Dünyanın aparıcı avtomobil istehsalçısı "Toyota" İrandakı münaqişənin fəsadları nəticəsində təxminən 4,3 milyard dollar vəsait itirəcəyini proqnozlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yapon avtokonserni rüblük mənfəətinin demək olar ki, 50% azaldığını açıqlayıb və artan xərclər səbəbindən bu göstəricinin il boyu aşağı düşəcəyi barədə xəbərdarlıq edib.
Şirkət rəsmiləri bildirirlər ki, qlobal enerji böhranı fonunda qənaətcil hibrid avtomobillərə tələbat kəskin artıb. Konsernin proqnozuna görə, bu il hibrid modellərin satışı tarixdə ilk dəfə olaraq 5 milyon ədədi ötəcək. Lakin bu istiqamətdən gələn gəlirlər belə, Hörmüz boğazının bağlanması nəticəsində yaranan tədarük problemlərinin vurduğu zərəri kompensasiya etməyə kifayət etmir.
Hesabata əsasən, birinci rübdə şirkətin əməliyyat mənfəəti 3,6 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə azdır. Şirkət 2026-cı ilin yekununda ümumi mənfəətinin 19 milyard dollar olacağını ehtimal edir. Bu rəqəm analitiklərin əvvəlki proqnozlarından üç dəfə aşağıdır. Hesabatın dərcindən dərhal sonra şirkətin səhmləri 2,2% dəyər itirib.
Musavat.com
