İran son hadisələrdən sonra döyüş meydanında əldə etdiyi nəticələri güc və milli ləyaqət mövqeyindən çıxış edərək diplomatik danışıqlar yolu ilə möhkəmləndirməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin (FARAJA) komandanlığı və yüksək rütbəli zabitləri ilə görüşündə bildirib.
Prezident qeyd edib ki, hazırda ölkə qarşısında üç mümkün ssenari dayanır:
Ləyaqət və gücü qorumaqla danışıqlara başlamaq (İranın hüquqlarını müdafiə etmək üçün);
"Nə hərb, nə sülh" vəziyyətini saxlamaq;
Konfrontasiya və hərbi qarşıdurmanı davam etdirmək.
"Milli maraqlara əsaslanan rasional və məntiqli seçim ondan ibarətdir ki, silahlı qüvvələrin döyüş meydanında qazandığı hərbi qələbə diplomatik sahədə tamamlansın, İran xalqının hüquqları isə ləyaqət və nüfuz mövqeyindən təsbit edilsin", – deyə Pezeşkian vurğulayıb.
Prezident qeyd edib ki, danışıqlara hazır olmaq güzəşt deyil, düşünülmüş bir strategiyadır. O, İmam Əlinin "Nəhcül-Bəlağə"dəki kəlamlarına istinad edərək bildirib ki, əgər düşmən sülh təklif edirsə, onu rədd etmək olmaz, lakin sülhə nail olduqdan sonra arxayınlığa və həddindən artıq etibara yol vermək təhlükəlidir:
"İslam Respublikası bu prinsiplərə əsaslanaraq, düşmənə qarşı inamsızlığı qorumaq şərtilə, danışıqları ləyaqət, hikmət və məsləhət mövqeyindən mümkün hesab edir".
Pezeşkian həmçinin əlavə edib ki, İranın ali rəhbərliyinin və xalqının maraqlarını nəzərə alan razılaşma əldə olunarsa, ölkə üzərinə götürdüyü öhdəliklərə tam əməl edəcək.
Bizim.Media