AZ

Bakı diplomatlarını Ukraynadan çıxaracaqmı?

“Rusiya Xarici İşlər Nazirliyi mayın 9-da Moskvaya hücum olunacağı təqdirdə Kiyevə cavab zərbələri endirəcəyi barədə diplomatik missiyalara və beynəlxalq təşkilatlara nota göndərildiyini bildirib”.

Xəbər verildiyi kimi, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bildirib ki, Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə Rusiya Müdafiə Nazirliyinin mayın 4-də yaydığı xəbərdarlığın mətni göndərilib.

Notada qeyd olunur ki, Kiyev Moskvaya hücum planlarını həyata keçirəcəyi təqdirdə Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevə, o cümlədən qərar qəbulu mərkəzlərinə cavab zərbələrinin endirilməsi qaçılmaz olacaq. M.Zaxarovanın sözlərinə görə, bəyanata səbəb mayın 4-də İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Gününün qeyd edilməsini pozmaqla bağlı fikirləri olub. O vurğulayıb ki, Rusiya Müdafiə Nazirliyinin xəbərdarlığı məhz bu təhdidlərə cavab kimi yayılıb. Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, ölkənin xaricdəki diplomatik nümayəndəlikləri də Moskvanın mövqeyi barədə akkreditə olunduqları ölkələrə və beynəlxalq təşkilatlara əlavə məlumat verirlər. M.Zaxarova Rusiya tərəfinin bəyanatlarına çox ciddi yanaşmağa çağırıb.

Ermənistana

Musavat.com xəbər verir ki, Moskvada keçiriləcək qələbə paradına bir sutkadan az vaxt qalmağına baxmayaraq hələ ki, heç bir ölkə Kiyevdəki diplomatik nümayəndəliklərini çıxarmayıb və belə bir qərar qəbul edildiyini də açıqlamayıb.

O cümlədən, Azərbaycanın da Kiyevdəki diplomatik nümayəndəliyinin əməkdaşlarının təxliyə edilməsi barədə qərar verilməyib. Siyasi ekspertlərin fikrincə, ölkələrin Rusiyadan edilən çağırışa bu cür münasibəti 9 Mayda atəşkəsə həm Rusiyanın, həm də Ukraynanın əməl edəcəyinə inandıqları ilə əlaqədardır.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr