AZ

"Repetitor yanına getmirdim" - 300 bal toplayan Aydan

Dövlət İmtahan Mərkəzi martın 15-də keçirilən 11 illik buraxılış imtahanının nəticələrini açıqlayıb. 7 nəfər abituriyent maksimal 300 bal toplayıb. Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) şagirdi Aydan Gülalıyeva imtahanda 300 bal toplayaraq adını ölkə birinciləri sırasına yazdırıb.

Redaktor.az-a danışan Aydan uğurunun sirrini çox çalışmaqda gördüyünü deyir.

Aydan repetitor yanına getmədən hazırlaşdığını bildirib. Onun sözlərinə görə, liseydə aldığı təhsil və müəllimlərinin dəstəyi bu nəticədə böyük rol oynayıb:

“Liseydə oxuduğum üçün repetitor yanına getmirdim. Öncə valideynlərim, daha sonra isə müəllimlərim mənə hər zaman dəstək oldular”.

O, məktəbdən əlavə hər gün orta hesabla 5 saat dərs çalışdığını deyib. Aydan sosial şəbəkələrdən istifadə etmədiyini, boş vaxtlarını isə daha çox araşdırmalar aparmaqla keçirdiyini vurğulayıb.

Dediyinə görə, ən vacib məsələlərdən biri motivasiyanı itirməməkdir:

“Motivasiyadan düşəndə özümə “mən bacararam” deyə ruh verirdim”.

İmtahan günü həyəcan keçirmədiyini deyən Aydan nəticəsini öyrənəndə sevincini ilk olaraq ailəsi ilə bölüşüb. O hesab edir ki, uğurun əsas sirri davamlı zəhmət və məqsədə inanmaqdır.

Gələcək planlarından danışan Aydan hüquqşünas olmaq istədiyini bildirib. O, təhsilini Prezident yanında Dövlət İdarəçilik Akademiyasında davam etdirməyi arzulayır. Qarşısına qoyduğu növbəti məqsəd isə 11-ci sinifdə də maksimum nəticə əldə etməkdir.

Sonda isə yaşıdlarına belə səslənib:

“Ruhdan düşməsinlər, daha çox çalışsınlar. Mən hər zaman Vətənimə yararlı bir vətəndaş olmaq istəyirəm”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr