Magistraturaya qəbul üzrə ikinci cəhd imtahanı mayın 17-də keçiriləcək və artıq minlərlə bakalavr həyəcanlı gözlənti içindədir. Bu il qəbul prosesində ən çox müzakirə olunan məsələlərdən biri isə ixtisaslar üzrə keçid ballarının necə dəyişəcəyi ilə bağlıdır. Xüsusilə ilk imtahan mərhələsinin nəticələri, vakant yerlərin sayı və magistr təhsilinə marağın artması builki keçid ballarının əvvəlki illərlə müqayisədə fərqli formalaşa biləcəyi ehtimalını gündəmə gətirib.
Məlumata görə, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün ümumilikdə 23 078 bakalavr qeydiyyatdan keçib. Bu isə kifayət qədər yüksək rəqəm hesab olunur və rəqabətin daha da sərtləşəcəyini göstərir. Bəzi ekspertlər hesab edirlər ki, bəzi populyar və əmək bazarında daha çox tələb olunan ixtisaslarda keçid balları arta bilər. Eyni zamanda müəyyən sahələrdə marağın azalması və vakant yerlərin çoxluğu keçid ballarının aşağı düşməsinə səbəb ola bilər.
Ən çox artım gözlənilən istiqamətlər sırasında informasiya texnologiyaları, kompüter elmləri, data analitikası, süni intellekt, maliyyə, biznesin idarə olunması, beynəlxalq münasibətlər və hüquq kimi ixtisasların adı çəkilir. Son illərdə əmək bazarında məhz bu sahələr üzrə kadrlara tələbatın artması magistratura pilləsində də rəqabəti gücləndirib. Xüsusilə İT və rəqəmsal texnologiyalar sahəsində təhsil almaq istəyənlərin sayında ciddi artım müşahidə olunur. Bu səbəbdən həmin ixtisaslarda keçid ballarının yüksələcəyi ehtimal edilir.
Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, son iki ildə magistratura üzrə keçid ballarında xeyli enmələr müşahidə olunur.

Ekspertin fikrincə, bunun əsas səbəbi isə ondan ibarətdir ki, magistratura təhsili əmək bazarında hələ də tam şəkildə öz yerini tapa bilməyib:
"Yəni magistraturanı bitirən şəxslərin əksəriyyətinə baxdıqda görürük ki, onların bir qismi doktoranturaya hazırlaşmaq, bir qismi hərbi xidmətlə bağlı iki illik möhlət hüququ qazanmaq, digər qismi isə sadəcə əlavə vaxt əldə etmək məqsədilə magistratura pilləsini seçir. Bu il magistraturaya sənəd verənlərin sayında ötən illərlə müqayisədə böyük fərq yoxdur, sadəcə cüzi artım müşahidə edilir. Burada əsas məsələ sənəd verənlərin sayı deyil, onların topladığı nəticələr və formalaşan ballardır. Ən çox artımı isə data analitikası, maliyyə, biznesin idarə olunması, beynəlxalq münasibətlər və hüquq kimi sahələrdə görürük. Çünki məhz bu ixtisasların əmək bazarında daha çox yeri və real iş imkanları var. Digər ixtisaslarda isə ixtisaslaşmanın və praktik tətbiqin zəif olması gənclər arasında marağın azalmasına səbəb olur".
Rizvan Fikrətoğlunun fikrincə, Azərbaycanda dual magistratura sistemi yaradılmalıdır:
"Yəni tələbə həftənin müəyyən günləri universitetdə nəzəri dərslərdə iştirak etməli, digər günlərdə isə iş yerlərində praktiki fəaliyyətlə məşğul olmalıdır. Bu, artıq universitetlə sənaye və əmək bazarı arasında əməkdaşlığın formalaşması deməkdir. Belə əməkdaşlıq nəticəsində magistraturada təhsil alan tələbə həm nəzəri, həm də praktiki baxımdan öz ixtisası üzrə inkişaf edə bilər. Bu da nəticə etibarilə daha peşəkar kadrların formalaşmasına və daha müsbət nəticələrin əldə olunmasına səbəb olar. Hazırda isə vəziyyət fərqlidir. Çünki bir çox hallarda magistratura proqramları bakalavr pilləsindən ciddi şəkildə fərqlənmir. Demək olar ki, bakalavr mərhələsində keçilən mövzuların təkrarına rast gəlinir. Bu isə təbii olaraq gənclərin diqqətini cəlb etmir və magistraturaya marağı azaldır".
Ekspert qeyd edib ki, digər tərəfdən, xariclə əlaqələrin genişlənməsi də bu prosesə təsir edir:
"Artıq bir çox gənc ölkədə magistratura oxumaqdansa, təhsilini xaricdə davam etdirməyə üstünlük verir. Son illərdə Azərbaycanda xarici diplomlara marağın artdığını aydın şəkildə görürük. Hətta yüksək vəzifələrə təyin olunan şəxslərin dosyelərinə baxdıqda, onların əksəriyyətinin xaricdə təhsil aldığı diqqət çəkir. Bu da istər-istəməz insanların təhsil üçün xaricə üz tutmasına səbəb olur. Hesab edirəm ki, əgər Azərbaycanda dual magistratura sistemi yaradılsa, universitet-sənaye əməkdaşlığı gücləndirilsə və universitetlər magistraturanı bitirənlərin işlə təmin olunması, əmək bazarına inteqrasiyası ilə bağlı daha ciddi məsuliyyət daşısa, magistraturaya maraq əhəmiyyətli dərəcədə artar. Bu halda daha yüksək keçid ballarının şahidi ola bilərik. Hazırda hətta görürük ki, magistratura pilləsində bəzi ixtisaslar üzrə dövlət sifarişli yerlər belə boş qalır. Bu isə artıq ciddi siqnal və bir növ həyəcan təbilinin çalınması deməkdir".
Xalidə Gəray
Musavat.com