Süni intellektlə bağlı qanunvericiliyə edilən dəyişikliklər Azərbaycanda rəqəmsal transformasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm addımdır. Bu yenilik təkcə texnologiya sahəsinə aid məsələ deyil, eyni zamanda iqtisadiyyatın, dövlət idarəçiliyinin, təhlükəsizliyin və vətəndaş hüquqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Yeni dəyişikliklərin əsas əhəmiyyəti süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə dövlətin bu sahədə hüquqi boşluqların yaranmasının qarşısını almasına xidmət edir, texnoloji yenilikləri qanun çərçivəsində tənzimləməyə çalışır. Bu addım Azərbaycanın beynəlxalq rəqəmsal standartlara yaxınlaşması, innovasiya mühitinin gücləndirilməsi və investorlar üçün daha etibarlı hüquqi zəmanətlərin yaradılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklər müasir rəqəmsal hüququn inkişafı baxımından olduqca mühüm və strateji xarakter daşıyan normativ yeniliklər kimi qiymətləndirilməlidir.

Vəkilin qənaətinə görə, bu dəyişikliklər ilk növbədə süni intellekt texnologiyalarının sürətli inkişafının yaratdığı hüquqi boşluqları aradan qaldırmağa, insanın şəxsi toxunulmazlıq hüququnu, şərəf və ləyaqətini, informasiya təhlükəsizliyini və rəqəmsal mühitdə hüquqi müdafiə mexanizmlərini gücləndirməyə xidmət edir: "Son illərdə dünyada “deepfake” adlandırılan texnologiyaların geniş yayılması, insanların səsinin və görüntüsünün süni intellekt vasitəsilə imitasiya olunaraq saxta audio, video və foto materialların hazırlanması artıq təkcə etik problem deyil, eyni zamanda ciddi hüquqi və milli təhlükəsizlik məsələsinə çevrilib. Xüsusilə, sosial şəbəkələrdə və media platformalarında yayılan manipulyativ və saxta məzmunlar şəxslərin işgüzar nüfuzuna, ictimai etimada, seçki proseslərinə və informasiya təhlükəsizliyinə ciddi təhdid yaratmağa başlayıb. Azərbaycan qanunvericisinin bu istiqamətdə xüsusi hüquqi tənzimləmə mexanizmi yaratması beynəlxalq hüquqi tendensiyalara tam uyğun və zəruri addım hesab olunmalıdır. Cinayət Məcəlləsinə əlavə edilən 148-2-ci maddə mahiyyət etibarilə şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları vasitəsilə reallığı əks etdirməyən audio, video və foto materialların hazırlanmasını və yayılmasını cinayət əməli kimi müəyyən edir. Fikrimcə, bu norma müasir dövrün rəqəmsal manipulyasiya cinayətlərinə qarşı hüquqi müdafiə mexanizmi rolunu oynayır. Maddənin diqqətçəkən tərəfi bundan ibarətdir ki, qanunverici yalnız həmin saxta materialların yayılmasını deyil, onların hazırlanmasını da ictimai təhlükəli əməl kimi qiymətləndirir. Bu isə preventiv hüquqi müdafiə prinsipinə əsaslanır, çünki müasir texnologiyalar şəraitində belə materialların hazırlanması özü artıq şəxsin hüquqlarına potensial müdaxilə hesab edilir və gələcəkdə daha ağır nəticələr doğura bilir".
R.Qaraşov deyib ki, 148-2.1-ci maddədə nəzərdə tutulan cəzalar kifayət qədər ciddi xarakter daşıyır: "Belə ki, təqsirli şəxs 3 min manatdan 7 min manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Hesab edirəm ki, burada qanunverici cəzanın fərdiləşdirilməsi prinsipini əsas götürərək məhkəməyə geniş imkan təqdim edibr. Bununla yanaşı, maddənin ikinci hissəsində ağırlaşdırıcı hallar ayrıca göstərilib və daha sərt sanksiyalar müəyyən edilib. Əməlin bir qrup şəxs tərəfindən törədilməsi, iki və ya daha çox şəxsə qarşı yönəlməsi, şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədi daşıması və ya zərərçəkmişin xidməti fəaliyyəti ilə əlaqədar törədilməsi hallarında artıq 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu yanaşma, xüsusilə, ictimai vəzifə daşıyan şəxslərin, jurnalistlərin, dövlət qulluqçularının və ictimai fiqurların rəqəmsal manipulyasiyalara qarşı hüquqi müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Cinayət Məcəlləsinə əlavə olunan 242-1-ci maddə isə daha ağır nəticələr doğuran xüsusi normadır. Bu maddəyə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilməklə süni intellekt vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanması və yayılması 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Düşünürəm, bu dəyişiklik xüsusi mühüm əhəmiyyət daşıyır, çünki beynəlxalq praktikada süni intellekt vasitəsilə hazırlanmış seksual məzmunlu saxta materiallar insanların psixoloji sağlamlığına, ailə münasibətlərinə, sosial statusuna və peşə fəaliyyətinə son dərəcə ağır təsir göstərən cinayət forması kimi qəbul edilir. ABŞ-nin bir sıra ştatlarında artıq “AI-generated non-consensual pornography” ayrıca cinayət tərkibi kimi tanınır. Böyük Britaniyada qəbul edilmiş Online Safety Act çərçivəsində razılıq olmadan yaradılan seksual “deepfake” materiallarının yayılması qanunla qadağan edilib. Cənubi Koreyada isə son illərdə xüsusilə qadınlara qarşı törədilən “deepfake” halları ilə bağlı cinayət məsuliyyəti daha da sərtləşdirilib. Azərbaycan qanunvericisinin də bu istiqamətdə sərt cinayət-hüquqi mövqe nümayiş etdirməsi insan hüquqlarının müdafiəsi baxımından mühüm addım hesab edilməlidir".
Vəkilin sözlərinə görə, Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişiklik də praktik baxımdan xüsusi əhəmiyyət daşıyır: "37.3-cü maddəyə 148-2.1-ci maddənin əlavə edilməsi həmin cinayətlərin dövlət ittihamı qaydasında araşdırılmasına hüquqi əsas yaradır. Hesab edirəm ki, rəqəmsal cinayətlərin təbiəti nəzərə alınmaqla bu yanaşma olduqca düzgündür, çünki belə hallarda sübutların toplanması, texniki ekspertizaların aparılması və elektron izlərin müəyyən edilməsi mürəkkəb prosesdir. Zərərçəkmiş şəxsin bu prosesi təkbaşına aparması bir çox hallarda mümkün olmur. Dövlətin cinayət təqibində aktiv iştirakı isə kibercinayətkarlıqla mübarizənin effektivliyini artırır. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliklər informasiya təhlükəsizliyi baxımından xüsusilə diqqətəlayiqdir. Yeni 13-2.3.9-1-ci maddə süni intellekt vasitəsilə hazırlanmış saxta və pornoqrafik materialları qanunla yayılması qadağan edilən informasiyalar sırasına daxil edir. Bu isə həmin məzmunların internet informasiya ehtiyatlarından silinməsi və bloklanması üçün hüquqi əsas yaradır. Daha mühüm yenilik isə 13-2.7-ci maddədə nəzərdə tutulan “nişanlanma” tələbidir. Həmin normaya əsasən, süni intellekt vasitəsilə hazırlanmış foto, video və audio materiallar kütləvi nümayiş etdirildikdə onların AI texnologiyası ilə yaradıldığı açıq şəkildə göstərilməlidir. Fikrimcə, bu dəyişiklik gələcəkdə rəqəmsal media hüququnun əsas prinsiplərindən birinə çevriləcəkdir, çünki informasiya istehlakçısının aldadılmaması və manipulyasiyaya məruz qalmaması hüquqi dövlət və şəffaf informasiya siyasətinin mühüm elementidir. Bu məsələdə Avropa İttifaqının təcrübəsi xüsusi diqqətəlayiqdir. Avropa İttifaqının qəbul etdiyi AI Act süni intellekt texnologiyalarının istifadəsinə dair dünyada ilk genişmiqyaslı hüquqi çərçivələrdən biri hesab olunur. Həmin sənədə əsasən, “deepfake” məzmunlar istifadəçiləri aldatmamaq üçün xüsusi şəkildə nişanlanmalıdır. ABŞ və Kanada qanunvericiliyində də seçki proseslərinə təsir göstərə biləcək saxta AI videoları ilə bağlı məhdudiyyətlər tətbiq olunur. Almaniya və Fransa kimi dövlətlər isə şəxsi həyat hüququnun pozulması və rəqəmsal identikliyin qanunsuz istifadəsi ilə bağlı mülki və cinayət məsuliyyəti mexanizmlərini gücləndirib. Azərbaycan qanunvericiliyində qəbul edilən dəyişikliklər də mahiyyət etibarilə beynəlxalq hüquqi tendensiyalara inteqrasiya xarakteri daşıyır və milli hüququn qlobal rəqəmsal çağırışlara uyğunlaşdırıldığını göstərir".
R.Qaraşov vurğulayıb ki, “Media haqqında” qanuna edilən dəyişikliklər də media subyektlərinin məsuliyyətini artıran mühüm hüquqi yeniliklərdir: "Yeni 14.1.13-1-ci maddəyə əsasən, media subyektləri şəxsin razılığı olmadan hazırlanmış saxta və ya pornoqrafik AI materiallarının yayılmasına yol verməməlidirlər. Hesab edirəm ki, bu norma media azadlığı ilə şəxsi həyatın qorunması arasında balansın təmin olunmasına yönəlib. Müasir dövrdə media yalnız informasiya yayan institut deyil, eyni zamanda ictimai rəy formalaşdıran və sosial məsuliyyət daşıyan hüquqi subyektdir. Süni intellekt texnologiyalarının yaratdığı manipulyasiya imkanları nəzərə alınmaqla media qurumlarının məsuliyyətinin artırılması hüquqi baxımdan tam əsaslandırılıb. Ümumilikdə qiymətləndirdikdə, qəbul edilən dəyişikliklər Azərbaycan Respublikasında rəqəmsal hüququn və kibertəhlükəsizlik siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Qənaətimə görə, qanunvericinin əsas məqsədi süni intellekt texnologiyalarının inkişafını məhdudlaşdırmaq deyil, həmin texnologiyalardan insan hüquqlarına, şəxsi həyata və informasiya təhlükəsizliyinə qarşı sui-istifadə hallarının qarşısını almaqdır. Bu dəyişikliklər həm hüquqi dövlət prinsipinin möhkəmləndirilməsi, həm insan hüquqlarının müdafiəsi, həm də rəqəmsal təhlükəsizliyin təmin olunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır və gələcəkdə Azərbaycan hüquq sistemində süni intellektin hüquqi tənzimlənməsinin əsasını təşkil edə bilər".
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov isə deyib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi olduqca vacib və vaxtında atılmış addımdır:

"Xüsusilə "deepfake", saxta məlumat yayılması, rəqəmsal manipulyasiya və biometrik məlumatların sui-istifadəsi kimi yeni nəsil risklərin artdığı bir dövrdə hüquqi və texniki nəzarət mexanizmlərinin gücləndirilməsi zəruri hesab olunur. Texniki baxımdan yanaşdıqda ölkə üzrə artıq bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, kibertəhlükəsizlik sahəsində nəzarət mexanizmlərinin formalaşdırılması və qanun çərçivəsində təhlükəsizlik tədbirlərinin mərhələli şəkildə inkişaf etdirilməsi müsbət göstəricidir. Dövlət qurumları tərəfindən rəqəmsal təhlükələrə qarşı preventiv yanaşmanın tətbiqi gələcək risklərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Süni intellekt texnologiyaları həm böyük imkanlar, həm də yeni təhlükələr yaradır. Bu səbəbdən qanunvericilikdə edilən dəyişikliklər yalnız hüquqi addım deyil, eyni zamanda milli kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik baxımından əhəmiyyətli strateji yanaşma kimi qiymətləndiririk. Ümumilikdə, "deepfake" və süni intellekt əsaslı rəqəmsal təhdidlərə qarşı həyata keçirilən bu dəyişikliklər vaxtında və düzgün atılmış addımlardır".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova
