Səngəçal terminalının “yaşıl enerji” ilə təchizatı məqsədilə yeni 220 kilovoltluq yarımstansiya tikilib və işlər artıq yekunlaşıb.
Bunu mayın 9-da “Şəfəq” yarımstansiyasının açılışında “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verərəkən deyib.
Onun sözlərinə görə, bu yenilik nəticəsində terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq və Cəbrayılda günəşdən əldə olunan enerji ümumi enerjisistemə, oradan isə balanslaşdırılmış şəkildə həm də Səngəçal terminalına yönləndiriləcək.
“Səngəçal terminalında təbii qazla işləyən 140 MVt gücündə modul tipli elektrik stansiyasının fəaliyyəti dayandırılmaqla, terminalın illik tələbatının 500 milyon kVt/saatının bərpaolunan enerji hesabına qarşılanması ilə illik 120-150 milyon kubmetrdən artıq təbii qaza qənaət ediləcək. Bu da BP şirkətinin Xəzər regionunda əməliyyat tullantılarının CO2 emissiyasının illik 260-330 min ton azaldılmasına töhfə verəcək”.