Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Vətəndaş Müqaviləsi” partiyasından baş nazirliyə namizəd Nikol Paşinyan bildirib ki, Ermənistan ilə Azərbaycan arasındakı sərhəd 1991-ci il Almatı Bəyannaməsinə əsasən delimitasiya ediləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə o, İrəvanın Erebuni rayonunda seçkiqabağı kampaniya çərçivəsində jurnalistlərin suallarına cavab verərkən deyib.
Paşinyan xatırladıb ki, əvvəllər Syunik bölgəsindəki Təh kəndinin sakinləri ilə görüşdə Azərbaycanın nəzarətində olan Ermənistan əraziləri barədə danışıb. O vurğulayıb ki, hüquqi baxımdan məsələ artıq həll olunub, çünki 2024-cü ildə hər iki ölkə sərhədin delimitasiyası üzrə komissiyaların birgə iş qaydasını təsdiqləyib.
Almatı Bəyannaməsinə əsasən, keçmiş SSRİ respublikalarının inzibati sərhədləri MDB ölkələrinin dövlət sərhədləri kimi qəbul edilib. Ermənistan və Azərbaycan bu sənədi ratifikasiya edərək ona qanuni qüvvə veriblər.
“Buna görə də məsələ məhz bu prinsiplə həll olunmalıdır və həll olunacaq, bununla bağlı heç bir şübhə yoxdur. Delimitasiya prosesi zamanı tərəflər qarşılıqlı razılaşdırılmış həllər tapsalar, o cümlədən sərhəd xəttindəki ayrı-ayrı dəyişikliklər barədə bütün məlumatlar maksimum şəffaflıqla ictimaiyyətə təqdim olunacaq”, – deyə Paşinyan qeyd edib.
O həmçinin bildirib ki, delimitasiya mərhələli şəkildə aparılacaq – şimaldan cənuba, Ermənistan-Azərbaycan sərhədinin Gürcüstanla kəsişdiyi nöqtədən İran sərhədinə qədər. Müvafiq razılaşmalardan sonra sərhədin demarkasiyası üzrə işlər həyata keçiriləcək.
Paşinyan daha əvvəl bildirib ki, zərurət yarandığı halda cənub sərhədinin delimitasiyası prioritet qaydada aparıla bilər. Bu ərazi “Trump marşrutu” (TRIPP) layihəsinin keçəcəyi yoldur və beynəlxalq əhəmiyyətli kommunikasiya xətlərini əhatə edir.
Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.