AZ

Hantavirus təhlükəsi- Azərbaycana RİSK YARADIR?

Bəs bu virusun ölkəmizdə yayılma ehtimalı var? Məsələ ilə bağlı infeksion xəstəlikləri və klinik mikrobiologiya uzmanı həkim Vasif Əliyev Ajans.az-a açıqlama verib.  O bildirib ki, Argentinadan Afrikaya gedən kruiz gəmisində 8 nəfərin hantavirus infeksiyasına yoluxduğu deyilib. Bu virus gəmiricilərdən insanlara keçən virus xəstəliyidir. Əsasən gəmiricilərlə təmas zamanı, həmçinin onların ifrazat məhsullarının insan orqanizminə toxunması və ya hava-damcı yolu ilə udulması nəticəsində yayıla bilər. Həkim qeyd edib ki, Hantavirus yeni aşkarlanan viruslardan hesab olunsa da, onun “köhnə dünya” və “yeni dünya” hantavirusları olmaqla iki əsas növü mövcuddur. Bu növlər həm yayıldığı coğrafiyaya, həm də yaratdığı klinik əlamətlərə görə fərqlənir. Köhnə dünya hantavirusları əsasən Avropa və Asiya ölkələrində, xüsusilə Koreya və bəzi Asiya regionlarında yayılıb. Yeni dünya hantavirusları isə əsasən Amerika qitəsində müşahidə olunur. “Hazırda qeydə alınan yoluxmaların “Andes hantavirusu” olduğu bildirilir. Bu virus əsasən Argentina və Çilidə rast gəlinən növdür. Məlumata görə, yoluxan 8 nəfərdən 3-də ölüm halı qeydə alınıb və laborator analizlərlə təsdiqlənib. Mütəxəssislər bildirirlər ki, yeni dünya hantavirusları daha çox ağciyər problemləri və tənəffüs çatışmazlığı ilə özünü göstərir.”  Vasif Əliyev vurğulayıb ki, köhnə dünya hantavirusları isə əsasən yüksək hərarət və böyrək problemləri ilə müşayiət olunur. Lakin hantavirusa qarşı spesifik müalicə və ya tam təsirli vaksin mövcud deyil. Xəstələrə əsasən dəstəkləyici müalicə tətbiq edilir. Buna görə də qorunma tədbirləri xüsusi əhəmiyyət daşıyır. İnsanlara gəmiricilərdən, onların ifrazat məhsullarından və potensial yoluxma mənbələrindən uzaq durmaq tövsiyə olunur.

“Xarici ölkələrə səfər edən şəxslər getdikləri ölkələrin epidemioloji vəziyyətini nəzərə almalı, sanitariya və gigiyena qaydalarına ciddi əməl etməlidirlər.”deyə, infeksionist açıqlayıb.

Seçilən
28
Ajans.az

1Mənbələr