AZ

Avropada “yaxşı rus pasportu” ideyası yenidən gündəmə gəldi

Avropada Rusiyanı tərk etmiş və Kremlin siyasətinə qarşı çıxan şəxslər üçün xüsusi sənəd yaradılması ideyası yenidən aktiv müzakirə olunmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasındakı rus demokratik qüvvələrinin platforma üzvü Harri Kasparov danışıb.

Kasparov bildirib ki, Rusiyanı tərk etmiş müxalif şəxslər üçün xüsusi Avropa sənədinin yaradılması layihəsi artıq bir sıra deputatlar tərəfindən dəstəklənir və proses uğurlu gedərsə, belə pasportların tətbiqi 2027-ci ildə mümkün ola bilər. Onun sözlərinə görə, ideya ilk dəfə 2022-ci ildə “yaxşı rus pasportu” adı ilə gündəmə gəlib.

Söhbət Kremlin siyasətini və Vladimir Putinin apardığı müharibəni açıq şəkildə pisləyən şəxslərə Avropada yaşamaq, sərbəst səyahət etmək və bank hesabı açmaq imkanı verəcək xüsusi sənəddən gedir.

Kasparov etiraf edib ki, bu istiqamətdə çox vaxt itirilib. O bildirib ki, hazırda vəziyyət daha da ağırlaşıb. Çünki xaricə köçmüş bir çox rusiyalının pasportlarının müddəti bitir, Rusiya səfirliklərində yeni sənəd almaq isə getdikcə çətinləşir. Rusiyaya qayıtmaq isə siyasi təqib riski səbəbilə təhlükəli hesab olunur.

Kasparovun sözlərinə görə, layihə müəyyən mənada XX əsrin əvvəllərində Millətlər Liqası tərəfindən qaçqınlara verilən “Nansen pasportları” modelinə bənzəyir. O qeyd edib ki, bu il yaradılmış rus demokratik qüvvələrinin AŞPA platforması layihənin lobbiçiliyini xeyli gücləndirib

Müsahibədə diqqət çəkən məqamlardan biri də Rusiyanı tərk edənlərin sosial tərkibi ilə bağlı fikirlər olub. Şahmat üzrə keçmiş dünya çempionunun sözlərinə görə, söhbət əsasən mühəndislərdən, İT mütəxəssislərindən və maliyyə sektorunda çalışan şəxslərdən gedir. Onun fikrincə, məhz bu insanların Rusiyadan ayrılması Kremlin hərbi potensialına ciddi zərbə vura bilər və Avropada artıq bu arqumenti eşitməyə başlayıblar. Kasparov həmçinin Mixail Xodorkovski və Dmitri Qudkovun alternativ variant üzərində çalışdığını deyib. Söhbət bəzi Avropa ölkələrinin artıq verdiyi “boz pasportlar”ın - yəni “xarici vətəndaş pasportları”nın genişləndirilməsindən gedir.

Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr