AZ

“Ən təhlükəli insan alveri sosial şəbəkələrdə formalaşır” – SENSASİON AÇIQLAMA

Bu gün Milli Məclisdə Azərbaycanda insan alveri ilə bağlı dinləmələr keçirilib.

Musavat.com xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair” illik hesabatı geniş müzakirə olunub. Müzakirələrdə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, vətəndaş cəmiyyəti institutları və media təmsilçiləri də iştirak edib.

Müzakirələrdə iştirak etmiş Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Musavat.com-a deyib ki, təqdim olunan hesabat yalnız statistik rəqəmlər toplusu deyil. Onun sözlərinə görə, sənəd göstərir ki, Azərbaycanda insan alverinə qarşı mübarizə artıq hüquq-mühafizə fəaliyyəti kimi deyil, sosial müdafiə, insan hüquqları, ictimai təhlükəsizlik və preventiv idarəetmə məsələsi kimi qiymətləndirilməyə başlanıb. Əliməməməd Nuriyev bildirib ki, insan alveri elə cinayət növüdür ki, onu yalnız cinayət təqibi çərçivəsində idarə etmək mümkün deyil: “Dünya təcrübəsi göstərir ki, insan alveri sosial həssaslıq, hüquqi savadsızlıq, miqrasiya riskləri, yoxsulluq, qeyri-rəsmi əmək münasibətləri və rəqəmsal manipulyasiya ilə paralel inkişaf edir”.

ab583b23-29ea-406d-beef-19d67ba1ad06.jpeg

Əliməmməd Nuriyev qeyd edib ki, hesabatda yer alan beynəlxalq statistika da bunu təsdiqləyir. Onun sözlərinə görə, Avropa İttifaqının 2026-cı ilin yanvar ayında açıqladığı məlumatlara əsasən, 2024-cü ildə Aİ ölkələrində 9 min 678 insan alveri qurbanı müəyyən edilib. Onların 63 faizini qadın və qızlar təşkil edib. Qurbanların 46 faizi cinsi istismara məruz qalan şəxslər olub. Eyni zamanda məhkum olunan insan alverçilərinin sayında 13 faizlik artım qeydə alınıb. Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, ATƏT-in hesabatında isə 2021-2024-cü illər ərzində iştirakçı dövlətlər üzrə 102 min insan alveri qurbanının müəyyən edildiyi göstərilir: “Xüsusilə diqqət çəkən məqamlardan biri onlayn cinsi istismar hallarının kəskin artımıdır. Hesabata əsasən, bu göstərici 2021-ci ildə 9 fakt olduğu halda, 2025-ci ildə 1665 fakta yüksəlib”.

Ekspert bildirib ki, bu rəqəmlər artıq insan alverinin klassik kriminal hadisə olmaqdan çıxaraq rəqəmsal və sosial təhlükəsizlik probleminə çevrildiyini göstərir.

Əliməmməd Nuriyev Azərbaycan üzrə hesabatın diqqət çəkən tərəflərindən birinin preventiv tədbirlərin geniş yer tutması olduğunu deyib. Onun sözlərinə görə, sənəddən görünür ki, 71 orta ixtisas təhsil müəssisəsində maarifləndirici seminarlar keçirilib, müxtəlif dövlət qurumlarına 3400 maarifləndirici material göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial mediada 14 videoçarx və 7 poster yayımlanıb. 61 maarifləndirici görüşdə 2500-dən çox şəxs iştirak edib. MEDİA Agentliyinin dəstəyi ilə 56 media subyektində 184 material dərc olunub, 45-dən çox şəhər və rayonda tədbirlər keçirilib. “Artıq aydın görünür ki, insan alverinə qarşı mübarizə yalnız əməliyyat tədbirləri ilə məhdudlaşdırılmır. Dövlət bu təhlükəni sosial sabitlik, insan hüquqları və ictimai təhlükəsizlik məsələsi kimi qiymətləndirməyə başlayıb”, - deyə o vurğulayıb.

Əliməmməd Nuriyev xüsusilə uşaqlarla bağlı tədbirlərin müsbət qiymətləndirilməli olduğunu bildirib. Onun sözlərinə görə, hesabatda 1342 sosial pedaqoqun işə qəbul edilərək 1020 məktəbə təhkim olunduğu, 67 məktəbdə inklüziv siniflərin təşkil edildiyi, risk qrupuna aid uşaqlarla bağlı monitorinqlərin aparıldığı qeyd olunur. Bundan başqa, 936 uşaq və 511 valideyn üzrə profilaktik tədbirlər həyata keçirilib. “İnsan alverinə qarşı mübarizə çox vaxt cinayət baş verəndən sonra deyil, insanın risk mühitinə düşməsinin qarşısı alınanda başlayır”, - deyə o əlavə edib. Əliməmməd Nuriyev qurbanlarla bağlı mexanizmlərin də hesabatın mühüm tərəflərindən biri olduğunu bildirib. O qeyd edib ki, 2025-ci ildə müəyyən edilmiş 46 insan alveri qurbanının hamısına tibbi, hüquqi, psixoloji və sosial yardım göstərilib, hər birinə 700 manat birdəfəlik müavinət verilib, bir hissəsi peşə kurslarına və məşğulluq proqramlarına cəlb olunub. Ekspertin sözlərinə görə, qurbanların uşaqları ilə bağlı təhsil, sənədləşmə, aliment təminatı və məktəbəqədər hazırlıq tədbirlərinin həyata keçirilməsi də hesabatın humanist tərəflərindən biridir.

60865344-d16a-4935-85b3-1c49b9d7bc6e.jpeg

Əliməmməd Nuriyev vurğulayıb ki, hüquqi dövlət anlayışı yalnız cinayətkarın cəzalandırılması ilə ölçülmür: “Hüquqi dövlət ilk növbədə zəifin qorunması bacarığıdır. İnsan alverinə qarşı mübarizə də əslində dövlətin insan ləyaqətinə münasibətinin göstəricilərindən biridir”. O, son illər insan alverinə qarşı mübarizə sahəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin daha sistemli xarakter aldığını da bildirib.

Əliməmməd Nuriyevin sözlərinə görə, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq təşkilatlarla əməkdaşlıq, regionlarda aparılan maarifləndirmə tədbirləri və qurbanlarla iş istiqamətində görülən tədbirlər bunu təsdiqləyir. “Bu istiqamətdə Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov tərəfindən insan alverinə qarşı mübarizə məsələsinin diqqətdə saxlanılması, preventiv və institusional tədbirlərin gücləndirilməsi, ictimai iştirakçılıq mexanizmlərinə dəstək verilməsi müsbət qiymətləndirilməlidir”, - deyə o bildirib. Əliməmməd Nuriyev hesab edir ki, hesabatda beynəlxalq əməkdaşlıq məsələlərinin geniş yer alması da mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, BMT, İNTERPOL və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərə ciddi yanaşdığını göstərir.

Sonda ekspert bildirib ki, ən ciddi risklərdən biri rəqəmsal platformalar üzərindən insan alveri təhlükəsidir: “Bu gün insan alveri çox vaxt saxta iş elanları, sosial şəbəkələr, onlayn manipulyasiya və qeyri-rəsmi işədüzəltmə vədləri vasitəsilə həyata keçirilir. Müasir insan alveri artıq yalnız fiziki məkanlarda deyil, telefon ekranında və sosial şəbəkələrdə formalaşır”. Əliməmməd Nuriyev hesab edir ki, növbəti mərhələdə rəqəmsal risk monitorinqinin gücləndirilməsi, sosial şəbəkələr üzərindən aparılan verbovka hallarına nəzarətin artırılması, gənclərin hüquqi və rəqəmsal maarifləndirilməsi, qeyri-rəsmi əmək bazarında risk analizlərinin genişləndirilməsi və regionlar üzrə sosial risk xəritələrinin hazırlanması vacib istiqamətlərdən biri olmalıdır. “İnsan alverinə qarşı mübarizə yalnız cinayətkarın tutulması deyil. Bu, insan ləyaqətinin müdafiəsidir”, - deyə o fikrini tamamlayıb.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr