AZ

Zelenski: “Ukrayna Aİ yə üzvlük yolunda növbəti mərhələyə hazırlaşır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Avropa İttifaqına (Aİ) inteqrasiya prosesində yeni mərhələyə qədəm qoymağa hazırlaşır və bu istiqamətdə mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta ilə apardığı telefon danışığından sonra açıqlama verib.

Zelenski qeyd edib ki, Avropa Günü münasibətilə Ukrayna xalqına ünvanlanan təbriklər və müharibə dövründə göstərilən dəstək Ukrayna üçün böyük əhəmiyyət daşıyır. Prezident vurğulayıb ki, Rusiya uzun müddətdir Avropanı zəiflətməyə və parçalamağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb.

“Biz öz müstəqilliyimizi və xalqımızın gələcəyini seçmək hüququnu qoruyuruq. Bu mübarizə yalnız Ukrayna üçün deyil, bütün Avropa xalqlarının azad yaşamaq haqqı naminə aparılır. Rusiya Avropanı parçalaya bilməyəcək”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Antonio Koşta ilə danışıqlarda Ukraynanın Avropa İttifaqına üzvlük prosesi, danışıqlar çərçivəsində klasterlərin açılması və növbəti siyasi qərarlar müzakirə olunub. Zelenski Ukraynanın gələcəkdə Avropa İttifaqının tamhüquqlu üzvünə çevriləcəyinə inandığını bildirib.

Prezident əlavə edib ki, tərəflər ABŞ vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında “1000-ə 1000” formatında planlaşdırılan əsir mübadiləsini də müzakirə ediblər. Bu addımın humanitar baxımdan mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Avropa Şurasının prezidenti Antonio Koşta isə ukraynalıları gələcək Avropa ailəsinin üzvləri adlandırıb. O bildirib ki, Avropa Ukraynanın göstərdiyi müqaviməti və Avropa dəyərlərinin müdafiəsində nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirir.

“Ukrayna xalqının cəsarəti bütün Avropaya nümunədir. Biz ədalətli və davamlı sülh əldə olunana qədər Ukraynanın yanında olacağıq”, – deyə Koşta vurğulayıb.

O həmçinin bildirib ki, Avropa İttifaqında Ukraynanın gələcəyinin Aİ-də olduğuna dair güclü siyasi iradə mövcuddur və üzvlük prosesi istiqamətində intensiv iş aparılır.

Xatırladaq ki, Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası üzrə vitse-premyeri Taras Kaçka daha əvvəl bəyan etmişdi ki, Kiyev bu il ərzində Aİ ilə danışıqlar üzrə bütün altı klasterin açılmasını planlaşdırır. Məqsəd 2027-ci ildə Avropa İttifaqına üzvlüklə bağlı sazişin imzalanmasına nail olmaqdır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə qeyd edib ki, Ukraynanın Aİ-yə üzvlük hədəfi iddialı olsa da, bunun üçün ciddi və mürəkkəb islahatların həyata keçirilməsi vacibdir. Onun sözlərinə görə, Ukrayna hazırda bu istiqamətdə mühüm irəliləyiş nümayiş etdirir.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
bizimyol.info

1Mənbələr