ABŞ-də Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri hantavirusla bağlı 3-cü səviyyəli fövqəladə vəziyyət elan edib. Risk aşağı olsa da, virusun yayılması ehtimalı nəzarətdə saxlanılır və qabaqlayıcı tədbirlər görülür.
Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.
O bildirib ki, hantavirusa baxarkən ilk növbədə onun mənbəyini və yayılma yollarını araşdırmaq lazımdır. Hantavirus daha çox siçanlar və siçovullar vasitəsilə yayılır. Virus insanlara əsasən həmin gəmiricilərlə birbaşa və ya dolayı təmas nəticəsində yoluxur. Ümumiyyətlə, virusların bir qismi hava-damcı yolu ilə də yayıla bilir və bu da yoluxma riskini artıran amillərdən biridir.
İ. Hüseynli vurğulayıb ki, ilk növbədə xəstəliyin daşıyıcıları ilə mübarizə aparmaq lazımdır. Həmin daşıyıcılar daha çox qida sənayesində, anbarlarda müşahidə olunur. Xüsusilə, taxıl anbarlarında, ərzaq dükanlarında, eləcə də evlərin və binaların zirzəmilərində, padvallarında siçan və siçovullara daha çox rast gəlinir. Ona görə də, profilaktik addımlar məhz buradan başlamalıdır.
Müsahib qeyd edib ki, ölkənin gigiyena və sanitariya-epidemiologiya mərkəzləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi bu tip hallarla bağlı operativ və çevik fəaliyyət rejiminə keçməlidirlər.
Eyni zamanda, hantavirusa yoluxma halları ilə bağlı həm ev şəraitində, həm də stasionar və poliklinika şəraitində maarifləndirmə aparılmalıdır. İnsanlara izah olunmalıdır ki, hansı əlamətlər olduqda şübhələnmək lazımdır. Burada müxtəlif simptomlar var: temperaturun yüksəlməsi, boğaz, burun və ağız boşluğunda problemlər, eləcə də ümumi halsızlıq müşahidə oluna bilər.
Güclü əzələ ağrıları, halsızlıq, öskürək və yüksək temperatur kimi əlamətlər diqqətdə saxlanmalıdır ki, mümkün yoluxma halları vaxtında aşkarlansın. Eyni zamanda gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Havalandırma sistemləri düzgün işləməli, otaqlar mütəmadi olaraq havalandırılmalıdır. Virus daşıyıcıları ilə təmas isə minimuma endirilməlidir.
İlqar Hüseynli son olaraq vurğulayıb ki, koronavirus kimi geniş miqyaslı və ağır fəsadlar yaratmayan belə virus hallarında əsas yanaşma profilaktika və nəzarətdir. Bu cür qoruyucu və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi kifayət qədər effektiv nəticə verə bilər.
Piranə Xasiyeva