AZ

Azərbaycan–Aİ münasibətləri ortaq strateji maraqlar üzərində qurulan uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib - ŞƏRH

Bakı, 8 may, AZƏRTAC

Azərbaycanın həyata keçirdiyi bərabərhüquqlu, qarşılıqlı hörmət və milli maraqlara əsaslanan xarici siyasət kursu bu gün həm yaxın və uzaq qonşularımız, həm də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən və etimad doğuran siyasi model kimi qiymətləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasətin mərkəzində ilk növbədə dövlətin milli maraqları və Azərbaycan xalqının strateji mənafeləri dayanır. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət ölkəni beynəlxalq münasibətlər sistemində sözünə etibar olunan əsas aktorlardan birinə çevirib. Ümumiyyətlə, rəsmi Bakı istər ayrı-ayrı dövlətlərlə, istərsə də beynəlxalq qurumlarla münasibətlərini qarşılıqlı inam və faydalı əməkdaşlıq prinsipləri üzərində qurur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə münasibətlər xüsusi əhəmiyyət daşıyır.

“Azərbaycan bu gün Aİ ilə genişmiqyaslı və perspektivli əməkdaşlıq həyata keçirən əsas tərəfdaş ölkələrdən biridir. Ən vacib məqamlardan biri isə odur ki, bu əməkdaşlıq prosesində Azərbaycanın milli maraqları və suveren qərarvermə prinsipi daim qorunur. Məhz bu reallıqlar fonunda Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri xüsusi diqqət mərkəzində oldu və tərəflər arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini bir daha nümayiş etdirdi. Kaya Kallasın səfəri göstərdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər artıq təsadüfi və ya müvəqqəti əməkdaşlıq mərhələsini geridə qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son illərdə Avropa Parlamentində müəyyən anti-Azərbaycan dairələrinin müxtəlif təxribat xarakterli təşəbbüslərinə baxmayaraq, həmçinin Brüssel daxilində zaman-zaman fərqli yanaşmalar müşahidə olunsa da, münasibətlərin real istiqamətini məhz Aİ-nin qərarverici və icraedici strukturları formalaşdırır. Bu yanaşma isə Bakı ilə əməkdaşlığın daha da genişləndirilməsinə hesablanıb. Xüsusilə Avropa Komissiyası ilə Azərbaycan arasında enerji, nəqliyyat və təhlükəsizlik sahələrində formalaşmış dialoq mexanizmləri tərəflər arasında mövcud etimadın praktik göstəricisidir.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış edir. Azərbaycan qazının artıq 16 Avropa ölkəsinə çatdırılması, son olaraq Avstriya və Almaniya kimi böyük dövlətlərin də bu marşruta qoşulması Bakının strateji əhəmiyyətini daha da artırır. Aİ anlayır ki, qlobal geosiyasi risklərin artdığı mürəkkəb bir dövrdə Azərbaycan etibarlı və sabit tərəfdaş kimi xüsusi önəmə malikdir. Elə bu səbəbdən də Kaya Kallas kimi yüksək səviyyəli rəsmilər Azərbaycanı Avropa üçün vacib tərəfdaş adlandırırlar”, - deyə Nadir Azəri qeyd edib.

Siyasi şərhçinin qənaətinə görə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq yalnız diplomatik əlaqələr çərçivəsində deyil, ortaq strateji maraqlar üzərində qurulan uzunmüddətli tərəfdaşlıq modelinə çevrilib: “Mövcud geosiyasi reallıqlar göstərir ki, Bakı ilə Brüssel arasında əməkdaşlıq qarşıdakı dövrdə daha geniş strateji məzmun qazanacaq. Bu münasibətlərin dərinləşməsi həm Avropanın enerji və təhlükəsizlik maraqları, həm də Cənubi Qafqazda davamlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”.

 

Seçilən
26
1
azertag.az

2Mənbələr