Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ermənistanda hakim "Mülki Müqavilə" partiyasının maliyyə mənbələri və iş adamları ilə qaranlıq əlaqələri ətrafında yeni qalmaqal alovlanır. Ölkənin Antikorrupsiya Komitəsinin "Fast Bank" tərəfindən hakim partiyaya edilən şübhəli ianələrlə bağlı cinayət işi açmaqdan imtina etməsi, Nikol Paşinyan administrasiyasının "korrupsiya ilə mübarizə" şüarlarını ciddi sual altına qoyub.
“AzPolitika” Ermənistan mediasına istinadən xəbər verir ki, söhbət "Sülhün səsi" musiqi festivalı çərçivəsində hakim partiyaya edilən gizli yardımlardan gedir.
Ötən ay Gümrü və İrəvanda təşkil edilən konsertlərin əsas sponsoru "Fast Bank" olub. Bu bankın sahibləri – Vahe və Viqen Badalyan qardaşları Ermənistanda daha çox qumar və bukmeyker sənayesinin nəhəngi olan "Vivaro" şirkəti ilə tanınırlar. Badalyanların Ermənistan parlamentinin spikeri Alen Simonyanla "isti" münasibətləri olduğu kimsəyə sirr deyil. Hələ 2021-ci ildə hakim partiyanın deputatlarının Badalyanlara məxsus şəxsi təyyarə ilə Yunanıstanın Mikonos adasına istirahətə getmələri ciddi rezonans doğurmuşdu.
Ermənistan qanunvericiliyinə görə, hüquqi şəxslərin (o cümlədən bankların) siyasi partiyalara ianə verməsi qəti qadağandır. Lakin "Mülki Müqavilə" (MP) partiyasının "Vətəndaş Günü" ilə bağlı reklam etdiyi konsertin məhz bu bank tərəfindən maliyyələşdirilməsi ekspertlər tərəfindən "natura formasında ianə" (məhsul və ya xidmət şəklində yardım) kimi qiymətləndirilir.
Müşahidəçilərin fikrincə, konsertdə çıxış edən məhşurarın qonorarları, eləcə də reklam xərcləri qanunla müəyyən edilmiş 10 milyon dramlıq (təxminən 25 min dollar) illik ianə limitini dəfələrlə üstələyir.
Məsələnin digər tərəfi isə konsertin təşkilatçısı olan "Domino Production" şirkəti ilə bağlıdır. Bu şirkət son bir ildə hökumət və İrəvan meriyasından ümumilikdə 1,6 milyon dollar dəyərində müqavilələr əldə edib. Analitiklər hesab edir ki, bu, klassik "çirkli pulların yuyulması" və ya siyasi xidmət müqabilində dövlət vəsaitlərinin həmin şirkətə ötürülməsi sxemidir.
Ermənistanın Antikorrupsiya Komitəsi isə medianın bu qədər faktlarına rəğmən, rəsmi müraciət olmadığı bəhanəsi ilə araşdırmaya başlamır. Halbuki Ermənistan Cinayət-Prosessual Məcəlləsi mətbuatda gedən məlumatlar əsasında dərhal icraata başlamağı tələb edir.
Eyni zamanda, 2024-cü ildə OCCRP tərəfindən üzə çıxarılan və hakim partiyanın eyni gündə, eyni məbləğdə onlarla deputat namizədi tərəfindən maliyyələşdirilməsi ilə bağlı başlanmış araşdırmada da hələ ki, heç bir irəliləyiş yoxdur.
Beəliklə, Paşinyan komandası "keçmiş rejimin oliqarxları" ilə mübarizə apardığını iddia etsə də, reallıqda oxşar siyasət həyata keçirirlər. "Fast Bank" və bukmeyker kontorları ilə qurulan bu "isti" münasibətlər Ermənistanın gələcək seçki proseslərinin şəffaf keçəcəyini indidən şübhə altına qoyur.
Rasim
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.