ABŞ-da federal məhkəmə Tramp administrasiyasının tətbiq etdiyi 10 faizlik qlobal gömrük tarifələrinin qanunsuz olduğuna qərar verib. Sözügedən tarifələr ABŞ Ali Məhkəməsinin əvvəlki qərarından sonra qüvvəyə minmişdi.
Editor.az xəbər verir ki, Nyu-Yorkda yerləşən ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni qlobal gömrük tarifələri ilə bağlı iddiaya baxaraq mühüm qərar qəbul edib. Üç hakimdən ibarət məhkəmə kollegiyası 10 faizlik müvəqqəti qlobal tarifələrin “qanunsuz” və “qanunla səlahiyyətləndirilməmiş” olduğunu bildirib.
Vaşinqton ştatı və iki kiçik şirkət tərəfindən qaldırılan iddia üzrə məhkəmə heyəti 2-yə qarşı 1 səs çoxluğu ilə qərara gəlib ki, Tramp Konqresin prezidentə verdiyi səlahiyyətlərin hüdudlarını aşıb. Fərqli mövqe sərgiləyən hakim isə mövcud qanunun prezidentə tarifələr məsələsində daha geniş səlahiyyət verdiyini müdafiə edib.
Qeyd edək ki, həmin tarifələr ABŞ Ali Məhkəməsinin bu ilin fevral ayında Trampın ötən il demək olar ki, bütün ölkələrə tətbiq etdiyi genişmiqyaslı tarifələri ləğv etməsindən sonra qüvvəyə minmişdi. Tramp administrasiyası bu dəfə 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsaslanaraq 10 faizlik müvəqqəti qlobal tarifələri tətbiq etmişdi. Tarifələrin 24 iyul tarixində qüvvədən düşməsi planlaşdırılırdı.
//Gülnarə Abasova, Editor.az