AZ

Yük vaqonunun içində 6 nəfərin cəsədi tapılıb

Yük vaqonunun içində 6 nəfərin cəsədi tapılıb

Rəsmilər bazar günü ABŞ-ın cənub sərhədində yerləşən Texas ştatının şəhərlərindən birində, yük qatarı vaqonunun daxilində 6 nəfərin cəsədinin tapıldığını açıqlayıblar.

AFN.az xəbər verir ki, Laredo Polis Departamentinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Xose Espinoza cəsədlərin yerli vaxtla saat 15:30 radələrində, San Antonionun təxminən 160 mil cənubunda yerləşən Laredo şəhərindəki "Union Pacific" qatarında aşkar edildiyini bildirib.

Laredo polisinin sözçüsü Co Baeza ölümlərin səbəbinin hələlik məlum olmadığını və araşdırmaların davam etdirildiyini qeyd edib. "Union Pacific" şirkəti sərhəd boyu fəaliyyət göstərən və Meksikaya daxil olan bütün keçid məntəqələrinə xidmət edən yeganə dəmir yolu şirkəti hesab olunur.

Laredoda bazar günü günorta saatlarında hava temperaturu 35 dərəcə ətrafında müşahidə edilsə də, istiliyin bu ölümlərdə hər hansı rolunun olub-olmadığı hələ dəqiqləşməyib. "Union Pacific" rəsmiləri hadisədən dərin kədər duyduqlarını və təhqiqat üçün hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiklərini bəyan ediblər. Polisin verdiyi məlumata görə, cəsədlər vaqonların növbəti baxışı zamanı tapılıb və sağ qalan heç kim olmayıb.

Hadisə ilə bağlı açıqlama verən Baeza istintaqın hələ ilkin mərhələdə olduğunu və hazırda ictimaiyyətə açıqlanacaq çox məlumatın olmadığını deyib. Espinoza isə həyatını itirənlərin yaşlarının və miqrasiya statuslarının hələlik müəyyən edilmədiyini vurğulayıb.

ABŞ Gömrük və Sərhəd Mühafizə Birliyi hadisənin Laredo Polis Departamenti, Daxili Təhlükəsizlik İstintaq İdarəsi və Texas Reyncerləri tərəfindən çoxşaxəli şəkildə araşdırıldığını diqqətə çatdırıb. Espinoza baş verənləri çox təəssüfedici bir vəziyyət kimi xarakterizə edərək çox sayda can itkisinin yaşandığını qeyd edib.

Seçilən
61
afn.az

1Mənbələr