AZ

Qarabağ Universitetində interaktiv təlim keçirilib - FOTO

WUF13 çərçivəsində Qarabağ Universitetinin tələbələri üçün dayanıqlı layihə idarəetməsi mövzusunda interaktiv təlim keçirilib.

 

Bu barədə APA-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

 

Məlumata görə, 8 mayda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində gənclərin dayanıqlı şəhər inkişafına cəlb olunması məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Qarabağ Universitetinin tələbələrinə Forumun məqsədləri, ölkəmiz üçün əhəmiyyəti, eləcə də gənclər üçün maraq doğuran mövzular barədə ətraflı məlumat verilib.

 

Bildirilib ki, ölkə üzrə keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gəncləri dayanıqlı şəhər inkişafı və müasir idarəetmə yanaşmaları barədə məlumatlandırmaq, həmçinin onların bu proseslərə daha fəal şəkildə cəlb olunmasını təmin etməkdir.

 

Tədbir çərçivəsində “Dayanıqlı Layihə İdarəetməsi” mövzusunda interaktiv təlim təşkil olunub və Layihə Düşüncə Məktəbinin ekspertləri dayanıqlı layihə idarəetməsi sahəsində öz praktiki təcrübə və biliklərini bölüşüblər.

 

İştirakçılar real tapşırıqlar üzərində işləyərək layihələrin idarə olunması prosesini interaktiv şəkildə tətbiq etmək imkanı əldə ediblər.

 

Bununla yanaşı, tələbələr strateji qərarvermə və planlama, eləcə də komanda işi bacarıqlarının inkişafına yönəlmiş, beynəlxalq səviyyədə tanınan interaktiv “Sea Wolf Game” biznes simulyasiyasında iştirak ediblər. Üç saat davam edən vorkşopun sonunda qalib komandalar və fəal iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırıblar.

 

Qeyd olunub ki, tədbirin əsas hədəfi Qarabağ regionunda müasir idarəetmə yanaşmalarını təşviq etmək və gəncləri “Green Project Management P5” (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) prinsipləri ətrafında maarifləndirməkdir. Bu yanaşma gələcək layihələrdə həm biznes səmərəliliyini, həm də sosial məsuliyyət və ətraf mühitin qorunmasını bir araya gətirməyə xidmət edir.

Tarix: 9 May 2026, 13:08   
Seçilən
31
8
pravda.az

9Mənbələr