AZ

Onur Faydacı: "Azərbaycanda rəqəmsal ödənişlərin payı dünya ortalamasını üstələyib"

Azərbaycanda rəqəmsal ödənişlərin nisbəti qlobal orta səviyyəni ötüb və son onillikdə bu sahənin payı təqribən 10 %-dən 40-45 %-ə qədər artıb.

"Report" xəbər verir ki, bunu "MasterCard" beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə baş direktoru Onur Faydacı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") təşkilatçılığı ilə keçirilən "Azərbaycanda ilk Risk və Dayanıqlılıq Konfransı" adlı tədbirdə deyib.

Onun açıqlamasına əsasən, hazırda dünya miqyasında rəqəmsal ödənişlərin orta göstəricisi 40 % həddindədir və Azərbaycan bu rəqəmi artıq arxada qoyub: "Şimali Avropa dövlətlərində isə bu rəqəm 90-95 %-ə çatır. Artıq bəzi ölkələrdə nağd pulla ödəniş aparmaq belə mümkün deyil".

O. Faydacı vurğulayıb ki, rəqəmsallaşma prosesinin sürətlənməsi maliyyə qurumlarını daha böyük kibertəhlükəsizlik və dələduzluq riskləri ilə qarşı-qarşıya gətirir: "Telefonun istifadə tərzi, barmaq izi, məkan məlumatları kimi verilənlər əsasında əməliyyatlar dəyərləndirilir və risklər qabaqcadan aşkarlanaraq onların qarşısının alınmasına çalışılır. Süni intellektin təkamülü də maliyyə sahəsində yeni çağırışlara səbəb olur".

"MasterCard"ın baş direktoru hesab edir ki, son dövrdə generativ süni intellekt həyatı əhəmiyyətli dərəcədə dəyişib: "Gələcək 3-4 il ərzində qlobal ticarətin təxminən 30 %-ni süni intellektə əsaslanan agentlər reallaşdıracaq. Onlar insanlar üçün məhsul seçəcək, müqayisələr aparacaq və alış prosesini idarə edəcəklər".

O qeyd edib ki, bu proses risk və təhlükəsizlik yanaşmalarının yenidən formalaşdırılmasını zəruri edir: "İnnovasiya ilə tənzimləmə arasında tarazlıq qorunmalıdır. İnnovasiya həddindən artıq sürətlənsə risklər böyüyür, həddindən artıq sərt tənzimləmə isə texnologiyanın inkişafını ləngidir".

Seçilən
38
far.az

1Mənbələr