ABŞ iyul ayında Ankarada keçiriləcək NATO sammitində müttəfiq ölkələrdən hərbi xərclərin və silah istehsalının artırılması ilə bağlı hesabat tələb edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker "Fox News" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası NATO-nun əsas müdafiə prinsiplərinə qayıtmasını prioritet hesab edir.
“Prezident Donald Trampın rəhbərliyi altında NATO döyüş köklərinə qayıdır. Müttəfiqlər hərbi xərclərin ÜDM-in 5 faizinə çatdırılması ilə bağlı öhdəliklərini real imkanlara çevirməlidirlər. Bu yay keçiriləcək Ankara sammiti həmin öhdəliklərin praktik nəticələrinin qiymətləndirilməsi olacaq”, - deyə Uitaker vurğulayıb.
Xatırladaq ki, NATO-nun hərbi xərclərin ÜDM-in 2 faizi həcmində olması ilə bağlı hədəfi 2014-cü ildə Böyük Britaniyada keçirilən sammitdə qəbul olunmuşdu və bunun 10 il ərzində yerinə yetirilməsi nəzərdə tutulurdu.
2024-cü ilə qədər alyansın 32 üzvündən 22-si bu göstəriciyə nail olub.
2025-ci ilin iyun ayında Haaqa şəhərində keçirilən NATO sammitində isə Avropa ölkələrinin müdafiə xərclərinin 2034-cü ilə qədər ÜDM-in 5 faizinə çatdırılması barədə qərar qəbul edilib.
Analitiklər hesab edirlər ki, ABŞ-nin NATO üzvlərinə təzyiqi alyans daxilində müdafiə yükünün daha bərabər bölüşdürülməsinə yönəlib.
Aminə ŞAHSUVARQIZI