AZ

Qars-Bakı birbaşa aviareyslərinin açılması müzakirə olunur

Türkiyədə Qars və Bakı arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələr davam edir.

Bu mövzu Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozanın rəhbərliyi ilə keçirilən ikinci qiymətləndirmə iclasında müzakirə olunub.

Onlayn formatda keçirilən müzakirələrdə Qars hava limanının rəhbəri Oğuz Aydəmir, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, AZAL-ın nümayəndəsi Bekir Bıyıklı və Qars Turizm Assosiasiyasının prezidenti Halit Özer iştirak ediblər.

İclasda Bakı ilə Qars arasında birbaşa reyslərin açılması ilə bağlı texniki, əməliyyat və iqtisadi məsələlər hərtərəfli nəzərdən keçirilib.

Müzakirələr zamanı hər iki ölkədə təhsil alan tələbələrin nəqliyyat ehtiyaclarına xüsusi diqqət yetirilib. Bildirilib ki, birbaşa reyslərin açılması vaxta qənaət etməyə və nəqliyyat xərclərini azaltmağa imkan verəcək.

Qars Ticarət və Sənaye Palatasının sədri qeyd edib ki, reyslərin açılması qış turizmi və mədəni turizm sahəsində böyük potensiala malik Şərqi Anadolunun azərbaycanlı turistlər üçün daha əlçatan olmasına şərait yaradacaq.

Kadir Bozan vurğulayıb ki, Azərbaycanın paytaxtına birbaşa uçuşların həyata keçirilməsi iki qardaş ölkə arasında ticarət əlaqələrinin inkişafına, regional iqtisadi fəallığın artmasına və yeni əməkdaşlıq formalarının yaranmasına töhfə verəcək.

Məsələnin, həm də aviareyslərlə bağlı texniki-iqtisadi əsaslandırmalar çərçivəsində müzakirəsinin davam etdirilməsi qərara alınıb.

MənbəAZƏRTAC
Seçilən
3
2
banker.az

3Mənbələr