AZ

Türkiyəli ekspert WUF13 ün əhəmiyyəti haqqında : Bəşəriyyət şəhərlərin inkişafı yolu ilə öz gələcəyini qurur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Ankara, 11 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası təkcə şəhərlərin gələcəyini deyil, həm də bütövlükdə bəşəriyyətin taleyini müzakirə etmək üçün gözəl fürsətdir. Azərbaycandakı bu qlobal müzakirə platforması yaşamaq üçün daha əlverişli dünya axtarışına işıq salmaq istəyən müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirəcək.

Bu fikri Türkiyənin Eskişehir Texniki Universitetinin (ESTU) Mühəndislik fakültəsinin sənaye mühəndisliyi professoru Rəfail Qasımbəyli AZƏRTAC-la bölüşüb.

Onun sözlərinə görə, müasir dövrdə şəhərsalma insan həyatının ayrılmaz hissəsinə çevrilib. “Dünyada milyonlarla insan daha yaxşı yaşayış şəraiti, təhsil və məşğulluq axtarışında şəhərlərə köç edir. Lakin sürətli urbanizasiya özü ilə ciddi çətinliklər də gətirir”, deyən professor şəhərlərin təkcə böyüməsinin deyil, həm də düzgün istiqamətdə inkişaf etməsinin vacibliyini vurğulayıb.

O əlavə edib: “Plansız tikinti, ətraf mühitin çirklənməsi, yaşıl sahələrin itirilməsi, sosial bərabərsizlik və mədəni dəyərlərin itirilməsi şəhərsalmanın üzləşdiyi çətinliklərin yalnız qısa siyahısıdır”.

Professor şəhərlərin beton konstruksiyaların qarışığına çevrilməməli olduğunu vurğulayıb: “Təəssüf ki, bəzi müasir meqapolislərin ortaq xüsusiyyətlərinə demək olar ki, tamamilə yaşıl sahələrin olmaması və mədəni irsə etinasızlıq daxildir. Bu gün bəzi şəhərlərdə gəzmək dərin beton quyusunun dibi ilə dolaşmaq kimi hiss olunur”.

R. Qasımbəyli hesab edir ki, şəhərlərin əsl əhəmiyyəti onların təcəssüm etdirdiyi mədəniyyətdədir. “Tarix boyu Bakı, İstanbul, Səmərqənd, Roma, Vyana və Qahirə kimi şəhərlər təkcə memarlıq baxımından deyil, həm də mədəni və mənəvi dəyərlərin təcəssümü kimi bəşəriyyətə nümunə olub”, - deyə türkiyəli universitet professoru qeyd edib və bildirib ki, memarlıq cəmiyyətlərin ruhunu və estetik qavrayışını əks etdirir.

O qeyd edib ki, ənənəvi memarlığın müasir texnoloji tendensiyalarla ahəngdar şəkildə qovuşduğu şəhərlər keçmişlə gələcək arasında körpüyə çevrilir. Buna nümunə olaraq İçərişəhəri göstərən ekspert Bakının tarixi hissəsini “dünyanın nadir mədəni və memarlıq şah əsərlərindən biri” adlandırıb. O hesab edir ki, milli kimliyin, mədəni irsin və kollektiv yaddaşın qorunması gələcəyin şəhərləri üçün çox vacibdir.

WUF13-də digər vacib mövzu miqrasiya olacaq. Professor bununla bağlı deyib: “Müharibələr, iqlim dəyişikliyi, iqtisadi çətinliklər və sosial bərabərsizlik milyonlarla insanı öz vətənlərini tərk etməyə məcbur edir. Şəhərlər bu miqrasiya dalğaları üçün ilk istiqamətlərdir”.

O, həmçinin əmin olduğunu bildirib ki, müxtəlif mədəniyyətlərə mənsub insanların cəmiyyətə inteqrasiyası, sosial ədalətin təmin edilməsi, ətraf mühitin və mədəni irsin qorunması müasir şəhər idarəçiliyinin əsas məqsədləri arasında olmalıdır. Onların əsl gücü sakinlərinin dinc yanaşı yaşamasında və birliyindədir. “Daha təhlükəsiz, daha dayanıqlı, etik, ekoloji cəhətdən təmiz və ədalətli şəhərlər yaratmaq bizim ortaq məsuliyyətimizdir. Şəhərlər salmaqla, biz mahiyyət etibarilə gələcəyimizi qururuq”, - deyə professor Qasımbəyli sözlərinə yekun vurub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr