ain.az, Azertag saytına istinadən bildirir.
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Qırxdan sonra…” adlı qısametrajlı bədii filminin yalnız qadınlar üçün təşkil olunan xüsusi nümayişi maraqla qarşılanıb. Film yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda diqqətdən kənarda qalan iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.
Bunu AZƏRTAC-a açıqlamasında layihənin redaktoru Həmidə Rüstəmova deyib.
O qeyd edib ki, ekran əsərində aktyorların və xüsusilə qadın sənət adamlarının daxili dünyası, psixoloji sarsıntıları, peşə və həyat arasında yaşadıqları ziddiyyətlər tragikomik hadisələr fonunda təqdim olunur.
“Film həm də cəmiyyətin sənət adamlarının görünməyən tərəflərinə diqqət çəkməyi hədəfləyir. “RS Production”un istehsalı olan filmdə rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. “Qırxdan sonra…” filmi qadın taleyinə və sənətin görünməyən tərəflərinə işıq salır. Ekran əsərində qadın psixologiyasına həssas yanaşılıb, mövzunun səmimiliyini və aktrisaların emosional ifası öz əksini tapıb”,- deyə H.Rüstəmova əlavə edib.
Tragikomediya janrında çəkilən “Qırxdan sonra…” filminin ssenari müəllifləri Səida Haqverdiyeva və Sevda Sultanova, quruluşçu rejissoru isə Səidə Haqverdiyevadır. Xronometrajı 30 dəqiqə olan ekran əsərinin görüntü rejissoru Şahmar Səfəroğludur.








Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.