Nüvə müharibəsinin qalibi olmayacağı haqda tezisi sovet dövlətində ilk dəfə Stalinin ölümündən az sonra Georgi Malenkov deyib.
O zaman o, həm Sov.İKP MK katibi, həm də Nazirlər Sovetində Stalinin birinci müavini olub, rəhbər ölən kimi ölkənin baş naziri (Nazirlər Sovetinin sədri) postunu tutub. Qərb ölkələrində onu “Stalinin varisi” adlandırıblar.
Malenkov sovet dövləti üçün atom bombası yaradan, daha dəqiqi, nüvə proqramının həyata keçirilməsinə rəhbərlik edən 3 nəfərdən biri olub. Digər iki şəxs Lavrenit Beriya və nüvə fiziki İqor Kurçatov idi.
Nüvə müharibəsinin qlobal miqyasda faciə demək olacağını dilə gətirən Malenkov nə dediyini yaxşı bilib, çünki onun əlinin altında ABŞ-nin və SSRİ-nin arsenallarındakı atom bombalarının sayı, dağıdıcılıq gücü haqqında müfəssəl məlumatlar vardı.
Fəqət, qısa müddətdən sonra Kremlə sahiblik uğrunda qızışan mübarizədə Malenkovun nüvə müharibəsi barədə dediyi sözlər onun əleyhinə əks-arqumentə çevrilib. Nikita Xruşov onun sözlərini “Qərb imperializmi qarşısında kapitulyasiya”, “güzəştə meyllilk”, “sovet dövlətinin hərbü qüdrətinə şübhə yaratmaq cəhdi” kimi qələmə verərək mühüm iclaslarda onu kəskin tənqid hədəfinə çevirib. Xruşovun komandası Malenkovu sağdan-soldan sıxışdırıb, Stalin repressiyasının ab-havasını yaxşı bilən baş nazir anlayıb ki, çox dirəşsə, həbs olunub güllələnəcək, ona görə də 1955-ci ilin fevralında ərizə yazaraq baş nazir vəzifəsindən gedib.
Beləliklə, nüvə müharibəsinin, atom silahının necə qorxunc bir şey olduğunu anlayan və bunu ilk dilə gətirən kommunist lider kənara çəkilib.
Əslində Nikita Xruşov özü də başçılıq etdiyi SSRİ-ni sonradan ABŞ ilə nüvə müharibəsinin astanasına (1962-ci ilin oktyabrı, Karib böhranı) gətirsə də, son mərhələdə ABŞ prezidenti Con Kennedi ilə ortaq məxrəcə gəlib. Onlar qarşılıqlı güzəştə gediblər və iki ölkə bir-birinə atom bombası atmayıb.
Ancaq maraqlıdır ki, ölkələrini, eləcə də dünyanın böyük fəlakətdən qurtaran bu iki siyasi liderin biri 1 il sonra güllələnib, o biri 2 il sonra devrilib.
Onların aqibətinin bu cür alınmasında rəqib-düşmən qarşısında kompromiss variantı seçmələrinin rolu nə dərəcədədir, bu, hələ də araşdırma mövzusudur. Ancaq o faktdır ki, SSRİ ilə dil tapmasını ABŞ-də Kennedinin zəufliyi kimi yozanlar olub. SSRİ-də isə Kreml daxilində Xruşovun yetərincə qətiyyətli olmadığına dair rəylər yaranıb.
Ondan sonra yeni-yeni kütləvi qırğın silahları yaratmaq və sınamaq istiqamətində qlobal yarış başlanıb və bu marafona Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail də qoşulub.
Hazırda bütün dünya bilir və deyir ki, nüvə müharibəsi baş verərsə, onun qalibi olmayacaq, bütün planet məhv olacaq. 71 il öncədən fərqli olaraq indi “nüvə müharibəsinin qalibi olmayacaq” deyənləri qınayan, ittiham edən yoxdur. Hamı bilir ki, bu, mütləq həqiqətin dilə gətirilməsidir.
Bununla belə, Rusiyada eks-prezident Dmitri Medvedyev kimi “qırğı”lar var ki, rus ordusu cəbhədə uğursuzluğa düçar olanda Ukraynanı və ona kömək edən Qərb dövlətlərini nüvə silahı ilə təhdid edirlər. Təxminən 4 ildir ki, bu ritorika davam edir. Yalnız bir dəfə ABŞ-nin generallarından biri eyham edəndə ki, Rusiyada olan nüvə silahlarından daha güclüsü Amerikada, eləcə də Avropada var, rus “qırğılar”ın köpü bir az yatdı.
Belə görünür ki, heç kəs o qorxunc silahı işlətmək, böyük bir cinayətin məsuliyyəti altına girmək istəmir. Hələlik heç bir dövlət öz ballistik raketinin burnuna nüvə başlığı bağlamaq fikrində deyil.
Hazırda nüvə silahı başqalarını şantaj etmək səciyyəsi daşıyır. Məsələn, ABŞ və İsrailin İrana raketlə, dronla, qırıcı-bombarmançı təyyarələrlə hücum etdiyi günlərdə belə bir informasiya dolaşırdı ki, guya ABŞ İranın iri şəhərlərinə taktiki atom bombası atmaq fikrindədir. Ancaq bu ehtimal prezident Tramp tərəfindən təkzib edildi.
Təbii ki, bu məlumat təsadüfən tirajlanmamışdı, məqsəd Tehranı qorxutmaq idi. İranın yeni rəhbərliyi bu hədədən qorxdumu, qorxmadımı, özləri bilir, amma region ölkələri belə bir variantın alınacağından qorxurdu.
Dünən Moskvada keçirilən Qələbə paradında RF prezidenti Putinin “bizim işimiz haqdır, qələbə həmişə bizim olacaq” deməsi göstərir ki, Kremldə 71 il öncə Malenkovu istefaya məcbur edən atmosfer eləcə də qalır. O zaman da kompartiya liderləri deyirmişlər ki, biz nüvə müharibəsindən qalib çıxacağıq, çünki işimiz haqdır, sosializm yolundayıq.
Araz Altaylı, Musavat.com