AZ

“Bakı–Xankəndi” veloyarışının II mərhələsinin qalibləri mükafatlandırılıb

“Bakı–Xankəndi” Azərbaycan beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, “Bakı–Xankəndi” yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və digər rəsmilər iştirak ediblər.

Mərhələnin yekun nəticələrinə əsasən, Qazaxıstan təmsilçisi Yevgeni Fyodorov qızıl medala layiq görülüb. İsveçrəli Aleksandr Balmer gümüş, Uruqvaylı Erik Antonio Faqundes isə bürünc medal qazanıb.

Qeyd edək ki, velosipedçilər ikinci mərhələdə “Sea Breeze”dən İsmayıllıya qədər 193,3 kilometrlik məsafəni qət ediblər. Etap 3 dağ yoxuşu və 2 sprint təsnifatı ilə yarışın ən çətin mərhələlərindən biri kimi yadda qalıb.

Xatırladaq ki, yarışın ilk mərhələsinin qalibi Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko olmuşdu.

Yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkənin beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini nümayiş etdirmək, həmçinin işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı təqvim yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin ümumi mükafat fondu 50 min avrodan çoxdur.

Mayın 14-də başa çatacaq yarışın son mərhələsi Xankəndi şəhərində keçiriləcək.

Seçilən
38
90deqiqe.az

1Mənbələr