Ajans.az xəbər verir ki, onlardan biri təsdiqlənmiş hantavirus infeksiyası olan şəxsi daşıyan təyyarədə olub. Həkimlər həmin şəxsdə yüngül simptomlar aşkar etsələr də, test nəticəsi mənfi çıxıb. Digər yeddi nəfər isə MV Hondius kruiz gəmisindən düşən sərnişinlə təmasda olublar. Gəmidə olan daha beş Fransa vətəndaşı Kanar adalarına çatdıqdan sonra 24–48 saat ərzində ölkəyə qaytarılmalıdır. Onlar həm gəmidən düşərkən, həm də Fransaya çatdıqdan sonra yenidən testdən keçiriləcəklər. Rəsmi məlumata əsasən, hazırda həmin şəxslərdə narahatedici simptomlar müşahidə olunmayıb. Bildirilib ki, Fransaya qayıdan şəxslərdən simptom göstərənlər ixtisaslaşmış tibb müəssisələrində hospitalizasiya olunacaq. Simptomu olmayan şəxslər isə əlavə müayinədən və testdən keçdikdən sonra evə buraxılacaqlar. Qeyd edək ki, MV Hondius gəmisi aprelin 1-də Argentinanın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb. Gəmidə hantavirus testi müsbət çıxan səkkiz nəfərdən üçü həyatını itirib. Təxminən 150 nəfərin olduğu gəmidə müxtəlif ölkələrin – ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları yer alır.
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin sözlərinə görə, And hantavirusuna qarşı hazırda təsdiqlənmiş peyvənd və ya spesifik müalicə mövcud deyil. Əsas mübarizə üsulu erkən tibbi müdaxilə hesab olunur. Təşkilat həmçinin vurğulayıb ki, bu hadisə yeni pandemiyanın başlanğıcı kimi qiymətləndirilməməlidir.