Vaşinqton, 8 may, AZƏRTAC
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasına ev sahibliyi etməsi ilə əlaqədar AZƏRTAC-a müsahibə verib.
Müsahibəni təqdim edirik.
- Sizin fikrinizcə, hazırda dünyada şəhərlərin və icmaların üzləşdiyi ən təxirəsalınmaz qlobal problemlər hansılardır? Xüsusilə mənzil təminatı, şəhərsalma, iqlim dəyişikliyi və sosial bərabərsizlik sahələrində hansı əsas çağırışlar mövcuddur?
- Düşünürəm ki, bütün bunları insanların yaşayış şəraiti ilə bağlı olan əsas çağırış altında birləşdirmək olar. Qlobal mənzil böhranına baxsaq, hazırda 300 milyon insan evsiz şəraitdə yaşayır, üç milyard insan qeyri-adekvat mənzil şəraitindədir və bir milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Mənzil məsələsi hazırda qarşılaşdığımız şəhərsalma problemlərinin mərkəzində dayanır, eyni zamanda, iqlim böhranı ilə sıx şəkildə əlaqəlidir. İqlim hadisələrini düşünün, yanğınlar, torpaq sürüşmələri, daşqınlar. Bu hadisələrin təsirini, ilk növbədə, təhlükəli və qeyri-sabit yaşayış şəraiti olan insanlar hiss edirlər. Hətta şəhərlərdə baş verən istilik dalğaları kimi iqlim dəyişikliklərinin təsirləri də ən çox və ilk olaraq həssas vəziyyətdə yaşayan insanlara təsir göstərir. Digər tərəfdən, yeni mənzillərə olan ehtiyac və yeni evlərin tikilməsi məsələsi şəhərlər üçün ciddi çağırışdır. Çünki tikinti üsulundan asılı olaraq həm təbii resurslara, həm də karbon emissiyalarına təsir göstərir.
Bu səbəbdən hesab edirəm ki, mənzil və adekvat yaşayış şəraiti hazırda dünyanın üzləşdiyi şəhərsalma problemlərinin əsas mərkəzində dayanır.
- Hökumətlər, beynəlxalq təşkilatlar və yerli icmalar artan bu qlobal problemlərin həlli istiqamətində hansı konkret addımları atırlar və hansı istiqamətlərdə hələ də ciddi boşluqlar qalmaqdadır?
- Burada bir neçə fəaliyyət istiqaməti var. Birinci istiqamət maarifləndirmədir - məlumatların yayılması, kommunikasiya və cəmiyyət daxilində müzakirələrin təşviqi.
İkinci istiqamət normativ fəaliyyətlərdir. Yəni bu problemlərin həlli üçün siyasət tövsiyələri üzərində razılığa gəlməkdir. Bu baxımdan UN-Habitat mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupunun fəaliyyətini dəstəkləyir və əlaqələndirir.
Digər mühüm istiqamət isə texniki yardım və bilik mübadiləsidir. Biz dərhal yerində fəaliyyət göstərməliyik, artıq daha çox gözləmək mümkün deyil. Yerlərdə həyata keçirilən layihələr insanların həyatını qorumağa, icmaların dayanıqlılığını artırmağa xidmət etməlidir. Bununla yanaşı, uzunmüddətli planların, sistemli siyasət dəyişikliklərinin, müvafiq qanunvericiliyin və yerli səviyyədə düzgün planlaşdırma sistemlərinin hazırlanması da vacibdir. Ən əsası isə hamının ortaq siyasət tövsiyələri istiqamətində razılığa gəlməsidir.
- Ümumdünya Şəhərsalma Forumu qlobal problemlərin həlli, dayanıqlı şəhər inkişafının təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından hansı rolu oynayır?
- Qeyd etdiyim bütün məsələlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (World Urban Forum - WUF) müzakirə olunacaq. WUF13 qlobal mənzil böhranı və şəhərsalma problemləri ilə mübarizə üçün məlumatlandırma, kommunikasiya, maarifləndirmə və qlobal koalisiyanın qurulması baxımından əsas platforma olacaq.
Forum çərçivəsində normativ məsələlər və siyasət tövsiyələri də müzakirə ediləcək. Dediyim kimi, mənzil məsələləri üzrə Açıq Tərkibli İşçi Qrupuna WUF13-ün ev sahibi olan Azərbaycan və Somali birlikdə həmsədrlik edir. WUF13 zamanı iqlimə davamlı mənzillərlə bağlı siyasət tövsiyələri ilə bağlı da müzakirələr aparılacaq. İlk dəfə olaraq Mənzil Təcrübələri Mərkəzi yaradılacaq. Bu təşəbbüs Açıq Tərkibli İşçi Qrupunun fəaliyyəti ilə bağlıdır. Gözlənilən nəticələrdən biri mənzil təcrübələri və uğurlu nümunələr platformasının yaradılmasıdır. Bu platforma WUF13 çərçivəsində təqdim ediləcək. Biz, həmçinin universitetlər və tərəfdaşlar ilə birlikdə təlim və potensialın inkişafı mərkəzi üzərində işləyəcəyik ki, dövlət, özəl və sosial sektorlarda mənzil böhranının həlli üçün lazım olan bacarıqlar inkişaf etdirilsin.
Bundan əlavə, nazirlər səviyyəsində də müzakirələr keçiriləcək. İlk dəfə olaraq Azərbaycan Ümumdünya Şəhərsalma Forumuna liderləri cəlb edir.
Beləliklə, WUF13 həm də siyasi səviyyədə mənzil və şəhər məsələlərinin inkişaf gündəliyinin mərkəzinə gətirilməsi üçün vacib platforma olacaq. Ümumilikdə isə bu Forum insanların görüşdükləri, təcrübə və bilik mübadiləsi apardıqları, yeni tərəfdaşlıqlar qurduqları açıq məkana çevriləcək. Bu, həm UN-Habitat üçün inkişaf platforması, həm də qlobal urbanizasiya ictimaiyyəti üçün imkan yaradan bir mühitdir.
- Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyini necə qiymətləndirirsiniz və bunun regional və qlobal dayanıqlı şəhər inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan burada həqiqətən mühüm rol oynayır. İlk növbədə, Azərbaycan həm regional, həm də qlobal tərəfdaşları bir araya gətirir. Qeyd etdiyim kimi, ilk dəfə olaraq Bakıda Liderlər Sammiti keçiriləcək və burada yüksəksəviyyəli iştirakın təmin olunması bizim üçün strateji əhəmiyyət daşıyır. Biz yaxın zamanda Şərqi Avropaya və Mərkəzi Asiyaya həsr olunmuş yeni UN-Habitat ofisi açmışıq və bu ofis İstanbulda yerləşir. Buna görə də regiondakı tərəfdaşlıqlarımızın gücləndirilməsi bizim üçün strateji baxımdan vacibdir. Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun hazırlıq prosesində çox yaxşı həmsədr və tərəfdaş olub. Eyni zamanda, Forumun Bakıda keçirilməsi və iştirakçıların Azərbaycanın gözəl paytaxtında qəbul olunması bu mühüm konfransa xüsusi dəyər qatır.
- Ümumdünya Şəhərsalma Forumu çərçivəsində Azərbaycanda hansı əsas istiqamətlərin və prioritetlərin müzakirə olunması gözlənilir? Azərbaycanın qlobal şəhərsalma problemlərinin həlli ilə bağlı təqdim etdiyi gündəliyi necə qiymətləndirirsiniz?
Düşünürəm ki, Azərbaycan həmsədr kimi həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur. Bakının özündə, xüsusilə Ağ Şəhər layihəsində şəhər transformasiyası sahəsində böyük təcrübə mövcuddur. Bu layihə iqlim və şəhərsalma gündəliklərinin kəsişdiyi nümunələrdən biridir. Azərbaycan, eyni zamanda, COP29-a ev sahibliyi edib, bu da ölkənin iqlim və dayanıqlılıq perspektivini daha da gücləndirir. Bu baxımdan Azərbaycan UN-Habitat müzakirələrinə iqlim dayanıqlılığı, yenidənqurma və bərpa sahələrində mühüm təcrübə gətirir. Bunlar Azərbaycanın öz təcrübəsinə əsaslanaraq gündəliyə təqdim etdiyi əsas mövzular və yanaşmalardır.