Son illərdə filmlər və ümumilikdə ekran əsərləri insanın düşüncə tərzinə və davranışlarına təsir edən ən güclü vasitələrdən biri kimi qəbul olunur. Bəzi səhnələr yadda qalır, bəzi dialoqlar isə insanın uzun müddət düşüncələrinə təsir edir. Buna görə də kino artıq sadəcə əyləncə deyil, insan psixologiyası ilə sıx bağlı olan bir sahə kimi dəyərləndirilir.
Maraqlı məqamlardan biri də odur ki, kino təkcə fərdi psixologiyaya deyil, həm də cəmiyyətin ümumi davranışlarına təsir göstərə bilir. Məsələn, Türkiyədə baş verən son hadisələrdən sonra ekran əsərlərində zorakılıq və silah səhnələrinə yanaşma dəyişib, bir sıra istehsallarda bu cür elementlərin azaldılması və ya ümumiyyətlə çıxarılması istiqamətində addımlar atılıb. Bu da göstərir ki, filmlərin cəmiyyət üzərində təsiri yalnız emosional deyil, həm də sosial xarakter daşıyır.
Mövzu ilə bağlı psixoloq Ülviyyə Murtuzova Redaktor.az-a açıqlamasında bildirdi ki, aqressiya və zorakılıq məzmunlu filmlər daxili gərginlik yaşayan insanlara daha çox təsir göstərə bilər. Onun sözlərinə görə, filmlərin insan psixologiyasına təsiri əsasən insanın daxili vəziyyətindən asılıdır:
"Hər insanda daxili gərginlik olmasa da, emosional gərginlik və aqressiya yaşayan şəxslər zorakılıq və aqressiya səhnələri olan filmlərdən daha çox təsirlənə bilirlər. Belə filmlərə davamlı şəkildə baxmaq həmin insanların daxilindəki gərginliyi artıraraq emosional reaksiyalarını gücləndirə və bəzi hallarda özünüidarəyə mənfi təsir göstərə bilər".
Psixoloq qeyd etdi ki, bir dəfə film izləmək insan davranışını tam dəyişmir:
"Xüsusilə aqressiyanın tez-tez göstərilməsi zorakı davranışların adi və normal qəbul edilməsinə səbəb ola bilər. Tək bir film insanın davranışını tam dəyişdirməsə də, bu cür məzmunun mütəmadi izlənilməsi, xüsusilə psixoloji gərginliyi olan insanlarda, qeyri-real və əlçatmaz görünən hadisələrin mümkün kimi qəbul edilməsinə, qeyri-adekvat düşüncə və davranış meyillərinin formalaşmasına təsir göstərə bilər".
Ülviyyə Murtuzova vurğuladı ki, bu təsir xüsusilə azyaşlı uşaqlarda daha güclü hiss olunur:
"Azyaşlı uşaqlarda bu təsir daha güclü və daha sürətli formada özünü göstərir. Xüsusilə 2–4 yaş dövründə uşaqların şüuru və davranış normaları tam formalaşmadığı üçün onlar gördüklərini birbaşa qəbul edir və təqlid etməyə meyilli olurlar. Cizgi filmlərində və digər vizual məzmunlarda zorakılıq, qəddarlıq və aqressiyanın göstərilməsi uşaqların təfəkkürünə görüntü vasitəsilə yerləşir və onlar bunu normal davranış kimi qəbul etməyə başlayırlar. Nəticədə bəzi uşaqlar gündəlik həyatda həmin davranışları tətbiq edir, heyvanlara qarşı zorakılıq göstərir, pişik və digər heyvanlara işgəncə verməyə və ya onları incitməyə meyil göstərirlər. Çünki uşaq bu yaş dövründə gördüyünü analiz etməkdən çox onu olduğu kimi qavrayır və normativ davranış hesab edir".
Həmsöhbətimizin sözlərinə görə, zorakılıq məzmunlu filmlər və oyunlar psixoloji risk yarada bilər:
"Aqressiya, zorakılıq və qəddarlıq məzmunlu film və oyunların insan psixologiyasına təsiri danılmazdır. Xüsusilə son dövrlərdə internet üzərindən yayılan bəzi oyunların uşaqları özünəqəsd həddinə qədər apardığı halların şahidi olmuşuq. İnsanlar psixoloji baxımdan eyni olmadıqları üçün bu təsirlər hər kəsdə eyni formada özünü göstərmir. Bəzi insanlar gördüklərini analiz edib təsirdən uzaqlaşa bilsə də, emosional və zəif iradəli şəxslər bu məzmunların təsiri altına daha tez düşə bilirlər. Belə hallarda zorakılığı təbliğ edən filmlər və oyunlar həmin insanlar üçün ciddi təhlükə mənbəyinə çevrilir".
Sonda mütəxəssis valideynlərə çağırış edərək bildirdi ki, uşaqların izlədiyi məzmunlara ciddi nəzarət olunmalıdır.
"Əgər valideyn övladının həssas, tez təsirlənən və psixoloji baxımdan zəif iradəli olduğunu müşahidə edirsə, onun aqressiya, gərginlik və qəddarlıq üzərində qurulan məzmunlara nəzarətsiz şəkildə baxmasına imkan verməməlidir. Burada söhbət sevgi, mərhəmət və müsbət nümunələri təbliğ edən filmlərdən deyil, zorakılığı normallaşdıran və psixoloji təsiri ağır olan məzmunlardan gedir", - deyə o yekunlaşdırdı.
Aydan İSAYEVA