“Benfika”nın baş məşqçisi Joze Mourinyo Madrid “Real”ına mümkün qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın “Sport.es"ə istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis “kral klubu” ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb.
“Vurğulamaq istəyirəm ki, futbol dünyasında hansısa yerə keçmək və ya keçməmək məşqçilərin və futbolçuların istəyi ilə həll olunmur. Bu məsələdə marağı məhz klublar göstərir və prosesi də onlar başladır.
“Real”la bağlı söhbətlər davam edir, mən isə bu mövzudan yayınmağa çalışıram. Amma bunu tam səmimi şəkildə edirəm. Klub prezidenti və ya rəhbərlikdəki digər şəxslərlə heç bir təmasım olmayıb”
O qeyd edib ki, mövsümün həlledici mərhələsində heç kimlə danışmır:
“Mənim heç kimlə əlaqəm yoxdur və “Eştoril”lə oyuna qədər də olmayacaq. Bundan sonra bir həftəlik fasilə yaranacaq və istədiyim şəxslə danışa bilərəm. Amma görüşlər və danışıqlarla bağlı yayılan xəbərlərin hamısı sadəcə fərziyyədir”.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə Madrid “Real”ını çalışdırıb. Bu müddətdə komanda İspaniya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunu qazanıb.