AZ

Heydər Əliyevin müstəqillik dövrü fəaliyyətində Litva səhifələri

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mahir HƏMZƏYEVLitva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü [email protected]

Dünyaca ünlü siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü, həm də onun informasiya blokadası şəraitində xarici media ilə qurduğu mühüm körpülərlə yadda qalıb. O, həmin illərdə burada Litva jurnalistləri Ritas Stasyalis, Rita Milyute və Riçardas Lapaytisi qəbul edərək onlara üç dəfə eksklüziv müsahibələr verib. Bu müsahibələr o zaman Litva qəzetlərinin manşetinə çevrilmişdi. Həm də diqqətçəkən məqam budur ki, R. Stasyalisin aldığı müsahibə H. Əliyevin 1990-cı ildə Moskvadan qayıtmasından sonra, onun Naxçıvandan dünyaya açılan ilk media pəncərəsi və xarici mətbuata verdiyi ilk bəyanatı idi. Müsahibə o zaman Klaypedada nəşr olunan "Mazoji Lietuva" adlı həftəliyin 15 avqust 1990-cı il tarixli sayında dərc edilib.

Heydər Əliyev Litva jurnalisti Ritas Stasyalisə Naxçıvanda müsahibə verərkən. Avqust 1990-cı il. 

(şəkil R. Stasyalisin şəxsi arxivindən götürülüb)

 

1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iki gün sonra isə doğma Naxçıvana uzanan yol H. Əliyevin siyasi fəaliyyət tarixində yeni mərhələnin başlanğıcı idi. Onun Naxçıvanda başlayıb müstəqil Azərbaycanın dövlət rəhbərinə qədər yüksələn 1990-2003-cü illər fəaliyyəti, öz mahiyyəti və strateji hədəfləri ilə sovet dövründəki fəaliyyətindən köklü şəkildə fərqlənir. Maraqlıdır ki, H. Əliyevin bu dövrdəki siyasi kursu və dövlət idarəçiliyi fəlsəfəsi Baltik ölkələrinin liderləri - Algirdas Brazauskas, Anatoliys Gorbunovs və Arnold Rüytel kimi siyasətçilərin o zaman müstəqillik uğrunda atdığı addımlarla bəzi oxşarlıqlar təşkil edirdi. O da keçmiş Baltik sovet respublikalarının kommunist rəhbərləri kimi, milli oyanışın ideya carçısı və milli azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin fəaliyyətini ilk mərhələdə dəstəkləmiş, Azərbaycanın dövlət müstəqilliyinin bərpası naminə prinsipial mövqe nümayiş etdirmişdir. 

H.Əliyev 1990-cı ildə Litva jurnalistlərinə verdiyi tarixi müsahibələrində Moskvadan Azərbaycana qayıtmasının pərdəarxası məqamlarını açıqlamaqla yanaşı, 20 Yanvar faciəsinə də siyasi qiymət vermiş, azadlıq naminə mübarizəyə qalxan Azərbaycan xalqına qarşı Kremlin planlaşdırdığı qanlı təcavüzün əsl ideya müəlliflərini, icraçılarını və onların yerli əlaltılarını dəqiqliklə ifşa etmiş, Ermənistan-Azərbaycan, Qarabağ münaqişəsi və soydaşlarımızın deportasiyası ilə bağlı acı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmışdır.

Bu müsahibələr həm də H. Əliyevin Litva tarixinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirirdi. Onun Litva milli azadlıq hərəkatına yüksək dəyər vermək, bu fədakar xalqın istiqlal mücadiləsini SSRİ-də daha geniş tanıtmaq və dünya miqyasında daha möhkəm fikir formalaşdırmaq səyləri sözügedən müsahibələrin leytmotivini təşkil edirdi.

1990-1992-ci illərdə Naxçıvana gəlib Heydər Əliyevdən eksklüviz müsahibə götürən Litva jurnalistləri Ritas Stasyalis, Rita Milyute və Riçardas Lapaytis.  

Müsahibələrdən görünür ki, H.Əliyev o zaman Litvanın SSRİ-dən çıxmaq və öz müstəqilliyinə qovuşmaq səylərini, xalqın iradəsini və azadlıq uğrunda apardığı mübarizəni birmənalı şəkildə dəstəkləyirdi. O, Litva milli dirçəlişinin simvolu və aparıcı qüvvəsi olan Sayudis hərəkatına rəğbət bəsləyir, onun fəaliyyətini millətin şərəf savaşı kimi dəyərləndirirdi. Xüsusilə 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktını Stalinin imperiya ambisiyalarının qanlı izi, Litva xalqının taleyinə vurulmuş ağır zərbə və rüsvayçı sənəd adlandıraraq qətiyyətlə pisləyirdi. Bu paktın gətirdiyi fəlakətli nəticələri açıq şəkildə ifşa edən H. Əliyev, əslində litvalıların suverenlik hüququnun mənəvi sipərinə çevrilmişdi.                               

Vurğulamaq istərdik ki, H.Əliyev 1990-cı illərdə Litva ilə əlaqələrə xüsusi önəm verərkən tez-tez qeyd edirdi ki, Litva SSRİ-nin süqutu prosesində "ilk cığır açan" ölkədir. O, həmçinin 1989-cu ildə SSRİ Ali Sovetinə Litvadan seçilən Xalq deputatlarının respublikanın suverenliyinə yönəlik fəaliyyətini rəğbətlə izlədiyini həm sözügedən müsahibələrində, həm də sonrakı çıxışlarında dəfələrlə vurğulamış, o zaman Litva KP MK-nın 1-ci katibi vəzifəsində çalışan ünlü dövlət xadimi Algirdas Brazauskasın (1932-2010) Litvanın müstəqilliyə nail olmaq məsələsində SSRİ rəhbərliyi və prezident M. Qorbaçovla apardığı danışıqlar zamanı tutduğu prinsipial mövqeni, təmkinli davranışını, cəsarətini, dəyanətini və eyni zamanda ziyalılığını həmişə qeyd etmişdir. O, A. Brazauskasın Moskva ilə apardığı mürəkkəb siyasi manevrləri bir növ yeni siyasi təcrübə kimi dəyərləndirirdi.  Bu, müttəfiq respublika rəhbərinin Sov. İKP-nin və Kremlin hegemonluq siyasətinə qarşı açıq çıxdığı ilk hal idi.

H.Əliyev sonralar Azərbaycan prezidenti olaraq çalışarkən - 1995-ci il mayın 7-də Londonda, həmin ilin oktyabrın 25-də Nyu Yorkda, 1996-cı il yanvarın 11-də Parisdə və 1997-ci il iyulun 8-də Madriddə baş tutmuş müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən zaman burada digər dövlət başçıları ilə yanaşı Litva prezidenti A. Brazauskasla da görüşmüş və onlar ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirmək barədə fikir mübadiləsi aparmış, Azərbaycanın qarşılaşdığı ən ağır problem - Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təcavüz və ərazilərin işğalı barədə, habelə bu münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində atılan addımlar haqqında ətraflı danışmışlar.

Prezident A.Brazauskas mətbu çıxışlarının birində qeyd etmişdir ki, "Heydər Əliyevin zəngin təcrübəsi və müdrikliyi sayəsində əldə edilmiş nəticələr yeni müstəqillik qazanmış digər ölkələr üçün də gözəl nümunədir".

Prezident H.Əliyev 17 may 2001-ci ildə Litvanın Azərbaycandakı səfiri Halina Kobetskaytenin etimadnaməsini qəbul etdikdən sonra onların arasında baş tutmuş səmimi söhbət zamanı müstəqilliyə qədər Litva ilə saxladığı siyasi əlaqələrinə də toxunaraq demişdir:

"Litva Prezidenti Valdas Adamkus tərəfindən ölkənizə səfər etməyə dəvət olunduğum üçün çox təşəkkür edirəm. Mən çalışacağam ki, münasib vaxt tapıb Litvaya gəlim. Keçmişdə - SSRİ dövründə mən Litvanı ziyarət etmişəm. Sonra Moskvada çalışanda Litvanın işləri ilə çox məşğul olmuşam. Ona görə də indi yenə gedib Litvanı görmək istəyirəm. (...) O vaxt, sovetlər vaxtı A.Brazauskas Litvanın müstəqil olması üçün çox çalışırdı. O, vaxtilə, hələ SSRİ dönəmində çox məşhurlaşmışdı. O da orada Kommunist partiyasının başçısı idi. Sonra müstəqil Kommunist partiyası yaratdı. Onda Qorbaçov da Litvada bir partiya yaratdı - Sov. İKP platformasında duran - yəni, Moskvaya baxan Litva Kommunist partiyasını. Hamısı xatirimdədir. İndi bizim ölkələrimiz - Litva da, Azərbaycan da müstəqildir. Azərbaycan və Litva qonşu olmasalar da, ölkələrimizin müstəqillik tarixində oxşar cəhətlər çoxdur. Odur ki, müstəqil və eyni həyat yolu keçmiş dövlətlər kimi bizim əlaqələrimizin inkişaf etdirilməsi üçün görüşlərimiz vacibdir. Mən bu dəvəti yerinə yetirəcəyəm. Eyni zamanda mən Litva prezidenti V. Adamkusu Azərbaycana dəvət etmişəm. Yəqin ki, o da bunu edəcəkdir".  

1. Litva Respublikasının prezidenti Algirdas Brazauskas. 2. Litva Respublikasının 2001-2004-cü illərdə Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Halina Kobetskayte.

Səfir Halina Kobetskayte isə 2023-cü ildə Vilnüsdə mətbuatda dərc olunmuş xatirələrində göstərir ki, "H.Əliyevlə iki dəfə görüşüb söhbət etmişik. Birinci dəfə 2001-ci ildə Bakıda etimadnaməmi təqdim edərkən. O zaman gördüm ki, bu insanın əla yaddaş qabiliyyəti vardır. Litvada nə vaxt, necə və harada olduğunu incəliklərinə qədər dəqiq xatırlayırdı. Həm də onda mənə elə gəldi ki, o Moskvadan möhkəm inciyib və xüsusilə də M.Qorbaçovu xoşlamır. Ələlxüsus da ona görə ki, M.Qorbaçov Azərbaycan sözünü düzgün tələffüz edə bilmirdi. (...) Məndə belə bir təəssürat yarandı ki, H.Əliyevin əsas istəyi Moskvadan üz döndərmək idi.

İkinci görüş isə 2002-ci ildə baş tutdu. Bizə dedilər ki, özünü pis hiss etdiyi üçün onunla 15 dəqiqə danışa bilərik. Buna rəğmən görüşümüz 50 dəqiqə çəkdi. Söhbətlərin birində H.Əliyev məndən Litvada yaşayan türk etnosu - karaimlər haqqında nəsə bilib-bilmədiyimi soruşdu. Mən ona özümün də əslən karaim olduğumu bildirdim. Söhbətimiz bundan sonra daha səmimi oldu." - deyə H.Kobetskayte xatırlayır.

Mövzu açılmışkən daha bir maraq oyadan faktı qeyd etmək istərdik ki, H.Əliyev 1966-cı ildə Litvanı ziyarət edərkən, bu xalqın azadlığa olan doğal təşnəsi, burada hökm sürən və bir çox sovet respublikalarından fərqlənən demokratiya şəraiti onun diqqətini çəkmişdi. Belə ki, o, bu səfər əsnasında həmçinin Kaunas şəhərində olmuş və buranın baş xiyabanında - Azadlıq alleyasında ("Laisves aleja") yerləşən məşhur "Tulpe" kafesində nahar edən zaman, qonşu stolda sadə müştərilərlə oturub qəhvə içən ünlü siyasi xadimi - Litva KP MK-nın 1-ci katibi Antanas Sneçkusu (1903-1974) şəxsi mühafizəçiləri olmadan görüb təəccüblənmişdi. Təvazökar davranışı ilə seçilən A.Sneçkusun belə azad şəraitdə insanlarla səmimi ünsiyyətdə olması H.Əliyevdə xoş təəssürat qoymuş və o, bunu hələ o zaman Litva ictimaiyyətində hökm sürən daxili sərbəstlik və mənəvi azadlıq təzahürü kimi dəyərləndirmişdi. H.Əliyevin A.Sneçkusla ilk şəxsi tanışlığı da elə burada baş tutmuşdu. Bu, sadəcə bir tanışlıq deyildi. H.Əliyev sonralar vurğulayırdı ki, Sneçkusun "öz xalqının maraqlarını sovet ideologiyası çərçivəsində qorumaq bacarığı" onda böyük təəssürat yaratmışdı.

Sözarası bunu da deyək ki, SSRİ çərçivəsində 1969-cu ildən sonrakı Litva-Azərbaycan iqtisadi, ictimai və mədəni əlaqələrində müəyyən bir yüksəliş hiss olunurdu. Düşünürük ki, bu canlanmanın yaranmasında Azərbaycan və Litva sovet respublikalarının o zamankı rəhbərləri H.Əliyev və A.Sneçkus arasında 1966-cı ildə Kaunasda yaranmış əlaqələr və etibara əsaslanan şəxsi münasibətlər də müəyyən rol oynamışdır. Bunu A.Sneçkusun 1970-ci il oktyabrın 3-də Azərbaycanda "Kommunist" qəzetində çap olunmuş və aşağıda sitat gətirilən bir məqaləsində də duymaq olar: 

"Azərbaycan və Litva bir-birindən coğrafi cəhətdən uzaqdır, lakin biz bir-birimizlə qırılmaz tellərlə bağlıyıq. Yaxın və səmərəli əlaqələrimizi, qarşılıqlı anlaşma və dostluq münasibətlərimizi sübut edən diqqətçəkən misallar gətirmək olar. İqtisadiyyat və təsərrüfat sahələrində qarşılıqlı yardım, geniş mədəni və mənəvi sərvətlər mübadiləsi, elmi əlaqələr bu qəbildəndir".

Kaunasdakı “Tulpe” kafesi və bu kafenin yerləşdiyi Azadlıq alleyasının görüntüləri (XX əsrin 60-cı illəri).  

Heydər Əliyevin Litva ilə bağlı xatirələrində adıkeçən "Tulpe" kafesi o dövrdə sadəcə bir iaşə obyekti deyil, həm də milli ruhlu Litva ziyalılarının və azad düşüncəli sənət adamlarının toplandığı kulturoloji məkan idi. H.Əliyevin A.Sneçkusu məhz orada və mühafizəçisiz görməsi, onun üçün Litvadakı mənəvi azadlıq mühitini vizuallaşdıran, daxili bağlılıq yaradan və mədəni yaxınlığı təmin edən bir amil olmuşdu. O, bu barədə xatirələrini 2002-ci il aprelin 9-da və sentyabrın 26-da Bakıda Litvanın Xarici işlər naziri Antanas Valyonisin və Ədliyyə naziri Vitautas Markyaviçyusun başçılığı ilə Litva rəsmi nümayəndə heyətlərini qəbul edən zaman onlarla olmuş söhbətlərində paylaşmış və Litvadakı demokrtiya mühitinin Avropa standartlarına yaxın olduğunu vurğulayaraq demişdir:

"Litvada olduğum vaxtları xatırlayaraq bildirmək istəyirəm ki, mən respublika DTK-sının sədri işləyəndə litvalı həmkarım məni ora dəvət etmişdi (o zaman Litva SSR DTK-nin sədri, general mayor Alfonsas Randakyaviçyus (1919-1978) idi - M. H.). Mən ailəmlə Litvaya getdim. Kommunist rejimi olmasına baxmayaraq, oradakı vəziyyət xoşuma gəldi. Baltikyanı respublikalardakı vəziyyət SSRİ-nin digər respublikalarında hökm sürən vəziyyətdən fərqlənirdi. Ora daha çox Qərbə bənzəyirdi. (...) İndi Azərbaycan və Litva müstəqil dövlətlər olaraq, müstəqilliyi möhkəmlətmək və inkişaf etdirmək, dünya iqtisadiyyatına, Avropa və dünya birliyinə inteqrasiya etmək, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti qurmaq kimi oxşar amallar güdür". 

Qeyd edək ki, H. Əliyevin bu xatirələri ilə bağlı 2002-ci ildən başlayaraq Litvanın mərkəzi mətbuatında bir neçə yazı dərc olunmuşdur. Sabiq Xarici işlər naziri A.Valyonis H.Əliyevlə olmuş görüşləri ilə bağlı 2023-cü ildə litvalı jurnalist və siyasi şərhçi Tomas Çivasa verdiyi müsahibəsində qeyd edir ki, "H.Əliyevin 1990-cı ildə Litvaya göstərdiyi siyasi dəstək onun cəsarətindən, iti zəkasından və uzaqgörənliyindən xəbər verir. O, Moskvadan qayıtdıqdan sonra Bakıdan müvəqqəti uzaqlaşdırılsa da, zənnimcə, hələ o vaxt özünü Azərbaycanın lideri kimi görürdü. Həm də Azərbaycanın o zaman üzləşdiyi çağırışları və təhlükələri dəf etmək üçün çox güman ki, onun çevik avtoritar idarə üsulu lazım idi".

2002-ci ildə Azərbaycana səfərdən sonra Heydər Əliyevin Litva ilə bağlı xatirələri haqqında mətbuatda maraqlı tarixi açıqlamalar vermiş Litva dövlət rəsmiləri - Xarici işlər naziri Antanas Valyonis və Ədliyyə naziri Vitautas Markyaviçyus. 

Jurnalist R.Stasyalis isə Tomas Çivasın ondan aldığı müsahibədə A.Valyonisdən fərqli olaraq qeyd edir ki, "H.Əliyev 1990-cı ilin yayında ona müsahibə verərkən, o vaxt SSRİ-də hələ hər şeyin necə bitəcəyi əsla aydın deyildi, - Bakıda artıq qan tökülmüşdü, 1991-ci il Vilnüs Yanvar hadisələri isə hələ "yetişməkdə" idi. Odur ki, H.Əliyevin hələ 1990-cı ildə özünü Azərbaycan prezidenti kimi görüb-görmədiyini dəqiq söyləmək çətindir. Həm də H.Əliyev onda Naxçıvanda sanki siyasi sürgündə idi. O, Moskvada malik olduğu hər şeydən imtina edərək Azərbaycana qayıdanda, o vaxtkı moskvapərəst hakimiyyət onu burda qəbul etmədi. Buna görə o, öz ata yurduna qayıtdı, Naxçıvanın rəhbəri oldu. Sonradan baş vermiş silahlı qiyamdan sonra isə Bakıya qayıtdı və prezident seçildi."

R.Stasyalis sonra xatırlayır ki, onda H.Əliyevin Naxçıvanda keçirilən seçkiqabağı mitinqində on minlərlə insan iştirak etmişdi və bundan bir qədər sonra o, burada onunla görüşüb müsahibə almağa nail olmuşdu. H.Əliyev hələ onda Litva jurnalistinə cəsarətli açıqlama vermişdi ki, Azərbaycan da Litva kimi eyni azadlıq yolu ilə getməlidir. Məhz bu açıqlamadan sonra R.Stasyalis ona Litva Respublikasının 1938-1940-cı illərdə xarici işlər naziri olmuş Yuozas Urbşisin (1896-1991) xatirələrindən belə sitat gətirmişdi: - "SSRİ-nin hər bir ittifaq respublikasında ona görə Kommunist partiyası vardır ki, bu respublikalar heç vaxt Sovet İttifaqından ayrılmaq barədə düşünməsinlər." Y.Urbşis bir müddəanı Stalinin müvafiq fikrinə istinadən xatirələrində ifadə etmişdi. R.Stasyalis bu məsələdə Stalinin haqlı olub-olmadığını soruşanda H.Əliyev ona dedi: "Stalin dövründə o cür Kommunist partiyası vardı. Bu partiya bütünlüklə Stalinə tabe idi. O dövrün reallığı belə idi. Bu gün isə bütün xalqların öz müqəddəratını təyin etmək reallığı yaranmışdır."

Yeri gəlmişkən, R.Stasyalis T.Çivasa verdiyi müsahibəsində daha sonra vurğulayır ki, onun H.Əliyevdən aldığı müsahibə sonradan onun oğlu - Azərbaycanın indiki prezidenti İlham Əliyevlə görüşmək üçün uğurlu bilet rolunu oynadı: - "Səhv etmirəmsə 2007-ci ildə, Litvanın "Biznes klass" adlı nəşri üçün müsahibə almaq istədiyim ünlü şəxslərin siyahısını tutmuşdum. Mövzu neft, enerji resursları və s. bu kimi məsələlərlə bağlı idi. İ.Əliyev də bu siyahıda vardı. Əvvəlcə mənə dedilər ki, onunla görüşü reallaşdırmağa heç bir imkan yoxdur. Çünki o, artıq iki ildir ki, heç kimə müsahibə vermir. Lakin mən Heydər Əliyevdən müsahibə aldığımı deyəndə, cümə günü mənə dedilər ki, bazar ertəsi Bakıda olmalıyam. Texniki cəhətdən bunu belə tez bir zamanda etmək elə də asan iş deyildi. O zaman hiss etdim ki, atasının həm Moskvada, həm də Bakıdakı hakim dairələrdə qeyri-rəsmi olaraq arzuolunmaz elan olduğu vaxtda Naxçıvana gedib ondan müsahibə götürməyim İlham Əliyev üçün çox rəmzi və mühüm əhəmiyyət kəsb edir", - deyə R.Stasyalis  xatırlayır.

Prezident İlham Əliyev 2007-ci ilin sentyabr ayında litvalı jurnalist Ritas Stasyalisi qəbul edərkən.

İndi isə yenidən müstəqilliyin ilk dövrünə qayıdaq. H.Əliyev, 11 mart 1990-cı ildə Litva dövlət müstəqilliyinin bərpa olunmasını litvalı jurnalistlərə verdiyi müsahibələrində Litva xalqının tarixi nailiyyəti kimi salamlayıb, bunu taleyüklü önəm kəsb edən məntiqi addım adlandırıb və o vaxtkı Litva Respublikası Ali Sovetinin fəaliyyəti ilə bağlı bəzi fikirlərini açıqlayıb, O, həm də Kreml və şəxsən prezident M.Qorbaçov tərəfindən Litvaya qarşı irəli sürülən ultimatumları, müstəqillik yolunda qurulan iqtisadi və siyasi kəndirləri qəti şəkildə pisləyib. Bu, onun Litva xalqına verdiyi sadəcə bir dəstək deyil, həm də imperiya buxovlarına qarşı ucalan etiraz səsi idi.

H.Əliyev həmçinin həmin müsahibələrində Azərbaycan SSR-in SSRİ-nin tərkibindən çıxmasının labüdlüyünü özəlliklə nəzərə çatdırırdı, bunu tarixi bir zərurət adlandıraraq, Litva nümunəsinin Azərbaycan üçün milli məqsədə çevrilməsinin əhəmiyyətini qeyd edirdi. O, müstəqil Azərbaycan dövlətinin və demokratik dövlətçilik ənənələrinin bərpa edilməsini o zaman qarşıda duran ən vacib milli məram olduğunu xüsusilə vurğulayırdı.

Bununla yanaşı, müsahibələrdə Naxçıvan Muxtar Respublikasının adındakı "Sovet Sosialist" söz birləşməsindən imtina edilib tarixin arxivinə göndərilməsi, Naxçıvan MR Ali Sovetinin Ali Məclis adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bu Muxtar respublikanın rəsmi bayrağı olaraq qəbul edilməsilə bağlı H.Əliyevin gördüyü işlər və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması yolunda göstərdiyi fəaliyyət barədə tarixi bilgilər də öz əksini tapıb.

1990-1993-cü illərdə Litva oxucularına təqdim olunan bu tarixi müsahibələr o zaman Azərbaycan üçün pəncərə rolunu oynayırdı. Bunlar sadəcə informasiya mübadiləsi deyil, həmçinin Kremlin 20 Yanvar cinayətlərini və Qarabağ həqiqətlərini Baltik xalqlarına çatdıran siyasi manifestlər idi. Odur ki, Azərbaycanın informasiya blokadasında boğulduğu, həmin həqiqətlərin dünyadan gizlədildiyi bir vaxtda, Heydər Əliyevin o vaxtkı müsahibələri Baltik ölkələrində real vəziyyətin güzgüsünə çevrildi.

Beləliklə, zənnimizcə sözügedən müsahibələr və təqdim olunan digər tarixi faktlar Heydər Əliyevin ictimai-siyasi portretini yeni cizgilərlə zənginləşdirir, eyni zamanda onun Litva vektorundakı fəaliyyətinin həm qlobal siyasət, həm də retrospektiv kontekstdə yaddaqalan mənzərəsini yaradır.

Naxçıvan - Klaypeda - Vilnüs -

Bakı, 1990-2026-cı illər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
525.az

1Mənbələr