AZ

Becərilməyən torpaqlara milyonlarla subsidiya necə verilib? EKSPERT DANIŞDI

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Hesablama Palatası kənd təsərrüfatı sahəsində aşkar etdiyi maliyyə pozuntularını açıqlayıb. Peyk təsvirləri əsasında müəyyən olunub ki, 117 min hektardan çox torpaq sahəsində şum izləri olmadığı halda, 19 fermerə 24,2 milyon manat subsidiya ayrılıb. Həmin sahələr sığortalanıb və Aqrar Sığorta Fondundan 1,8 milyon manat pul ayrılıb.

Hökumətin qərarına əsasən, fermerlərə subsidiyalar 2007-ci ildən verilir.

Gununsesi.info -ya danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirib ki, həmin dövrdən etibarən subsidiyalar üçün ayrılan vəsaitlərin mənimsənilməsi halları tez-tez üzə çıxır.

Onun sözlərinə görə, belə halların gizlədilməsi üçün statistiskada manipulyasiyalar edilir:

“Ona görə daha çox pul tələb olunur ki, sahəni geniş göstərirlər. Sahəni geniş göstərəndə çalışırlar ki, adekvat olaraq istehsalı da artıq göstərsinlər. Yoxsa deyərlər ki, xeyir ola, siz ümumiyyətlə qeyri-səmərəli biznes üçün böyük məbləğdə subsidiya ayırırsınız. Əslində elədir. Bu gün ayrılan subsidiya qeyri-səmərəli biznes üçündür.

Bu ildən də onlar nəyi tətbiq edirlər? Dincə qoyulan ərazilər üçün də subsidiya ayrılacaq. Burada artıq yeni mənimsəmə halları yaranır. Müasir aqrotexniki qaydalara uyğun olaraq, dincə qoymağa ehtiyac yoxdur. Köhnə bağları da hətta intensiv bağlar kimi sənədləşdiriblər”.

Vahid Məhərrəmli hesab edir ki, bu kimi halların qarşısını almaq üçün maliyyə vəsaitlərini birbaşa Maliyyə Nazirliyi ayırmalıdır.

Qeyd edək ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev də bildirib ki, belə hallar yalnız maliyyə pozuntusu deyil, həm də aqrar siyasətin tətbiqində ciddi boşluqların göstəricisidir.

Onu da qeyd edək ki, palatanın hesabatı Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi və Aqrar Subsidiya Şurasının fəaliyyətini əhatə edir.

Qeyd olunan qurumlar hesabatla bağlı hələlik münasibət bildirməyiblər. Hesabatda göstərilən faktlarla bağlı Baş Prokurorluğa müraciət edildiyi bildirilib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
icma.az

1Mənbələr