Fransa hökuməti ölkə əhalisini təhlükəli hantavirus infeksiyasından qorumaq məqsədilə sərt profilaktik tədbirlər görməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastyan Lekornu özünün "X" hesabında məlumat yayıb.
Baş nazir qeyd edib ki, virusun yayılma riskini minimuma endirmək üçün xüsusi fərman imzalayacaq: "Bu axşam yoluxmuş şəxslərlə təmasda olanlar üçün müvafiq təcrid tədbirlərinin, eləcə də ümumi əhalinin qorunması tədbirlərinin tətbiqinə icazə verən sənədi imzalayacağam". Lekornu əlavə edib ki, tətbiq edilən məhdudiyyətlərin təfərrüatları və tibbi əsasları yaxın vaxtlarda Səhiyyə Nazirliyi tərəfindən geniş ictimaiyyətə izah olunacaq.
Hökumət başçısının sözlərinə görə, "MV Hondius" kruiz gəmisində olan beş fransız sərnişindən birində "Andes" hantavirusunun simptomları aşkar edilib. Hazırda həmin sərnişinlərin hamısı karantinə alınıb və ciddi həkim nəzarəti altındadırlar.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus daha əvvəl bu virusun geniş yayılma riskinin aşağı olduğunu bildirsə də, "Andes" ştammı digərlərindən fərqli olaraq insandan insana keçmə qabiliyyəti ilə seçilir.
Hantaviruslar əsasən gəmiricilər (siçan və siçovullar) vasitəsilə yayılan və böyrək, eləcə də ağciyərlərdə ağır fəsadlar törədən təhlükəli infeksiyadır. Xəstəliyin bu forması yüksək ölüm göstəricisinə (30-40%) malikdir.
Aminə ŞAHSUVARQIZI