AZ

Son günlər yayılan Hantavirus nədir və necə yayılır? – Təhlükəli virus barədə bilməli olduqlarınız

Son günlər hantavirus yenidən dünya mediasında müzakirə olunan viruslardan birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, nadir rast gəlinməsinə baxmayaraq, bəzi hallarda ağır fəsadlara səbəb ola bilən bu virusdan qorunmaq üçün məlumatlı olmaq vacibdir.

E-saglam.az hantavirusla bağlı mühüm məlumatları təqdim edir:

Hantavirus nədir?

Hantavirus əsasən siçan və siçovul kimi gəmiricilər vasitəsilə yayılan virus infeksiyasıdır. Virus bu heyvanların sidiyi, nəcisi və tüpürcəyi ilə ətrafa yayılır. Qurumuş ifrazatlar havaya qarışdıqda insan onu nəfəs yolu ilə qəbul edə bilər.

Bəzi hallarda çirklənmiş səthlərə toxunduqdan sonra əlin ağız, burun və ya gözlə təması da yoluxmaya səbəb ola bilər.

Virus daha çox haralarda yayılır?

Mütəxəssislərin sözlərinə görə, uzun müddət bağlı qalan və tozlu məkanlar daha riskli hesab olunur. Xüsusilə:

anbarlar,

zirzəmilər,

kənd evləri,

köhnə tikililər risk qrupuna daxildir.

Belə məkanlarda təmizlik zamanı maska və əlcəkdən istifadə etmək tövsiyə edilir.

Hantivirusun əlamətləri hansılardır?

Xəstəliyin ilkin simptomları qripə bənzəyir. Ən çox rast gəlinən əlamətlər bunlardır:

yüksək hərarət,

güclü halsızlıq,

əzələ ağrıları,

baş ağrısı,

ürəkbulanma.

Ağır hallarda nəfəs darlığı, ağciyər və böyrək problemləri inkişaf edə bilər.

Hantavirusdan necə qorunmaq olar?

Mütəxəssislər virusdan qorunmaq üçün gigiyena qaydalarına ciddi əməl etməyi vacib sayırlar. Bağlı və tozlu məkanlar təmizlənərkən həmin yerlər əvvəlcə dezinfeksiyaedici vasitə ilə isladılmalı, daha sonra silinməlidir.

Quru şəkildə süpürmək tövsiyə edilmir. Çünki bu zaman virus hissəcikləri havaya yayıla bilər.

Nə zaman həkimə müraciət edilməlidir?

Həkimlər hərarət, güclü halsızlıq və nəfəs darlığı kimi simptomlar müşahidə olunduqda vaxt itirmədən tibbi yardıma müraciət etməyi tövsiyə edirlər. Erkən diaqnoz və düzgün müalicə ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Könül Oruc

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr