Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda son günlər yayılan naməlum xəstəlik sakinlər arasında təşviş yaradıb. İnsanlar yüksək hərarət, ürəkbulanma, qusma, ishal və şiddətli qarın ağrısından əziyyət çəkdiklərini deyirlər. Bir çoxunun sözlərinə görə, ev şəraitində müalicə nəticə vermir, vəziyyət yalnız xəstəxanada “sistem köçürüldükdən” sonra stabilləşir.
Bəs paytaxtda sürətlə yayılan bu infeksiya nədir — mövsümi virus yoxsa yeni qrip dalğası?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, sovet dövründə kəskin respirator xəstəliklər adı altında bir virus qrupu mövcud idi.
Xaricdə buna “cold disease”, yəni soyuqdəymə xəstəlikləri deyirlər: “Bu xəstəliklərin əsasını çoxsaylı viruslar təşkil edir. Bunlara metapnevmovirus, influensa, respirator-sinsitial virus, adenovirus və başqaları daxildir. Bu virusların hamısı tənəffüs yolu ilə yayılır və oxşar klinik əlamətlər yaradır. Belə ki, burun tutulması, nəfəs almaqda çətinlik, tənəffüs yollarının şişməsi, ağciyər pnevmoniyası və digər iltihabi xəstəliklər müşahidə oluna bilər”.
A.Qeybulla qeyd edib ki, son vaxtlar influensa virusunun yayılmasına daha çox rast gəlinir: “İnsanlar bir-birini yoluxdururlar. Soyuqdəyməyə isə çox vaxt adi yanaşırlar, xəstəliyi ayaqüstə keçirməyə çalışırlar. Bu da həm onların özləri, həm də ətrafdakılar üçün problem yaradır”.
Professor vurğulayıb ki, insanlar bir-birini qorumadıqda kollektivlərdə çox sayda yoluxma baş verir: “Xüsusilə şadlıq evlərində, konfrans zallarında, tələbə auditoriyalarında və ictimai nəqliyyatda sıx təmasların olması infeksiyanın yayılması üçün əlverişli şərait yaradır”.
Oğuz Ayvaz
AzPolitika.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.