Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
(Hekayə)
Axşamdan səhərə kimi yağış ara vermədən gur yağırdı. Lap ucundan tut, göyə çıx. Bura dağın döşü olsa da, son vaxtlar bu yerlərdə belə güclü yağış olmamışdı. Yağışın belə möhkəm yağmasından Bahar da çox səksəkəli yatmışdı və tez-tez oynırdı. Çünki evləri dağ çayının sahilində idi və fikirləşirdi ki, çayın gur suyu evlərini yuyub apara bilər. Dağ çayının gurultusu isə adamın canına qorxu salırdı. Ağsaqqallar danışırdılar ki, bu çay əvvəllər çox fəlakət törədib, çox adamın həyatına son qoyub...
Əri Vüqar Birinci Qarabağ müharibəsində şəhid olan Bahar tək yaşayırdı. Vüqarla ailə qurduqları bir ilin tamamında onu Qarabağın müdafiəsinə aparmışdılar. Daha doğrusu, ölkə başçısı Heydər Əliyevin çağırışı ilə Vüqar özü könüllü döyüşməyə, Vətəni müdafiə etməyə getmişdi. Atəşkəs elan olunmağa cəmi bir gün qalmış, Kəlbəcərə yaxın yerdə erməni gavurları ilə döyüşdə qəhrəman kimi şəhid olmuşdu.
Bahar çox gözəl, yaraşıqlı qız idi. Onu sevənlər də çox idi. Amma o, Vüqardan sonra ikinci dəfə ailə qurmaq istəməmişdi. Sadəcə, o, bir şeyə yanıb-yaxılırdı ki, bir nişanə övladları olmadı.
Artıq səhər açılırdı. O, hələ də yatmamışdı. Bahar yerindən durub həyətə baxdı. Həyətləri maili olduğundan su qalmır, elə axıb çaya gedirdi. Həyətə düşdü ki, görsün tövlədəki mal-qaranın, hindəki toyuqların, ördəklərin, cücələrin vəziyəti necədir. Çayın necə gur axdığını, qabağına çoxlu kötüklər, uçurduğu evlərin qalıqlarını qatıb gətirdiyini gördü. Bu vəziyyətdə çay daha da vahiməli görünürdü...
Bu vaxt Bahar çay tərəfdən haray çəkən uşaq səsi eşitdi. Çayın qabağına qatıb gətirdiyi bir evin dam hissəsinədə bir uşaq haray çəkib qışqırırdı: "Kömək edin. Kömək edin".
Uşağın səsi çayın gur səsindən elə də yaxşı eşidilmirdi. Bahar cəld çay tərəfə qaçdı. Həmin evin dam hissəsinin qalığı Bahargil tərəfdəki böyük palıdın bir küncünə ilişib qalmışdı. Çay palıd ağacını yerindən çıxarmaq üçün çalışsa da, gücü çatmırdı. Bu palıd ağacını bir vaxtlar Vüqar əkmişdi. İndi qollu-budaqlı nəhəng bir ağac olmuşdu. Evin dam hissəsi də ona ilişib qalmışdı. Qızcığaz da evin dam hissəsindəki bacadan möhkəm tutub, qışqırırdı. Haray çəkirdi...
Bahar cəld həyətdə danaları bağladığı kəndiri götürüb, palıd ağacına tərəf qaçdı. Əlindəki kəndiri kəmənd kimi bağlayıb qıza tərəf atdı. Allahdan kəmənd qızın boynundan keçib belində dayandı. Bahar qıza ucadan qışqırdı:
- Qızım ipdən möhkəm tut, mən səni xilas eləyəcəm. Çalış, ipdən möhkəm tut.
Ölümdən qorxan qız kəndirdən möhkəm tutdu və Bahar var qüvvəsilə ipi dartdı. Qız sahilə düşdü. Bahar cəld sahildən qızı dartıb çıxartdı. Və özünün bu qələbəsindənmi, ya nədənsə qızı möhkəm qucaqladı. Qız yağış sularındanmı, ya qorxudanmı tir-tir əsirdi. Artıq Bahar da tam islanmışdı. O, artıq ağlamaqdan səsi batmış, beş-altı yaşlarında olan bu qızı tez evə gətirdi. Tez onun palratlarını soyundurdu. Möhkəm quruladı. Evdəki qalın sırınmasına bükdü. Ev çox isti idi. Gecədən evdəki odun sobası gur-gur yanırdı. Çünki bu yerlərin payızı da qışı kimi sərt keçirdi. Qızcığaz batmış səsi ilə nə isə deyirdi:
- Atam..., anam..., sel...
Bahar başa düşdü ki, qızcığazın atasını, anasını da sel aparıb.
- Qorxma, mənim balam, -deyə Bahar uşağın başını sığalladı. Kənd adamları çayın sahilindədirlər. Onlar adamları xilas edəcəklər. Sənin atanı, ananı da xilas edəcəklər.
Bahar həyətə düşəndə və qızcığazı görəndə qıyha çəkmişdi. Qonşuları köməyə çağırmışdı. Ətrafda olan qonşular da tez çayın sahilinə gəlmişdilər. Sahil boyu gedir və selin gətirdiyi adamları xilas etməyə çalışırdılar...
Bahar qızcığazı bağrına basıb, onu öz həratəti ilə qızdırmağa çalışırdı. Qız isə ağlayır və sakitləşmək istəmirdi. Sonra o, Baharın qucağında yatdı. Deməli, yuxusuz imiş. Bahar onu çarpayıya qoyub, özü tez həyətə düşdü. Qonşular çayda boğulan bir neçə nəfərin meyidini gətirmişdilər. Amma kim olduqlarını bilmirdilər. Bu adamlar onların kəndlərindən bir neçə kilometr aralıda olan qaçqınların məskunlaşdığı yerin adamlarına oxşayırdılar. Çayın gətirdiyi evlərdən də görünürdü ki, bu evlər taxta baraklardır. Qarabağdan gələn qaçqınlar üçün çayın sahilində belə evlər tikmişdilər.
Yağış artıq kəsmişdi. Çay da yavaş-yavaş öz məcrasına qayıdırdı. Rayon rəhbərliyi bura gəlmişdi və onların dediyinə görə, çay həqiqətən də, qaçqınların məskunlaşdığı evlərdən on beşini qabağına qatıb aparmışdı. Ən dəhşətlisi bu idi ki, bu evlərdən olan adamlardan yalnız bircə bu qızcığaz salamat qalmışdı. Deməli, meyidləri tapılanlardan ikisi həmin qızcığazın atası və anası idi. Qaçqınlar tərəfindən gələn adamlar da onları tanıdılar.
Bu vaxt artıq qızcığaz da oyanmışdı və yenə də ağlayır, atasını, anasını istəyirdi. Meyidləri rayon mərkəzinə, xəstəxanaya apardılar. Qızcığaz həyətə düşəndə, qaçqınlar onu görüb tanıdılar. Bu qız Həsən və Nuridənin qızı idi. Adı da Mələk idi. Mələk qonşularını görəndə onlara tərəf qaçdı və fəryadla atasını, anasını onlardan soruşdu. Həmin qaçqınlardan ən yaşlısı onun başını sığallayıb, məcburən yalan danışdı:
- Sakit ol, qızım. Atanı, ananı rayon mərkəzinə aparıblar. Onlar da sağdır. Tezliklə gələcəklər...
Sonra Mələk onun xilaskarı Baharın yanına gəldi və ona sığındı. Bahar onu bağrına basdı. Ağlayan Mələyin göz yaşlarını sildi və dedi:
- Sakit ol, mənim balam. Tezliklə atan-anan da gələcək.
... Mələyin yaxın qohumları hamısı seldə həlak olmuşdu. Onun öz istəyi ilə Baharın yanında qaldı və altı yaşlı Mələk ona ana deməyə başladı. Bahar da onu öz döğma balası kimi qəbul eldi. Həmin kənddə məktəbə getdi. Orta məktəbi bitirib, ali məktəbə qəbul olundu. Həkim oldu. Elə həmin kənddən olan ali mühəndislik təhsili alan Nicatla ailə qurdu. Rayonda dolanışıq yaxşı olmadığına görə onlar köçüb Türkiyəyə getdilər. Orada özlərinə yaxşı şərait yaratdılar...
Qarabağdakı Vətən müharibəsindən sonra çoxlu azərbaycanlılar yenidən Vətənə qayıtdıqları üçün Nicat da öz ailəsi ilə geri qayıtmaq istəyirdi. O, Türkiyədə işlədiyi vaxt pullar göndərmişdi və Bahar köhnə evin yerində iki mərtəbəli, altı otaqlı ev tikdirtmişdi. Nicat və Mələyin böyük oğlanları Murad da nənəsinin yanına gəlmiş və burada onula birlikdə qalırdı. Burada da məktəbə gedirdi.
Qırx dörd günlük Vətən müharibəsindəki qələbəmiz Nicatı da çox ruhlandırmışdı. O, Mələklə razılığa gəlib Vətənə dönmək istəyini reallaşdırdı. Çünki Mələyin də arzusu bir vaxtlar valideynlərinin yaşadıqları Qarabağı görmək idi. Axı onlar Mələyə həmin yer haqqında çox danışmışdılar...
... Artıq onlar geri qayıtmışdılar. Hər ikisi rayon mərkəzində işə düzəlmişdi. Mələk həkim, Nicat isə mühəndis işləyirdi. Rayon mərkəzi ilə yaşadıqları kəndin arası iyirmi beş kilometrdən çox olduğundan, belə qərara gəlmişdilər ki, rayon mərkəzində ev tiksinlər və ora köçsünlər. Amma fikiləşirdilər ki, görəsən, Bahar ana buna razı olarmı? Nicat bu fikilərini Bahar anaya dedi. Bahar ana ona diqqətlə qulaq asıb belə dedi:
- Bilirəm, oğlum, hər gün rayon mərkəzinə işə gedib, axşam da geri qayıtmaq çox çətindir. Bunun payızı var, qışı var. Yağışı var, qarı var. Yollar da elə yaxşı deyil. Çox əziyyət çəkirsiniz. Amma mənim bir ana kimi sizə bir təklifim var.
- Nə təkif ana? - deyə Mələk dilləndi.
- Qızım, sən burada anadan olsan da, atanla anan qarabağlı idi. Həmişə deyirdin ki, onlar demək olar, hər gün Qarabağ haqqında danışır və o yerlərin xiffətini eləyirdilər.
- Elədir, ana. Danışırdılar və sonra da kövrəlirdilər. Deyirdilər ki, onlar Kəlbəcərin ən yaraşıqlı yerindəndirlər. Orada çox yaraşıqlı evləri olub. Bu yerlərin təbiəti də Kəlbəcərin təbiətinə uyğun olduğundan bu rayonda məskunlaşmışdılar. Amma...
Mələk sözlərinin ardını deyə bilməyib kövrəldi. Sonra göz yaşlarını silib, sözünə davam elədi:
- Mən çox istərdim ki, gedib o yerləri görüm. Artıq həmin yerlərə adamları köçürməyə başlayıblar.
- Mələk, qızım. Bilirsən ki, mən bütün bu illərdə çalışmışam ki, sənə yaxşı ana olum və sən doğma atanın, ananın xiffətini eləməyəsən.
- Elədir, ana. Mən onların yanında cəmi altı il qalmışdım. Amma sənin yanında görə neçə il qalmışam. Mənə doğma ana olubsan.
- Mənim bir təklifim var.
- O, nə təklifdir ana?
- Sən deyirsən ki, tez-tez atanı, ananı yuxuda görüsən...
- Elədir, ana.
- Mən təklif edirəm ki, Nicatla sən köçüb ora gedəsiniz və atanın ocağında ev tikib, orada da yaşayasınız. Çünki indi orada sənin kimi həkimə və Nicat kimi mühəndisə ehtiyac çox böyükdür. Ali Baş Komandanımız da tez-tez deyir ki, “Qarabağa təkcə qarabağlılar yox, bütün azərbaycanlılar gəlib, yaşaya bilər. Onlara orada hər cürə şərait yaradacağıq”.
Bahar ananın bu sözlərindən sonra bir müddət sükut oldu. Sonra Nicat dedi:
- Bəs, sən buarada tək qalacaqsan, ana?
- Tək niyə qalıram, Nicat, oğlum?! Nəvəm Murad ali təhsil alıb, sənin kim mühəndisdir. Ordu sıralarına da gedib, qayıdıb. İstədiyi qız da var. Tezliklə onu evləndirək. Onlar mənimlə burada qalsınlar. Siz də o biri üç uşaqla birlikdə ora gedin. Kəlbəcərin düz mərkəzində çox yaraşıqlı evlər tikilib. Sizə də oradan evlər verərlər. İmkan olanda Mələkgilin kəndində də ev tikərsiniz. Biz də Muradın ailəsi ilə sizə qonaq gələrik. Gəlib Vüqarın da şəhid olduğu yeri görərəm. Kəlbəcərin İstisuyunda da müalicə alaram. Ayaqlarımda, bədənimdə yel xəstəliyi var. Deyirlər, həmin xəstəliyin dərmanıdır.
... Beləliklə, ailə razlığa gəldi. Tezliklə, Muradın toyunu elədilər. Nicat həyat yoldaşı və əslən Kəlbəcərdən olan Mələklə orada işləmək istədiklərini Qaçqınları Köçürtmə Komitəsinə bildirdi. Onlara razılıq verdilər və Kəlbəcərə köçdülər. Onlara orada dörd otaqlı ev verdilər və hər ikisini də işlə təmin etdilər.
Həmin evdə qaldıqları birinci gecə Mələk çox qəribə bir yuxu gördü. Gördü ki, atası Həsən və anası Nuridə əllərində bir gur şam tutub və onun başının üstündə dayanıb, ona çox böyük sevinclə baxırlar. Anası isə lap uşaq yaşlarında olduğu kimi Mələyə lay-lay deyir:
“Lay-lay beşiyim lay-lay.
Evim-eşiyim layl-lay...”
Mələk hövlənak yuxudan ayıldı. Heç kimi görəmmədi. Amma anasının adını qoyduğu dörd yaşlı Nuridə ona sığınıb, mışıl-mışıl yatırdı. Atası Həsənin adını qoyduğu on yaşlı oğlu isə yəqin yuxu gördüyünə görə dodağının altında nə isə mızıldanırdı...

KƏNAN-QƏRİB QƏRİBLİ,
İstanbul şəhəri
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.