AZ

“Qarabağ və Şərqi Zəngəzurun inkişafı strateji konsepsiya əsasında həyata keçirilir” - DEPUTAT DANIŞDI

“Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən sosial-siyasi və strateji dövlət proqramlarının mühüm tərkib hissəsi kimi qiymətləndirilir”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, bu hadisə Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin praktiki nəticələrini nümayiş etdirməklə yanaşı, əhalinin doğma torpaqlara mərhələli şəkildə qaytarılması prosesinin uğurla davam etdiyini göstərir:

”Zəngilan şəhərində inşa edilən müasir yaşayış kompleksləri regionun urbanizasiya və sosial infrastruktur baxımından yenidən formalaşdırılmasına xidmət edir. Yeni yaşayış məntəqələrinin yaradılması yalnız mənzil təminatı ilə məhdudlaşmır, eyni zamanda təhsil, səhiyyə, nəqliyyat və sosial xidmət sahələrinin kompleks şəkildə inkişafını əhatə edir. Məktəblərin, yolların, parkların və digər ictimai obyektlərin tikilməsi bölgədə dayanıqlı yaşayış mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı sakinlərin sosial rifahı və yaşayış şəraiti ilə yaxından maraqlanılması dövlətin vətəndaş amilinə verdiyi önəmi əks etdirir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların doğma yurdlarına qayıdışı yalnız sosial hadisə deyil, həm də milli-mənəvi baxımdan xüsusi əhəmiyyətə malik prosesdir. Bu qayıdış cəmiyyətin sosial birliyinin möhkəmlənməsinə, tarixi ədalətin bərpasına və insanların mənəvi bağlılığının güclənməsinə xidmət edir.

Zəngilanda aparılan genişmiqyaslı quruculuq işləri göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı uzunmüddətli strateji konsepsiya əsasında həyata keçirilir. Məqsəd yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, həm də regionun müasir texnologiyalar, innovativ infrastruktur və dayanıqlı iqtisadi modellər əsasında inkişaf etmiş yaşayış məkanına çevrilməsidir. Bu baxımdan Zəngilanda həyata keçirilən layihələr gələcəkdə digər azad edilmiş ərazilərin bərpası üçün də nümunəvi model hesab olunur”.

Müəllif: Günay Hacıyeva
Seçilən
21
1
sia.az

2Mənbələr