AZ

Uzman: Hantavirus sürətlə yayılıb pandemiya yaratmaq qabiliyyətinə malik deyil

ain.az bildirir, Sherg.az portalına istinadən.

Dünyanın müxtəlif ölkələrində qeydə alınan hantavirus infeksiyası beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə, Niderland bayrağı altında üzən "MV Hondius" kruiz gəmisində aşkarlanan yoluxmalar və ardınca bir neçə ölkədə sərnişinlərin karantinə alınması virusun yenidən qlobal təhlükəyə çevrilməsi ehtimalını gündəmə gətirib. 

Fransa, Yunanıstan, İrlandiya və ABŞ-də görülən fövqəladə tədbirlər hantavirus təhlükəsinin ciddi nəzarətdə saxlanıldığını göstərir.

Mütəxəssislər hantavirusun əsasən gəmiricilər vasitəsilə yayıldığını bildirsələr də, ardıcıl yoluxma xəbərləri cəmiyyətdə yeni pandemiya qorxusunu gücləndirib.

Daxili Xəstəliklər uzmanı Nurlan Hüseynov Sherg.az-a bildirib ki, hantavirus yeni ortaya çıxmış və ya naməlum bir virus deyil. Həkimin sözlərinə görə, bu virus uzun illərdir tibbdə tanınır və zaman-zaman dünyanın müxtəlif bölgələrində ciddi xəstəlik halları ilə müşahidə olunub. Əsasən də Asiya bölgəsində onminlərlə insan tələfatına səbəb olub.

Uzman qeyd edib ki, hantavirus əsasən gəmiricilər, xüsusilə siçanlar vasitəsilə yayılır:

" Yoluxma daha çox gəmiricilərin sidik, nəcis və digər ifrazatlarının quruyaraq havaya qarışması və insanların həmin toz hissəciklərini nəfəs yolu ilə qəbul etməsi nəticəsində baş verir. Hantavirusun ilkin əlamətləri adi qrip simptomlarına bənzədiyi üçün xəstəliyin erkən mərhələdə aşkarlanması çətin ola bilər. Xəstələrdə əsasən qızdırma, halsızlıq və əzələ ağrıları müşahidə edilir. Lakin bəzi hallarda virus ağırlaşaraq ağciyər və böyrəklərə ciddi zərər verən sindromlara səbəb ola bilir”.

N.Hüseynovun sözlərinə görə, son günlər dünyada hantavirusla bağlı xəbərlərin artması virusun yeni olması ilə deyil, xəstəliyin ciddi nəticələr doğura bilməsi və insanların mövzu ilə bağlı daha çox məlumat almaq istəyi ilə əlaqədardır:

“Hazırda əsas məsələ panika yaratmaq deyil, insanların məlumatlı və diqqətli olmasıdır. Hantavirusun müalicəsi digər virus infeksiyalarında olduğu kimi simptomatik şəkildə aparılır və xəstənin vəziyyətinə uyğun tibbi dəstək göstərilir”.

Həkim qeyd edib ki, hantavirus endemik virusdur:

"Yəni koronavirus kimi sürətlə yayılıb pandemiya yaratmaq qabiliyyətinə malik deyil. Çünki əsasən, siçanlardan və digər gəmiricilərdən insana yoluxur və bu da sporadik hallarda baş verir. Azərbaycanda isə gigiyena və təmizlik qaydalarına əməl olunduğu və ölkəmizdə ümumilikdə təmizliyə önəm verildiyi üçün virusun geniş yayılması ehtimalı yüksək deyil". 

 Bununla belə, qoruyucu tədbirlərin vacibliyini qeyd edən həkim insanlara çirkli mühitlərdən və gəmiricilərin olduğu ərazilərdən uzaq durmağı tövsiyə edib:

“İnsanların toplu yaşadığı yerlərdə zirzəmilərdə siçanlar məskunlaşa bilir. Virusun mənbəyi də həmin yerlər olur. Adətən, siçanlar zirzəmilərdə və zibilliklərdə yaşayır, orada nəcis qoyurlar. İnsanlar həmin yerləri təmizləyərkən qurumuş nəcis toz şəklində havaya qalxır və nəfəs yollarına düşərək yoluxmaya səbəb olur. Belə mühitlərdə çalışan və ya olan şəxslər mütləq maskadan istifadə etməli, gigiyena qaydalarına ciddi əməl etməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
sherg.az

1Mənbələr