AZ

Xilaskarlığın Naxçıvandan başlanan missiyası 

XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan zamanın dahisi Heydər Əliyevin siyasi portreti Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış müdrik idarəçilik məktəbinin canlı təcəssümüdür.

Naxçıvanın dönüş mərhələsi

Ulu Öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, ictimai-siyasi xadimlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi əvəzolunmaz şəxsiyyətdir. Ulu Öndər həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulduğu Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Ulu Öndərimiz yüksək vəzifələrdə çalışdığı illərdə də heç vaxt Naxçıvanı unutmayıb, qədim diyarı daim diqqət mərkəzində saxlayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyirdi: "Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı".

Dahi şəxsiyyət 1970-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə oldu. Reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edildi, gələcək perspektivə hesablanmış addımlar atıldı.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş ittifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb vəziyyət cərəyan etməkdə idi. Belə zamanda Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durum Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. 

Ölkənin çətin bir dövründə Ulu Öndər  Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında muxtar respublikaya qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda fəaliyyət özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin güclü siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə sözün redaktəsi  deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi. 

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi. 

Əbədi və yenilməz müstəqilliyə doğru...

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən, bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər. Həmin illərdə obyektiv səbəblərdən Naxçıvana gedə bilməyənlər isə muxtar respublikanın Ali Məclisinin Sədri Heydər Əliyevin ünvanına saysız-hesabsız müraciətlər, teleqramlar göndərərək xalqı düşdüyü bəlalardan qurtarmağı xahiş edirdilər. Azərbaycanın düçar ola biləcəyi fəlakətlərin qarşısının vaxtında alınması məqsədilə sağlam qüvvələrin Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmək niyyəti yalnız bir qrup ziyalının deyil, respublikamızın bütün bölgələrində, şəhər və kəndlərində ayrı-ayrı vətəndaşlar, müxtəlif sosial qruplar arasında eyni zamanda başlanmışdı. Bu istiqamətdə ilk dövrlərdə olan kortəbii, dağınıq fəaliyyət getdikcə daha mütəşəkkil xarakter almış və yeni partiyanın yaradılması üçün dahi liderə yazılı müraciət edilməsi zərurətini doğurmuşdu.

Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi: "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində iştirak etməyə hazıram".

1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. Qarşıda isə Ulu Öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi...

1993-cü il iyun ayının 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev təbiətin ona bəxş etdiyi fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı. 

Müasir Naxçıvanın yol xəritəsi

Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. 

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Naxçıvan dövlət başçısının ötən müddətdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında daim əhatə olunmuşdur. Bundan başqa, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident sərəncamı imzalanmış, nəhayət, muxtar respublika sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar Naxçıvanın hərtərəfli tərəqqisini təmin etmiş, yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirmişdir.

Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Xartiyada təsbit edilmiş quru və hava nəqliyyatı infrastrukturunun inkişafı, ticarət və tranzitin asanlaşdırılması, gömrük nəzarəti və sərhəd keçidi, beynəlxalq multimodal logistika kimi müddəalar əlbəttə ki, daha çox Naxçıvan məzmunludur. Regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi olacaq Zəngəzur dəhlizi Azərbaycan Respublikasının əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantısını təmin edəcək. Ən əsası isə Naxçıvanın Avrasiyanın mühüm qovşağına çevrilməklə bağlı cənab Prezidentin strateji hədəfinin gerçəkləşməsinə əsaslı şərait yaradacaq. 

Dövlət başçımızın qarşıya qoyduğu hədəflər, müəyyənləşdirdiyi vəzifələr və bütün bunların məsuliyyəti Naxçıvanda düzgün, aydın, birmənalı dərk edilir. Onların yerinə yetirilməsi Naxçıvanda prioritet vəzifə kimi qəbul olunur, nəticə etibarilə bu iqtisadi region möhtərəm Prezidentimizin müəyyən etdiyi istiqamətdə uğurla irəliləyir.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını daha da artırmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bunu yüksək dəyərləndirib və onun ətrafında daha sıx birləşiblər. 

Ötən illərə baxdıqca bir daha əmin oluruq ki, ölkəmizdə dahi lider Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Onun çəkdiyi yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur.

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Seçilən
22
azerbaijan-news.az

1Mənbələr