Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçimi "lazımi vaxtda" edəcəyini bildirib.
Musavat.com xəbər verir ki, nazir bu barədə Rusiya prezidenti Vladimir Putinin bəyanatını şərh edərkən yerli mediaya müsahibəsində danışıb.
Mirzoyan qeyd edib ki, İrəvan bu məsələdə mövqeyini əvvəllər də açıq şəkildə bəyan edib:
"Biz həmişə demişik ki, Ermənistanın Aİİ və Aİ arasında seçim etməli olduğunu anladığımız zaman həmin seçim edilməlidir. Burada yeni bir şey yoxdur".
Nazir həmçinin vurğulayıb ki, hazırda ölkəsi hələ də Aİİ-in üzvüdür və bu təşkilat çərçivəsində fəaliyyətini davam etdirir.
"Heç kimə sirr deyil ki, Ermənistan xalqının Avropaya meylləri var. Qərar vaxtı gələndə biz bunu edəcəyik. Hazırda üzvüyük və heç kim bizim ayrıldığımızı deməyib", - o deyib.
Xatırladaq ki, ötən şənbə günü Rusiya prezidenti Vladimir Putin Ermənistanda Aİ və Rusiya ilə münasibətlərin gələcəyinə dair referendumun keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Musavat.com