qədər olan dövrdə iki milyon yeri silib. Emirates və Etihad Airways (BƏƏ) müvafiq olaraq 700.000 və 450.000 yeri azaldıblar.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Uolş xəbərdarlıq edib ki, Avropa və Asiyanın bəzi bölgələri qarşıdakı həftələrdə təyyarə yanacağı çatışmazlığı ilə üzləşə bilər: "Hamı təyyarə yanacağı ilə bağlı vəziyyəti izləyir. Hələlik yay mövsümü səyahət üçün adi məşğul vaxt olacaq. Lakin aviaşirkətlərin dayanıqlılığı yanacaq təchizatının və qiymətlərinin sabitləşməsindən çox asılı olacaq".

Artıq dünyanın əksər böyük aviaşirkətləri artan yanacaq xərclərinə görə zərərlərini və onu kompensasiya etmək üçün addımları açıqlayıblar.

British Airways, Aer Lingus və Iberia şirkətlərinin daxil olduğu International Airlines Group-un təyyarə yanacağına çəkdiyi xərc  2 milyard avro artacaq. Financial Times mənbələrə istinadən xəbər verir ki, xərclərin artmasına Yaxın Şərqdəki münaqişə səbəb olub.

Bloomberg agentliyi ABŞ aviaşirkətlərinin xərclərinin mart ayı ərzində 56 faiz artdığına dair məlumat yayıb.

ABŞ-ın Delta Air Lines şirkəti təkcə mart ayında təyyarə yanacağının qiymətlərinin kəskin artmasının aviaşirkətin xərclərini 400 milyon dollara qədər artırdığını bildirib.

American Airlines həmçinin yanacaq xərcləri səbəbindən birinci rübdə xərclərin 400 milyon dollar artacağını gözləyir.

Çinin ən böyük üç aviaşirkəti olan Air China, China Southern Airlines və China Eastern Airlines daxili uçuşlarda yanacaq əlavə haqlarını 500 faiz artırıb: 800 km-dən qısa marşrutlar üçün 60 yuana (8,80 dollar) və daha uzun uçuşlar üçün 120 yuana (17,60 dollar) qədər.

-Air France-KLM bu il yanacaq xərclərinin 2,4 milyard dollar artacağını gözlədiyini və uçuş artımına dair proqnozunu əvvəllər gözlənilən 3-5 faizdən 2-4 faizə endirdiyini açıqlayıb. Şirkət həmçinin uzun məsafəli uçuşlarda bilet qiymətlərini artırmaq planlarını da açıqlayıb: gediş-dönüş biletləri 50 avro artacaq.

- Air India qeyri-texniki işçilərin məzuniyyətə göndərilməsi və növbəti üç ay ərzində uçuş tutumunun 20 faizdən çox azaldılmasını müzakirə edir. Şirkət həmçinin daxili uçuşlarda sabit yanacaq əlavə haqqını məsafə əsaslı sistemlə əvəz edəcəyini açıqlayıb.

- ABŞ aviaşirkətlər bazarının liderlərindən biri olan American Airlines 2026-cı ildə yanacaq xərclərinin 4 milyard dollardan çox artacağını gözləyir. Şirkət daxili və qısa məsafəli beynəlxalq uçuşlarda birinci və ikinci qeydiyyatdan keçmiş baqaj üçün rüsumları 10 dollar, üçüncü qeydiyyatdan keçmiş baqaj üçün isə 150 dollar artırıb, həmçinin ekonom sinif sərnişinləri üçün bəzi güzəştləri azaldıb.

- Avropanın aşağı büdcəli aviaşirkəti EasyJet, mart ayında əlavə 25 milyon funt sterlinq yanacaq xərcləri də daxil olmaqla, yarım illik 540-560 milyon funt sterlinq (732-759 milyon dollar) zərərlə bağlı xəbərdarlıq edib.

Almaniyanın Lufthansa şirkəti artan yanacaq qiymətlərinin 2026-cı ildə qrupa 1,7 milyard avroya başa gələcəyini açıqlayıb. Onun törəmə şirkəti olan ITA Airways artan yanacaq xərclərini kompensasiya etmək üçün 2026-cı ildə bilet qiymətlərini 5-10 faiz artıracaq. Lufthansa həmçinin qısa və orta məsafəli uçuşlar üçün yeni Economy Basic tarifini təqdim etdi ki, bu da sərnişinlərə yalnız noutbuk çantası və ya kiçik bel çantasını pulsuz daşımağa imkan verəcək. Aviaşirkət əvvəllər 2026-cı ilin oktyabr ayına qədər qısa məsafəli uçuş cədvəlini 20.000 avro azaldacağını açıqlamışdı.

Türk Hava Yolları və Lufthansa arasında birgə müəssisə olan SunExpress Türkiyə ilə kontinental Avropa arasında uçuşlarda sərnişin başına müvəqqəti olaraq 10 avro yanacaq əlavə haqqı tətbiq edəcək.

Türkiyənin aşağıbüdcəli aviaşirkəti olan Pegasus Airlines 2026-cı ilin birinci rübünü 163 milyon avro xalis zərərlə başa vurub. Şirkətin açıqladığı rüblük hesabata əsasən Pegasus Airlines 2026-cı ilin birinci rübündə satış gəlirlərini ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıraraq 642 milyon avroya çatdırb. Lakin ümumi xərclərin 11faiz artaraq 750 milyon avroya çatması nəticəsində şirkət birinci rübdə 153 milyon avro xalis zərər elan edib. Keçən ilin eyni dövründə xalis zərər 62 milyon avro olmuşdu.

Şirkətin açıqlamasına görə, zərər 3 dəfəyə yaxın yüksəlməsinə yanacaq qiymətlərinin artmasına səbəb olan yüksək geosiyasi gərginliklər, artan texniki xidmət xərcləri və çətin bazar şərtləri səbəb olub.

Dünya,
Musavat.com

Seçilən
65
musavat.com

1Mənbələr