“Qərara gəlmişik ki, türk xalqlarının çıxış edə biləcəyi yeni bir platforma yaradılsın”.
Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı media üçün açıqlamasında deyib.
O bildirib ki, yaradılmasına qərar verilən Turan Birliyi Forumu dünyadakı türk xalqlarının tribunası olacaq:
"Forumun yaradılmasında əsas məqsəd dünyadakı türklərin regional, qlobal geosiyasi proseslərdəki rolunun aktivləşdirilməsinə, türk xalqları arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə, eyni zamanda, türklərin keçdiyi tarixi yolun işıqlandırılmasına, hazırda dünyanın qütbləşmə prosesində mövqeyinə və gələcək inkişaf perspektivlərinə yardımçı olmaq, həmçinin, türk dünyasının hərtərəfli inkişafına mane olan qüvvələrin qəbul etməkdə çətinlik çəkdiyi Turan ideyasına töhvə verməkdir".
A.Nağı onu da vurğulayıb ki, forumun yaradılması üçün bir neçə dəfə geniş tərkibdə onlayn iclasları da baş tutub:
"Türk xalqları arasında əlaqələri genişləndirmək məqsədi ilə iclasımızda iştirak edən soydaşlarımız da forumun yaradılmasını dəstəklədilər və alqışladılar. Almaniyadan tanınmış jurnalist – yazıçı Fəxrəddin Hacıbəyli, Türkiyədə fəaliyyət göstərən İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İqdır-Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı Ziya Zakir Acar Qarabağ Azadlıq Təşkilatının (QAT) Türkiyə təmsilçisi olmuş ictimai-siyasi xadim Cəfər Dal, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının Yöteborq şəhəri üzrə koordinatoru və Azərbaycan Qarabağ Mərkəzinin rəhbəri Ülviyyə Nəcəfova, Belçika Azərbaycanlıları Birliyinin rəhbəri Ədalət Qulusoy, Azərbaycandan dosent, tarix üzrə fəlsəfə doktoru Səidə İsmayılzadə, siyasi ekspert Novruz Novruzov, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, İqtisad üzrə fəlsəfə doktoru Şamil Mehdi, jurnalist Əntiqə Rəşid forumun iclasında çıxış edərək hazırkı dövrdə bu missiyanın vacib olduğunu, türk xalqlarına qarşı yaradılmış süni problemlərin çoxaldığı bir dönəmdə belə bir foruma ehtiyac olduğunu bildirdilər.
Turan Birliyi Forumunun təsis edilməsi üçün vaxt iyun ayının 13-nə müəyyən edildi və təsis toplantısının keçirilməsi üçün təşkilat komitəsi yaradıldı".
Qeyd edək ki, təsis konfransından sonra forum öz işinə start verəcək.