Müdafiə Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyə mediatur təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, əvvəlcə media nümayəndələri ilə liseyin kursantları Heydər Əliyev Muzeyini ziyarət edib, dahi şəxsiyyətin zəngin həyat yolu, çoxşaxəli siyasi fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətləri əks etdirən eksponatlarla yaxından tanış olublar.
Sonra media nümayəndələri Heydər Əliyev adına Hərbi Liseydə yaradılan müasir təlim-tədris infrastrukturu, kursantların sosial-məişət şəraiti və gündəlik fəaliyyəti ilə yaxından maraqlanıblar. Junalistlərə liseydə hərbi biliklərin yüksək səviyyədə tədrisi, fiziki hazırlıq prosesinin təşkili, intizam qaydaları və vətənpərvərlik ruhunda aparılan tərbiyə işləri barədə ətraflı məlumat verilib. Media nümayəndələri dərs, məğələ prosesini izləyərək kursantların nəzəri və praktiki hazırlıq səviyyəsini müşahidə ediblər.
Liseyin tarix müəllimi Mirismayıl Seyidov deyib ki, Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu strategiyasının, milli hərbi kadr potensialının formalaşdırılması və peşəkar zabit nəslinin yetişdirilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm tərkib hissəsi kimi yaradılan Heydər Əliyev adına Hərbi Lisey ötən illər ərzində çox böyük uğurlara imza atıb. Lisey minlərlə gəncin vətənpərvərlik ruhunda formalaşmasına, onların hərbi bilik və bacarıqlara yiyələnərək Azərbaycan Ordusunun peşəkar kadrları kimi yetişməsinə mühüm töhfə verib.
Təhsil ocağının məzunları bu gün Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində şərəflə xidmət edir, ölkəmizin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunması istiqamətində mühüm vəzifələri layiqincə yerinə yetirir. 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il Vətən müharibəsində, eləcə də 2023-cü ilin antiterror tədbirlərində liseyin məzunları böyük qəhrəmanlıqlar göstəriblər. Onların sırasında şəhidlik zirvəsinə yüksələnlər də olub. Ümumilikdə, 96 nəfər məzun Vətən uğrunda şəhid olub.
"Biz pedaqoji və zabit heyəti olaraq kursantlarımızın qarşısında hər zaman mühüm tələblər qoymuşuq. 2020-ci ilin Vətən müharibəsinə qədər kursantlarımıza daim bildirirdik ki, nə vaxtsa Silahlı Qüvvələrin Ali Baş Komandanının torpaqlarımızın azad olunması ilə bağlı əmri veriləcək və həmin müqəddəs missiyanın icrasında onlar da iştirak edəcəklər.
Vətən müharibəsi və antiterror tədbirlərindən sonrakı mərhələdə isə kursantlarımıza əsas tövsiyəmiz budur ki, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına azad edilmiş torpaqlarımıza bir daha düşmən ayağı dəyməsin deyə hər zaman ayıq-sayıq olsunlar və Vətənə xidmətlərini layiqincə davam etdirsinlər"- deyə o bildirib.
Liseyin İngilis dili müəllimi Elnurə Rəcəbova isə bildirib ki, Heydər Əliyev adına Hərbi Liseydə çalışmaq onlar üçün şərəfli və məsuliyyətli işdir. Liseydə kursantlara yalnız hərbi biliklər deyil, eyni zamanda vətənpərvərlik dəyərləri, geniş dünyagörüşü və dil bacarıqları da aşılanır.
Onun sözlərinə görə, lisey məzunları bu gün Türkiyə, İtaliya, Koreya və Rusiya kimi ölkələrin nüfuzlu hərbi təhsil müəssisələrində uğurla təhsil alırlar. Kursantların xüsusilə ingilis dili biliklərinə yiyələnməsi onların gələcək hərbi karyerasında mühüm rol oynayır. Bu məqsədlə liseydə müasir linkafon kabinetləri fəaliyyət göstərir. Həmin kabinetlərdə kursantların dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl və sistemli iş aparılır, onlara ingilis dilinin nəzəri və praktik əsasları yüksək səviyyədə tədris olunur.
Ümummilli Lider Heydər Əliyevin müəllim və zabit peşəsinin əhəmiyyətini ifadə edən "Güclü dövlətin olması üçün peşəkar müəllimlərə və peşəkar zabitlərə böyük ehtiyac vardır" fikrini xatırladan Elnurə Rəcəbova vurğulayıb ki, əsas məqsəd kursantların gələcəyin savadlı, peşəkar və Vətənə sadiq zabitləri kimi yetişdirilməsidir.
Uşaqlıqdan hərbi sahəyə marağının olduğunu qeyd edən kursant Qalib Xəlilov vurğulayıb ki, Vətənə xidmət etmək onun üçün təkcə arzu deyil, həm də böyük məsuliyyətdir. Heydər Əliyev adına Hərbi Lisey bu yolda ən düzgün başlanğıcdır. Burada təkcə dərs keçilmir, eyni zamanda kursantlar intizam, məsuliyyət və vətənpərvərlik ruhunda formalaşdırılır.
Kursant bildirib ki, liseydə verilən bilik və tərbiyə gələcəkdə güclü zabit kimi yetişməyin əsasını təşkil edir. O, bu liseyi seçməsinin səbəbini gələcəkdə Vətənə layiqli xidmət etmək və Azərbaycan Bayrağını daim uca tutmaq istəyi ilə izah edib.
Mediatur çərçivəsində jurnalistlər Heydər Əliyev adına Hərbi Liseydə kursantların qidalanma şəraiti və gündəlik yemək normaları ilə də tanış olub, onlarla birlikdə nahar ediblər