Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Prezident İlham Əliyev işğaldan azad edilmiş rayonlara səfəri zamanı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
Dövlət başçısı sakinlərlə görüşdə çıxışı zamanı bir sıra məsələlərə toxunaraq Zəngilanda aparılan tikinti-quruculuq işlərinin ölkəmizin qitisadiyyatına töhfə verəcəyini bildirib:
"Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir. Yaxın gələcəkdə - bəlkə də bir il, ilyarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq, necə ki, bu gün Ağdama dəmir yolu ilə gedirlər.
Gələn il Xankəndiyə dəmir yolu ilə gedəcəklər. Bu dəmir yolu davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək. Faktiki olaraq buradan Naxçıvana 30 dəqiqəlik bir yol olacaq. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı bu coğrafi bağlantı ilə ölkəmizin əsas hissəsi ilə birləşdirəcəyik.
Eyni zamanda, İran sərhədində körpü demək olar ki, tikilib bizim təşəbbüsümüzlə və indi sərhəd-gömrük infrastrukturu, binalar tikilir. Yəqin ki, bir neçə aydan sonra o da açılışa hazır olacaq və bu, beynəlxalq nəqliyyat dəhlizi olacaq.
Buradan keçən həm dəmir yolları, həm avtomobil yolları böyük xeyir gətirəcək. Çünki oraya xidmət edən insanlar işlə təmin olunacaqlar. Bunun Zəngilanın və bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfəsi olacaq".
Ölkə başçısının sözlərinə görə, Ermənistanla sərhəd, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon olacaq:
"Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə.
Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib". Ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfəri, həmin rayonlarda həyata keçirilən tikini-quruculuq işləri, reallaşan yeni layihələr ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, Zəngilan tarixən havası, suyu, gözəllikləri, təsərrüfatı ilə ölkəmizin ən səfalı güşələrindən biri olub:

"Təəssüf ki, uzun illər düşmən tapdağı altında qalıb, dağıdılıb, məhv edilib, torpaqları yararsız vəziyyətə salınıb, kəndləri viran qoyulub. Ancaq qələbədən sonra Zəngilan ən xoşbəxt günlərini yaşayır. Artıq bu rayon abadlaşdırılır, yeni kənd, yeni şəhər layihələri həyata keçirilir.
İnsanlar öz ata-baba torpaqlarına qayıdırlar, əkib-becərir, təsərrüfatla məşğul olurlar. Zəngilanın gələcəyinə böyük ümidlərlə baxırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin regionlara, işğaldan azad olunmuş ərazilərə, eləcə də Zəngilana dəfələrlə səfərləri həmin ərazilərin canlandırılmasına, insanların rifahının təmin olunmasına göstərilən qayğı və diqqətin bir nümunəsidir.
Cənab Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə bugünlərdə yenə də Zəngilanda oldu, bir çox obyektlərin açılışında iştirak etdi və Zəngilanın gələcəyi, inkişafı üçün çox mühüm tədbirlərin həyata keçirilməsinə ümidvar olduğunu bildirdi.
Cənab Prezident bildirdi ki, Zəngilan nəqliyyat dəhlizinin üzərində yerləşir. Biz Zəngilanı nəinki Azərbaycanın, bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik. Dəmir yolu inşa edilir.
Yaxın gələcəkdə - bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq. Əlbəttə ki, bu böyük bir sıçrayışın, irəliləyişin nəticəsidir.
Çünki işğaldan azad olunmuş ərazilərin hər qarışında bu gün möhtəşəm tikinti, abadlıq, quruculuq işləri həyata keçirilir. Zəngilanda görülən işlərin də miqyası yoxdur və dəmir yolu Zəngəzur dəhlizi ilə Naxçıvanı birləşdirəcək.
Bu gün burada görülən işlər, eləcə də sərhəddə körpünün salınması, yeni obyektlərin tikilməsi Zəngilanı daha da inkişafa aparacaq, eləcə də burada çox mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək".
Millət vəkilinin sözlərinə görə, Zəngilanda dəmir yolunun çəkilməsi, nəqliyyat infrastrukturunun yaradılması beynəlxalq nəqliyyat dəhlizi üçün əhəmiyyətli rola malik olacaq:
"Bu, həm də yeni iş yerlərinin açılmasıdır. İnsanların rifah halının yaxşılaşdırılması, torpağa bağlılıq, vətənə böyük töhfə vermək deməkdir. Burada görülən işlər bir daha deməyə imkan verir ki, Zəngilan əvvəlki illərdə olduğu kimi, yenə də ölkənin iqtisadiyyatına töhfə verən bir rayona çevriləcək.
Prezident cənab İlham Əliyev də öz çıxışında bunu qeyd edərək bildirib ki, biz Zəngilanın, bütövlükdə Azərbaycanın iqtisadiyyatına çox böyük töhfə vermək əzmindəyik və sözsüz ki, Zəngilan da işğaldan azad olunmuş rayonlarımız kimi ölkə iqtisadiyyatının inkişafında çox böyük rol oynayacaq və burada inşa edilən müasir obyektlər, sənaye müəssisələri insanların həyatının yaxşılaşdırılmasına bir yenilik gətirəcək.
Cənab Prezidentin Zəngilana səfəri bir daha göstərir ki, işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlandırılması abadlıq-quruculuq işlərinin görülməsi hər an ölkə rəhbərinin diqqət mərkəzindədir və sözsüz ki, görülən bu işlər hər birimizi sevindirir".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər:
Zəngilan Tahir Rzayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.