AZ

"Çox güman, “Sabah” “qızıl dubl” edəcək" - Aslan Kərimov final proqnozu

Mayın 13-də Bizon ölkə klubokunun final matçı keçiriləcək.

Əvvəl də xəbər verdiyimiz kimi, saat 20.00-da “Palms Sports Arena”da start götürəcək qarşılaşmada nominal meydan sahibi olan “Sabah” “Zirə”ni sınağa çəkəcək. Ölkənin ikinci yüksək statusa malik yarışında qalibin adı daşları yerinə oturdacaq. Ona görə ki, Masazır təmsilçisi qələbə qazansa, mövsümü 2-ci pillədə bitirəcəyi gözlənilən “Qarabağ” Avropa Liqasında çıxış edəcək. Həmçinin 4-cü yerin sahibi olacaq komanda Konfrans Liqasına vəsiqə qazanacaq. İş ondadı ki, bu yer uğrunda mübarizə aparan komandalar “Zirə” ilə “Neftçi”di. Yəni “qartallar” qalib gəlsə, premyer-liqada tutacağı yerdən asılı olmayaraq, Avropa Liqasında oynayacaq. Başqa sözlə, “Neftçi” ardıcıl üçüncü mövsüm avrokuboklardan kənarda qalacaq. Odu ki, həmin gün təkcə “Sabah”la “Zirə”nin yox, həm də “Qarabağ”la “ağ-qaralar”ın azarkeşləri istər stadionda, istərsə də canlı yayın vasitəsilə görüşü diqqətdə saxlayacaq.

Göründüyü kimi, matçın qısa afişası belə futbol ehtiraslarının alovlanması üçün kifayətdi. Düzdü, budəfəki final sadə şəkildə keçiriləcək. Ancaq təkcə yuxarıda qeyd edilən məqamlar bəs edir ki, matça maraq böyük olsun.

Bəs, hansı komandanın qələbə şansı daha yüksəkdi? Kimi favorit saya bilərik?
Düzdü, “Zirə” tarixində üçüncü, “Sabah” isə ikinci dəfə finalda çıxış edəcək. Yəni bu baxımdan “qartallar” daha təcrübəlidi. Ancaq Masazır təmsilçisinin finala yüksəldiyi ilk mövsümdə, daha dəqiqi, ötən “futbol ili”ndə “Qarabağ”ı məğlub edərək kubok sahibi olduğunu unutmayaq. “Zirə” isə hələ bu uğura nail ola bilməyib. Ümumiyyətlə, “Sabah” müasir futbolda təkcə təcrübənin yetərli olmadığını, başqa məqamların da yetərincə böyük əhəmiyyət daşıdığını sübut edən komandalardandı. Odu ki, bu oyunla bağlı proqnoz vermək çətindi.

Hər halda, təcrübəli mütəxəssis Aslan Kərimov buna çalışdı:

“Komandaların potensialını, gücünü nəzərə alsaq, “Sabah” cari mövsümdə boş yerə çempion olmadığını dəfələrlə sübut edib. Bu komanda “Qarabağ” kimi güclü rəqibə “futbol ili” ərzində uduzmayıb. Həmçinin bütün mövqelərində balans var. “Sabah” çox keyfiyyətli hücumçulara, yarımmüdafiəçilərə, müdafiəçilərə və qapıçıya malikdi. Amma kubokun finalı bir görüşdən ibarətdi. Belədə güclər, demək olar ki, bərabərləşir. Bilirik ki, “Zirə” nəticəyönümlü çıxış edir. Bu komanda dəfələrlə istədiyi nəticəni oyunların son dəqiqələrində əldə edib. Ümumiyyətlə, “Zirə”nin turnir cədvəlindəki mövqeyi mövsümü yaxşı keçirdiyini göstərir. Güclü komandadı. Bu üzdən, ehtiyatlı danışmaq istəyirəm. Lakin “Sabah”ın hücum potensialı o qədər güclüdü ki, “Zirə”nin bu cür dayanmadan təzyiq göstərən komandanın hücumlarının qarşısını ala bilib-bilməyəcəyi sual altındadı. Bütün məqamları nəzərə alsaq, “Sabah” daha şanslı görünür. Çox güman, bu komanda “qızıl dubl” edəcək”.

Yeri gəlmişkən, ki, oyunun biletlərini “iticket.az” saytından əldə etmək olar. Qiymətlər sektorlardan asılı olaraq, 5, 10, 15, 20, 30 və 50 (“VIP Gold”) manat arasında dəyişir.

KƏNAN BAHADIR
Seçilən
28
2
football-plus.az

3Mənbələr